Bəzi neqativlər yox olacaq – Tanınmış ekspert “exchange”lərin bərpası məsələsinə münasibət bildirib

    6

    “Valyutadəyişmə məntəqələrinın fəaliyyətinin qısa müddət sonra bərpa ediləcəyi gözlənilir. Bir il öncə valyutadəyişmə məntəqələri ləğv edilən zaman bunun doğru addım olmadığı bildirərək, bu xidməti bərpa etməyin vacibliyini bildirmişdik”.

    Hurriyyet.org xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov bildirib: “Hətta ötən ilin payızında valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpası ilə bağlı təkliflərimizi də hökumətə təqdim etdik. Valyutadəyişmə məntəqələri o zaman “qara bazar” ilə əlaqələndirilirdi, amma nəticədə bu məntəqələr bağlanandan sonra “qara bazar çiçəklənməyə” başladı. Valyutadəyişmə məntəqələrinin olmaması “qara bazar”ın inkişafına gətirib çıxardı. Digər baxımdan, valyutadəyişmə məntəqələrinin işləməsi 6 min iş yeri demək idi. Bu məntəqələr ləğv edilən zaman məhz 6 min iş yeri bağlandı. Bu baxımdan, valyuta dəyişmə məntəqələrinin bərpası həm də yeni leqal iş yerləri deməkdir”.

    “““Səbəblərdən biri valyuta dəyişmə məntəqələrinin yoxluğu nəticəsində rəqabətin zəif olması idi”

    Bayramov qeyd edib ki, əksər bankların alış və satış kursu arasında fərq yenə də var: “Fevral ayının əvvəllərində manat möhkəmlənməyə başlayanda manatın və ya dolların alış kursu ilə satış kursu arasında hər 100 dollarda təxminən 20 manat fərq var idi. Əslində, səbəblərdən biri məhz valyuta dəyişmə məntəqələrinin yoxluğu nəticəsində rəqabətin zəif olması idi”.

    “Qara bazar”da valyutanın alış-satış kursu əksər banklara nisbətən daha münasibdir”

    “Qəribədir ki, hətta qeyri-leqal fəaliyyət göstərən “qara bazar”da valyutanın alış-satış kursu əksər banklara nisbətən daha münasibdir. Bu isə ondan xəbər verir ki, valyuta dəyişmə məntəqələrinin bərpası qeyri-leqal bazarda çalışanların fəaliyyətinin leqallaşdırılmasına imkan verəcək. Valyutadəyişmə məntəqələri ləğv edilən zaman orada işləyənlərin əksəriyyəti “qara bazarda“ fəaliyyət göstərirdilər.

    Artıq onlar valyutadəyişmə məntəqələrinə qayıdacaqlar, leqal şəkildə fəaliyyət göstərəcəklər. Bir il öncə “qara bazar”ın yaranmaması üçün valyuta dəyişmə məntəqələrinin ləğv edildiyi bildirilsə də, əslində, indi bu məntəqələr “qara bazarı” ləğv etmək üçün bərpa edilir. Valyutadəyişmə məntəqələrinin yenidən fəaliyyəti imkan verəcək ki, insanlar asan, sərbəst şəkildə – şənbə, bazar, bayram günlərinə baxmadan gedib pullarını dəyişə bilsinlər. Bu baxımdan, əslində, bir il öncə ləğvinə ehtiyac olmayan məntəqələrin daha tez fəaliyyətə başlamasına ehtiyac var idi”, – deyə iqtisadçı vurğulayıb.

    Şamo, Hurriyyet.org