Tağıyevin toxuculuq kombinatı talan olunub, yataqxanası çökür – Heykəlini isə gedər-gəlməzə aparıblar…

    12

    “Hürriyyət”in ötən sayında dərc olunan “Bura xəstəxana deyil, xəstəlik mənbəyidir” başlıqlı yazıda dövrünün tanınmış xeyriyyəçi milyonçusu Hacı Zeynalabdin Tağıyevin 1898-ci ildə inşa etdirdiyi, 1928-ci ildən xəstəxana kimi fəaliyyət göstərən Xətai rayon 20 saylı xəstəxanasının antisanitariya, təmirsiz vəziyyətdə olmasından bəhs olunub. Yazıda 20 saylı xəstəxanın yaxınlığında Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi toxuculuq kombinatının da baxısmsız qalmasına toxunulub.

    Tağıyevin ən böyük mirası olan toxuculuq kombinatı…

    Vikipediya məlumatlarında qeyd edilir ki, Tağıyev bu kombinatı 1897-ci ildə neft mədənlərini Britaniya şirkətlərindən birinə satdıqdan sonra qeyri-neft sektoruna sərmayə qoyarkən tikdirib. Onun inşa etdirdiyi Bakı Toxuculuq Fabriki Azərbaycanda yeni istehsal sahəsində başlanğıc olur. Toxuculuq fabrikini xammalla təmin etmək məqsədilə Zeynalabdin Tağıyev Yevlax rayonunda pambıq əkini üçün torpaq sahəsi alır və 1909-cu ildə Cavadda pambıqtəmizləmə zavodu tikdirir.

    …talan olunub, dağıdılıb, yerindəki kiçik sexdə tualet kağızları hazırlanır

    SSRİ dövründə bütün sahələr sovetlərin qurucusu Vladimir İliç Leninin adına verildiyi kimi, Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi toxuculuq kombinatı da Leninin adını daşımağa başlayıb. Amma müstəqillik dövründə yenidən Tağıyevin adı bu müəssisəyə bərpa olunsa da, vaxtilə 7 min işçisi olan bu kombinatda indi sanki həyat dayanıb. Böyük ərazini əhatə edən, möhtəşəm tikilidə gözəl memarlıq üslubu qalsa da, bir vaxtlar olan məhsuldarlıq dövründən əsər-əlamət qalmayıb. İzdihamlı, səs-küylü zavod dağılıb, indi yerində kiçik özəl sexlərdə köhnə mebellər təmir olunur, üzlənir və bir də tualet kağızları hazırlanır.

    Sakinlərin sözlərinə görə, toxuculuq kombinatından dəzgahlar, hissələr çıxarılıb, harasa daşınır. Onların fikrincə, baxımsız qalan müəssisəsinin əşyaları satılır, talan olunur.

    Aktrisa Amaliya Pənahova teatrını kombinata köçürür?

    Sakinlərdən biri söylədi ki, aktrisa Amaliya Pənahova bu günlərdə kombinatın girişindəki otaqlardan birinə teatrının əşyalarını daşıtdırıb: “Deyirlər, teatrın pal-paltarlarını ora yığdırıb”. Yerli əhali ümid edir ki, təyinatı üzrə fəaliyyətini dayandıran müəssisə bəlkə bundan sonra mədəniyyət müəssisəsi kimi yada düşər.

    Tağıyevin heykəlinə də qısqanc münasibət var: İllər öncə heykəl təmir adıyla götürülüb, hələ də yerinə qaytarılmayıb

    Kombinatın qarşısındakı kiçik parkda Azərbaycanın xeyriyyəçilik timsalı kimi Tağiyevin ucaldılan abidəsi bir neçə il əvvəl təmir adıyla götürülüb, yenidən yerinə bərpa ediləcəyi bildirilib. Bir müddət sonra yerində palma ağacı əkilib. Sakinlər Tağıyevin heykəlinə belə qısqanc münasibət göstərilməsinə narazılıq etdikdə, palma ağacı da kökündən qoparılıb, gövdənin yeri yandırılıb ki, pöhrə verməsin. İndi özülü belə saxlanmayan abidənin yerində quru kötük qalıb.

    Toxuculuq kombinatının yataqxanası da dağılır

    Tağıyevdən təkcə miras qalan toxuculuq müəssisəsi baxımsız deyil, toxuculuq kombinatının 1984-cü ildə inşa olunan 116 mənzillik yataqxanası da uçub dağılır. Xətai rayonu, Zığ yolu 9, bina 5-in sakinlərinin 100 nəfərlik imzası ilə “Hurriyyət” qəzetinin redaksiyasına daxil olan məktubda sakinlər yazır ki, su axıb zirzəmiyə dolur. Çünki su boruları köhnədir, çürüyüb sıradan çıxan borulardan su sızıb zirzəmilərə dolur.

    Zirzəmidəki üfunət baş çatladır

    Əraziyə getdikdə deyilən mənzərənin biz də şahidi olduq. Zirzəmidə zir-zibilə bulaşmış çirkab suların üfunət qoxusundan baş çatlayır. Sakinlər binanın zirzəmisinə bəzi girişləri pərdələyiblər ki, eyibləri ört-basdır eləsinlər. Amma antisanitariya vəziyyəti pərdələmək mümkün deyil. Hətta bəzi yerlərdə binanın özülü də dağılıb.

    Kor-kor, gör-gör..

    Sakinlər dedi ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti dairələrə mrüciət eləyib, məktub yollayıblar: “JEK” baxmır ki, “Azərsu”ya deyin. “Azərsu”dan yazılı cavab veriblər ki, baxış keçirilib, məktubda deyilən neqativ hal aşkarlanmayıb. Amma özünüz də şahidsiniz. “Kor-kor, gör-gör”. Necə ola bilər ki, bu boyda “neqativ hal” “Azərsu” işçilərinə görünməsin?!”

    Xətai RİH rəsmisi: “Lazımı şöbələrə məlumat veriləcək”

    Yuxarıda sadalanan məsələləri Xətai rayon İcra Hakimiyyəti səlahiyyətlilərinin nəzərinə çatdırmaq istədik. Bizi İH-nin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Rauf İbrahimovla əlaqələndirdilər. R.İbrahimov bizi dinləyib bütün problemləri qeydə aldığını, lazımı şöbələrə məlumat verəcəyini bildirdi.

    133 saylı “JEK”: bizlik deyil…

    Xətai rayon 133 saylı Mənzil Kommunal Təsərrüfat Birliyindən isə mühəndis Bülbül Dadaşov dedi ki, binanın zirzəmisinə məsuliyyəti “JEK” yox, “Azərsu” ASC daşıyır.

    “Azərsu” tədbir görəcəyini vəd etdi

    “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı isə məsələdən hali olunca, sakinlərin əlaqə nömrələrini götürdü və ded ki, araşdırma aparılıb, lazımı tədbir görüləcək.

    Sevil HİLALQIZI, Hurriyyet.org

    ““ ““ ““ ““ ““ ““