“Prezident olmazdan əvvəlki günlərimin həsrətindəyəm” – TRAMP

    3

    Hurriyyet.org xəbər verir ki, yanvarın 20-dəki andiçmə mərasimindən sonra prezidentlik kürsüsünə oturan Donald Trampın vəzifə başındakı ilk 100 günü bu gün başa çatır. Trampın son günlərdəki açıqlamalarında Ağ Evə gəlməzdən əvvəlki həyatdan ötrü darıxdığı hiss edilir.

    Tramp “Röyters” informasiya agentliyinə müsahibəsində xatirələrinə görə keçmiş həyatını sevdiyini bildirib. Prezident deyib: “Əvvəlki həyatımla müqayisədə indiki həyatım həddən artıq işləmək deməkdir. Daha asan olacağını fikirləşirdim”.

    Sosial şəbəkə istifadəçiləri Trampın “Keçmiş həyatımdan ötrü darıxıram” açıqlamasına şərhlər veriblər. Bəziləri Trampın bu çaşqınlığına mat qaldırlarını bildiriblər.

    “Tvitter” istifadəçilərində biri Trampın paylaşdığı hissləri başa düşdüyünü söyləyib və yazıb: “Elə mən də onun seçilməsindən əvvəlki həyatımı çox sevirdim”.

    Başqa bir istifadəçi isə yazıb: “İndiki həyatından əvvəl nə qədər qolf oynamışdı ki?”

    Trampın açıqlamasına gülən başqa bir şərhdə isə deyilir: “Dünyanın ən güclü millətini idarə etməyin bir şirkəti idarə etməkdən daha çətin olacağı kimin ağlına gələrdi ki?”

    Bəziləri isə Trampın çox da xoşuna gəlməyəcək tövsiyələr ediblər: “Lütfən, keçmiş həyatına qayıtmaqdan çəkinmə! Heç kim səni ittiham edə bilməz”.

    Bəziləri isə onun açıqlamasını səmimi qəbul etdiklərini və keçmiş realiti-şou aparıcısının yeni işində öyrənməsi lazım olan çox şey olduğunu bildiriblər.

    Bir istifadəçi isə “Dürüst etiraf”, – deyə, “Tvitter”də yazıb.

    Xatırladaq ki, keçmiş biznesmen Donald Trampın adı “Forbes” jurnalının “Dünyanın ən varlı 400 nəfəri” siyahısına düşmüşdü.

    Hurriyyet.org