Ərdoğan Soçiyə yollanıb: “Putinlə Suriyadan və ticarət əlaqələrindən danışacağıq”

    3

    Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putin ilə görüşü zamanı müzakirə edəcəyi əsas məsələlərdən danışıb.

    Ərdoğan görüşün əsas mövzusunun Suriya böhranının siyasi nizamlanması olduğunu söyləyib. O, Soçiyə uçan təyyarəyə minməzdən əvvəl deyib: “Sözsüz ki, danışıqlarda ən mühüm mövzu – Suriyadır. Suriyada qan tökülməsinin qarşısının alınması üçün biz birlikdə bir çox addımlar atmışıq. Məhsuldar əməkdaşlığımız var. Ümumi hədəfimiz – məsələnin siyasi yolla həll edilməsidir. Sülhə nail olmaq vacibdir. Bu danışıqların da məhsuldar olacağına ümid edirəm”.

    Digər mühüm məsələ – qarşılıqlı ticarət məhdudiyyətlərinin aradan qaldırılmasıdır. Ərdoğan bu məhdudiyyətləri “ən böyük əngəllər” adlandırıb.

    Ərdoğan deyib: “Bizim səylərimiz bu əngəlləri aradan qaldırılmağa yönəlib, hökumətlərimiz bunun üzərində işləyirlər. Bu prosesi sürətləndirməyin gərək olduğunu Putinə bir daha xatırladacağıam. Ticarət əlaqələrimizi bürokratiyaya qurban verməməliyik”.

    Qeyd edək ki, Suriyada Su-24 təyyarəsinin qəzaya uğramasından sonra, 2016-cı il yanvarın 1-dən etirbarən Rusiya Türkiyədən ərzaq məhsullarının idxalına embarqo qoymuşdu. Lakin Türkiyə ilə münasibətlərin normallaşmasından sonra bir sıra məhdudiyyətlər götürülüb. İndi Türkiyədən gələn dondurulmuş ət, toyuq, hind toyuğu məhsullarına, pomidora, xiyara, üzümə, almaya, armuda və çiyələyə olan qadağa qüvvədədir. Türkiyədə öz növbəsində martın 15-dən etibarən bəzi kənd təsərrüfatı məhsullarının, o cümlədən buğda və günəbaxan yağının idxal qaydalarını dəyişib. Rusiya isə gömrüksüz tədarük haqqına malik ölkələr siyahısına salınmayıb.

    Hurriyyet.org