Son dəqiqə… ABŞ sualtı nüvə qayığı yaxınlaşdı! Şimali Koreya yeni təlimlərə başladı

    9

    Hurriyyet.org xəbər verir ki, Şimali Koreya-ABŞ çəkişməsində yeni səhifə açılır.Təyyarə gəmisi regiona çatmadan sualtı nüvə qayığı Cənubi Koreya sahillərinə çatıb. Sualtı qayıqda nüvə raketləri ilə yanaşı, 154 “Tomahavk” raketi və 60 nəfər xüsusi təyinatlı hərbçi vardır. Bu hadisədən bir neçə dəqiqə sonra Şimali Koreyanın həqiqi mərmilərlə təlimlərə başladığı bəyan edilib.

    ABŞ və Şimali Koreyanı nüvə müharibəsinin astanasına gətirən gərginliyin sakitləşməsindən bir neçə gün sonra Pentaqonun Koreya yarımadasına göndərdiyi sualtı qayıq Busan limanına daxil olub. “USS Miçiqan” sualtı nüvə qayığının ilk fotoqrafları artıq bir neçə saatdır ki, dünya xəbər agentlikləri tərəfindən yayılır.

    “USS Karl Vinson” təyyarə gəmisi və digər hərbi gəmilər də qısa müddətə bölgəyə çatacaq.

    Şimali Koreya isə ölkə ordusunun qurulmasının 85-ci ildönümünü nəhəng bir hərbi təlimlə qeyd edir. Cənubi Koreya isə düşmən qardaşının həqiqi mərmilərlə Vonsan şəhəri ətrafında təlimlərə başladığı xəbərini təsdiqləyib.

    Rəsmi açıqlamaya görə, Cənubi Koreya ordusu Şimalın fəaliyyətini yaxından izləyir.

    Kim Çen Inın bayram tədbirləri çərçivəsində ballistik raket sınağı keçirməsi ehtimalı da mövcuddur. Aprelin 15-dəki “Günəş günü” bayramında bir raket sınaqdan keçirilmiş, lakin havaya atıldıqdan qısa müddət sonra partlamışdı.

    Bütün dünya ilə zarafat etdilər

    ABŞ prezidenti Donald Tramp “USS Karl Vinson” təyyarə gəmisinin sarvanı olduğu donanmanın Koreya sahillərinə göndərildiyini bildirdiyi zaman aləm qarışmışdı. Pxenyan hökuməti hərbi gəmilərə nüvə zərbəsi ilə cavab verəcəyini bildirmiş, bütün dünya narahatlıq içərisində qalmışdı. Lakin daha sonra ABŞ gəmilərinin əslində Koreya yarımadasına yollanmadığı aşkara çıxdı. Tərəflər gəmilərə görə bir-birinə təhdidlər yağdırdığı zaman, əslində gəmilər tamamilə tərs bir istiqamətdə irəliləyirdilər.

    Qarşılıqlı təhdidlər

    Tramp iqtidarı ABŞ-ın Şimali Koreyaya qarşı strateji səbrinin tükəndiyini dəfələrlə bildirib, məsələnin masanın üzərində olduğunu elan edib. Kim Çen isə Vaşinqtondan gələn hər bir açıqlamaya daha sərt bir cavab verib, ölkəsinin hər an müharibəyə hazır olduğunu söyləyib.

    Çin təşvişdə

    Narahatçılığın ən yüksək vəziyyətdə olduğu dövrdə sonuncusu dünən olmaqla, ABŞ və Çin arasında çoxsaylı görüşlər keçirilib. Vaşinqton, Pekin iqtidarından müttəfiqi Şimali Koreyaya təzyiq göstərməsini istəyir. Ötən həftələrdə Çinin rəsmi qəzetlərində açıq bir şəkildə Pxenyana xəbərdarlıq edən xəbərlər yerləşdirildi, Pekin qonşu ölkədən səhv buraxmamasını, nüvə fəaliyyətini dayandırmasını tələb edib.

    Üstəlik, Çin şərq qonşusunun sərhədinə 150 min hərbçi yerləşdirib. Rusiyanın da bölgəyə hərbçi yerləşdirdiyi barədə xəbərlər, təsvirlər yayıldı, lakin rəsmi Moskva bu xəbərləri təkzib etdi.

    Pxenyan hökuməti son günlərdə ard-arda rake sınaqları keçirdi və raketlərdən bəziləri Yapon dənizinə düşdü. Martın 6-da eyni zamanda havaya atılan 4 ədəd ballistik raket dənizə düşməzdən əvvəl təqribən min kilomet məsafə qət eləmişdi. Bu sınaqdan bir neçə saat sonra ABŞ Cənubi Koreyaya THAAD hava hücumundan müdafiə sistemi yerləşdirmişdi.

    Şimali Koreya axırıncı nüvə sınağını ötən il, sentyabrın 9-da keçirmişdi. BMT-nin qərarlarına görə, Şimali Koreyanın raket, yaxud da nüvə sınaqları keçirməsi qadağan edilib.

    Hurriyyet.org

    ““