“TÜRKİYƏ ORDUSU SƏNCARI ALARSA…“ – KORKODİNOV

    3

     

    Hurriyyet.org xəbər verir ki, rusiyalı siyasi şərhçi Denis Korkodinov öz şəxsi bloqunda Türkiyənin son günlərdə Suriyanın şimalında və İraqın şimal-şərqində terror təhlükəsinə qarşı apardığı hərbi əməliyyatlar barədə fikrini yazıb. Materialı nəzərinizə çatdırırıq:

    Türkiyənin yeni hərbi əməliyyatı

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2017-ci il aprelin 25-də Derik (Suriya) və Səncar (İraq) şəhərləri yaxınlığındakı kürd terror bazalarına aviazərbə endirməklə başa saldı ki, Ankara Yaxın Şərqdə yeni sərhəddənkənar hərbi əməliyyata başlayıb. Hazırda bu əməliyyatların konkret müddəti müəyyənləşdirilməyib. Lakin əməliyyatların məqsədi tamamilə aşkardır və Rojava ilə İraq Kürdistanı ərazilərində terrorçuların yuvalarını məhv etmək məqsədi güdür.

    2017-ci ilin avqustunda başlanmış “Fərat qalxanı” əməliyyatı güclü ictimai dəstək qazanmışdı,  əməliyyatın davam elədiyi müddət ərzində bu ictimai dəstək 75 faizdən aşağı düşmədi. Bu da öz növbəsində,  Türkiyənin yeni hücum əməliyyatları mərhələsinə qədəm qoymasına rəvac verməklə, bundan sonra da hərb səhnəsində uğurlarını inkişaf etdirməsinə zəmin yaratdı. Hər halda, sıravi türklər Rəcəb Ərdoğanın addımlarını böyük rəğbətlə qarşılayırlar. Bu özünü, türk liderin seçicilərin mütləq dəstəyini aldığı Konstitutsiya referendumunda xüsusilə aşkar göstərdi.

    Buna görə də, Ankaranın Suriya və İraq “səhnəsi”ndə yenidən fəallaşmasında heç bir gözlənilməzlik yoxdur.

    Yeni hərbi əməliyyat başlanan məqama qədər Türkiyənin dörd potensial hədəfi var idi. Bunlar, ilk növbədə Fərat çayının qərbindəki, şərqindəki və şimal-şərqindəki ərazilər idi. Bundan başqa, İraqın şimalındakı Səncar şəhəri də strateji səhətdən mühümdür. Bu sahələrin mühümlüyü YPG/PKK dəstələrinin həmin zonalarda yerləşməsindədir.

    Bununla yanaşı, Fərat çayının qərbindəki ərazilər hazırda, Rusiyanın nəzarətindədir. O isə, çətin ki, Ankaraya həmin regionda sərbəst hərəkət eləmək imkanı verərdi. Fəratın şərqindəki rayonlarda isə ABŞ qərar tutub və İŞİD-in “paytaxtı” Rakkaya hücumlara fəal şəkildə hazırlaşır. Bu səbəbdən də Ağ Ev, Türkiyəni öz nəzarəti altında olan ərazilərə buraxmaqla öz hərbi planlarını riskə atmayacaqdır. Həmin ərazilərdən Amerikanın hərbi aerodromlarının təşkili məqsədilə istifadə edilə bilər.

    Bunlara əsaslanaraq demək olar ki, qüvvələrin mövcud nisbəti şəraitində Türkiyə terrorçulara hücum əməliyyatlarını yalnız Fərat çayının şimal-şərqində (Derik şəhəri) və Şimali İraqda (Səncar) apara bilir.

    Əhalisinin əksəriyyəti yezidilərdən ibarət olan Səncar 2014-cü ilin avqustundan 2015-ci ilin noyabrına qədər İŞİD yaraqlılarının işğalı altında olub. Bu şəhər həm kürdlər, həm də türklər üçün strateji əhəmiyyət daşıyır. Təkcə ona görə yox ki, bu rayonda iri neft yataqları var, həm də ona görə ki, şəhərin ərazisindən keçən 47 avtostradası üzərində nəzarət həm İŞİD-in “paytaxt”ına, həm də Mosula birbaşa çıxış imkanı verir. Vaşinqtonun həmin istiqamətlərdəki hərbi əməliyyatlara xüsusi marağı nəzərə alınarsa, Türkiyənin Səncara hücumu Ağ Ev administrasiyasında həddən artıq narahatlıq yaradır, çünki, Rakkaya planlaşdırılan yürüş planını şübhə altına qoyur və Amerika ordusunun bölmələrini “Mosul əməliyyatı” gedişində manevr etmək imkanından məhrum edir.

    Bununla belə, Səncara hücum təkcə Rakka İlə Mosulu birləşdirən avtomagistralı yox, həm də hazırda İŞİD-in işğalı altında olan başqa bir şəhərə – Əl-Baaca gedən yolu tamamilə nəzarətə götürmək imkanı yaradır.

    Qeyd etməliyik ki, Səncarın strateji əhəmiyyətinə baxmayaraq, Telafer və Mosul şəhərlərindəki işidçilərin əks-hücumlarının qarşısını almaq üçün qabaqlayıcı hərbi tədbirlər görülməsə, onu öz əlində saxlamaq türk ordusu üçün olduqca çətin olacaq. Başqa sözlə deyilsə, Səncarı təmizlədikdən sonra Türkiyə regionu cəbhənin həmin istiqamətlərinin hücumlarından qorumaq üçün hücumlar təşkil eləməlidir. Bu isə Türkiyənin yeni hərbi əməliyyatının müddətini minimum 3-6 aya qədər uzadır. Bu müddət ərzində Türkiyənin aşağıdakı addımları atması zəruridir:

    1) Səncara quru qoşunlarının və  ağır texnikanın daxil olmasını təşkil eləmək,

    2) şəhərə ön cəbhənin arxasında duran hissələr gətirmək,

    3) potensial məzhəb və etnik münaqişələri neytrallaşdırmaq,

    3) türk ordusu bölmələrinin kadr tərkibini tam komplektləşdirmək,

    4) Telafer və Mosula hücumu təşkil eləmək.

    Qeyd eləmək lazımdır ki, Səncara hücum zamanı Ankaraya ən çox kömək edən amil PKK ilə Peşmərgə silahlıq qruplaşmalarının şəhərə ağalıq eləmək uğrundakı çəkişməsi olub. Hələ 2015-ci ilin noyabrında İraq Kürdistanının baş naziri Neçirvan Barzani PKK-dan dərhal Səncarı azad etmələrini tələb eləmişdi. Yerli idarələrin rəhbərləri bu mübahisədə Ərbilin tərəfində durdular. Belə ki, Səncar bələdiyyə şurasının üzvü Hairi Ziban və şəhərin bələdiyyə başçısı Mahma Xəlil dəfələrlə beynəlxalq ictimaiyyəti PKK ilə mübarizədə Peşmərgəni dəstəkləməyə çağırıblar.

    Rəcəb Ərdoğan kürdlər arasındakı daxili ikitirəlikdən istifadə edərək, münaqişələrin didiklədiyi regionu maneəsiz şəkildə tuta bilər. Lakin, bu təqdirdə, formal olaraq, əvvəlcədən kürd münaqişəsinin tərəflərindən birinin dəstəyini alması zəruridir. Yəqin ki, Türkiyə, PKK tərəfindən təhdidi zərərsizləşdirmək, şəhər üzərində tam nəzarəti ələ keçirə bilmək üçün dəstək almaq üçün Peşmərgə ilə müvəqqəti ittifaqa girəcək.

    Ankara Səncar üzərinə hücumla məhdudlaşmayaraq,  Metində dominantlığını təmin etmək üçün cəhd göstərə, həmçinin, 2007-ci il dekabr – 2008-ci il fevral hərbi əməliyyatlarının ssenarisini təkrarlayaraq, sərhəd regionlarındakı Zap, Avaşin-Basiyan və Hakurki terrorçu düşərgələrinin bombardmanını təşkil edə bilər.

    Bu hücum əməliyyatının müsbət nəticələrlə yükunlaşacağını bəyan eləmək hələ ki, çətindir. Lakin, Ərdoğanın “Fərat qalxanı” əməliyyatında əldə edilmiş müvəffəqiyyətlərin möhkəmləndirilməsi ilə bağlı vədinə əməl eləməsi, onun Suriya-İraq “səhnəsində çıxış eləmək” niyyətinin ciddiliyindən xəbər verir.

    Tərcümə Hurriyyet.org-undur.

    ““