Politoloq Qabil Hüseynli: “Stalin Türkiyəni SSRİ-nin 16-cı respublikasına çevirmək istəyirdi…”

    6

    Son zamanlar Türkiyə ilə Avropa arasında ciddi gərginlik yaşanır. Ekspertlər hesab edirlər ki, Ankara Avropadan uzaqlaşdıqca, tarixdə olduğu kimi Rusiya ilə yaxınlaşa bilər. Türkiyə kimi gücün isə nə demək olduğunu elə Avropa dövlətlərinin özləri də yaxşı dərk edirlər.

    Almaniyanın xarici işlər naziri Ziqmar Qabriyel bildirib ki, Türkiyənin Avropa Birliyinə üzv olması ilə bağlı danışıqlar prosesinin dayandırılmasının tərəfdarı deyil: “Türkiyə qonşuluqda yerləşən böyük bir dövlətdir. Hərbi münaqişə vaxtı belə Türkiyəni kənara itələmədik. Bəs indi niyə bu ölkəni Rusiyaya tərəf yönləndirməyə çalışırıq? İlkin mərhələdə diplomatik danışıqlar davam etməlidir” – Qabriyel bildirib.

    Mövzu ilə bağlı “Yeni Müsavat” qəzetinə danışan politoloq Qabil Hüseynli isə hesab edir ki, proseslər Türkiyəni Rusiyaya yaxınlaşdıra bilməz: “Çünki Türkiyə Avropa dövlətidir. Eyni zamanda Türkiyənin bugünkü vəziyyətə gəlməsində Avropa dəyərlərinin və Atatürkün Avropa mədəniyyəti və dəyərlərini ölçüyə gətirməsi böyük rol oynayıb. Türkiyədə bu gün iqtisadiyyatın inkişafında da Avropa dövlətlərinin rolu böyükdür. Hazırda Türkiyə iqtisadiyyatında istehsal edilən məhsulların çoxu, Almaniyanın özəl sektorda olan sənaye müəssisələrinin verdiyi lisenziya əsasında yaradılıb. Məsələn, ”Bosh“ firmasını göstərə bilərik. Eyni zamanda Türkiyənin Fransa ilə də ciddi iqtisadi əlaqələri var. Bu əlaqələr daha çox hərb sahəsini əhatə edir. Həmçinin bu qəbildən Amerikanın da adını çəkə bilərik. Məsələn, “F-16“ tipli təyyarələr və xüsusilə də onların mühərrikləri Amerikanın lisenziyası əsasında Türkiyədə yığılırdı. Son zamanlar isə hətta təyyarənin mühərrikləri Türkiyədə istehsal edilməyə başladı. Bu misalları çəkməklə demək istəyirəm ki, Türkiyə adambaşına ümummilli məhsul istehsalına görə, 11 min dollarla dünyanın qabaqcıl ölkələri sırasına çıxıbsa, buna, Türkiyənin Avropa və Amerika ilə əlaqələri mühüm rol oynayıb. Rusiya isə bu gün adicə tərəvəzin ölkə daxilinə keçirilməsi üçün ağır şərtlər qoyur. Hələ də Türkiyədən rus bazarlarına normal miqdarda rusların özləri üçün əhəmiyyətli olan kənd təsərrüfatı məhsullarının ixracını qaydaya salmaq mümkün olmayıb. Çox təəccüblənirəm ki, bəzən Avropanın insan haqları ilə bağlı tənqidi Türkiyədə hiddətlə qarşılanır. Buna cavab isə çox emosional verilir. Halbuki, bu gün Almaniyada 4 milyona qədər türk çox yüksək səviyyədə yaşayır. Onlar Almaniya iqtisadiyyatına böyük töhfələr verirlər. Eyni sözləri Hollandiya, Fransa iqtisadiyyatı üçün də söyləmək olar”.

    Politoloqa görə, belə şərtlər daxilində Türkiyə ilə normal qonşuluq siyasətinin inkişaf etdirilməsinə heç kim qarşı çıxa bilməz: “Avropa Birliyi, NATO ilə əlaqələri kəsib Rusiya ilə əlaqələr qurmaq, türk xalqının arzusu ola bilməz. Tarix də bizə ibrət dərsi çıxarmaq üçün saysız-hesabsız faktlar verir. Məncə, Ərdoğan xarici siyasət sahəsində müəyyən emosionallığa yol verir, bəzi dövlətlərlə münasibətləri sanki süni sürətdə gərginləşdirir. Türkiyə indiyədək nəyə nail olubsa, NATO daxilində nail olub. Vaxtilə Stalinin göstərişi ilə ruslar Türkiyəni 16-cı müttəfiq respublikaya çevirmək istəyirdilər. Yəni Türkiyəni tamamilə ilhaq etməyi düşünürdülər. Yalnız Türkiyənin tələsik NATO-ya qəbul edilməsi Stalinin bu cür avantürist qərarını həyata keçirməyə imkan vermədi. İndi belə bir şərtlər daxilində ”ruslar bizə atom elektrik stansiyası tikəcək“, “hava hücumundan müdafiəni rusların köməkliyi ilə quracağıq” kimi fikirlər səsləndirmək, zənnimcə düzgün hesablanmış siyasət deyil. Çünki Amerika və Avropada Ukrayna, Gürcüstan, Suriya hadisələrindən sonra Rusiyaya qarşı münasibət çox ciddi şəkildə dəyişib. Yeni dünya düzəninə düzəliş etmək istəyən Rusiyanı Avropa və Qərb dünyası yerində oturtmağa çalışır. Bunun üçün də müxtəlif üsullardan istifadə edirlər. Belə bir şəraitdə dünya düzəninə cavabdeh olan ölkələrin sırasını tərk edib əzələ nümayişi ilə məşğul olan dövlətin tərəfindən dayanmaq, düşünürəm ki, o qədər də praqmatik siyasət sayıla bilməz. Türkiyə Rusiyaya doğru irəlilədikcə, yaxınlığında Kürdüstan dövlətinin yaradılması ideyasını reallaşdırmağa başlayıblar. “İncirlik”dən çıxarılma kimi təhdidlərin müqabilində türklərin yaşadıqları bölgədə Amerika yeni hərbi hava bazası yaradır. Demək istəyirəm ki, xarici siyasətdə dəyişən reallıqlar nəzərə alınmalı olsa da, siyasətin məğzində sabitqədəmlilik əsas dəyərə çevrilməlidir. Yalnız bu cür şəraitdə həm dövlətin nüfuzunu qoruyub saxlamaq olar, həm də dövlət üçün lazım olan təhlükəsizlik mühiti yaratmaq mümkündür. Bir sözlə, Türkiyə hazırda çox məsuliyyətli və gərgin dövrdən keçir“.