Prezident Administrasiyasına alternativ qurum yaradılır – EKSPERTDƏN AÇIQLAMA

    6

    Natiq Cəfərli: “Birinci vitse-prezident öz işlərini tənzimləmək üçün müəyyən kadrların, komandanın formalaşmasına start verib”

    Aprelin 25-də Milli Məclisin “Dövlət qulluğu haqqında” qanuna etdiyi dəyişiklik cəmiyyətdə birmənalı qarşılanmır, hətta bunu Prezident Administrasiyasının ləğvi kimi qəbul edənlər də var. Hərçənd ki, qanunda Prezident Administrasiyasının ləğvi aydın qeyd olunmayıb, ancaq bəzi ad dəyişiklikləri edilib. Əslində, bu ad dəyişiklikləri də gizli bir məqama işarə vurur.

    Dəyişikliyə əsasən, 11.1.2.1-ci maddədə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Administrasiya rəhbərinin müavini,“ sözləri “orqanın rəhbərinin müavini, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin müavini,“ sözləri ilə, “habelə həmin dövlət orqanlarında bölmə rəhbərlərinin vəzifələri“ sözləri “həmin orqanlarda bölmə rəhbərlərinin vəzifələri, habelə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi“ sözləri ilə əvəz edilsin.

    11.1.3.1-ci və 11.1.4.1-ci maddələrdə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında“ sözləri “orqanda“ sözü ilə əvəz edilsin.

    ““ 

    REAL Hərəkatının icra katibi Natiq Cəfərli Hurriyyet.org-a bildirdi ki, “Dövlət qulluğu haqqında”  qanun qəbul edilməsində iki əsas mühüm məsələ var: “Bunun biri məsələnin formal tərəfidir. Formal tərəfi odur ki, ötən il sentyabrın 26-da Konstitusiyaya edilən son dəyişikliklərdən sonra nəzərdə tutulmuş bəzi institutsional məsələlərin və ad dəyişikliklərinin Konstitusiyamızda təsbit olunması və bəzi qanunlarımızın ona uyğunlaşdırılması prosesi kimi yanaşmaq olar. Son dəyişikliklərdən sonra bəzi qanunvericilik aktlarına, eləcə də “Dövlət qulluğu haqqında” qanuna dəyişikliklər edilməsi lazım idi. Çünki yeni institutlar yarandı, yeni vəzifələr təsis olundu. Birinci vitse-prezident və digər vitse-prezidentlərlə bağlı “Dövlət qulluğu haqqında” qanuna dəyişikliklər olunmalı idi. Məntiqlə də bir yeni dövlət strukturu yaradılırsa, bu qanunda öz əksini tapmalıdır. Bu məsələnin formal tərəfidir”.

    “Mənim üçün maraqlı olan məsələnin praktiki  və siyasi tərəfidir”

    N.Cəfərli qeyd etdi ki, onun üçün maraqlı olan məsələnin praktiki və siyasi tərəfidir: “Görünən odur ki, birinci vitse-prezidentin özünün aparatı və özünüidarəetmə strukturu yaranacaq. Əslində, bəlkə də məntiqlə Prezident Aparatının nəzdində ayrıca bir formada bunun yaradılması mümkün idi. Amma görünür ki, paralel olaraq birinci vitse-prezidentin də özünün aparatı yaradılır və öz işlərini tənzimləmək üçün müəyyən kadrların, komandanın formalaşmasına start verilir. Bu praktiki cəhətdən gələcəkdə hansı dəyişikliklərə gətirib çıxardacaq və Prezident Aparatı ilə hansı formada əlaqələrində subardinasiyanın olacağını indidən söyləmək çətindir. Bu gün edilmiş dəyişikliklər formal suallara cavab versə də, reallıqda və praktikada hansı dəyişikliklərə gətirib çıxaracaq, bu suallar açıq qalır. Edilən dəyişikliklər o suallara cavab vermir”.

    “Birinci vitse-prezident aparatı ilə indiki Prezident Aparatı hansı subardinasiya ilə fəaliyyət göstərəcək?”

    “Qanuvericilikdə Prezident Aparatının rəhbərinin səlahiyyətlərinin alınması kimi bir şey yoxdur. Sadəcə ad dəyişiklikləri var. Mən də ona görə altını cızaraq qeyd etmək istəyirəm ki, praktikada bu necə olacaq? Yəni birinci vitse-prezident aparatı ilə indiki Prezident Aparatı hansı subardinasiya ilə fəaliyyət göstərəcək, hansı məsələlərdə səlahiyyət bölgüsü olacaq?  Ancaq qanunvericilikdə edilən dəyişikliklər bu suallara cavab vermir. Biz bunu yaşayıb, görəcəyik ki, birinci vitse-prezidentin idarəetmə aparatının hansı məsələlərə müdaxilə etmək səlahiyyəti olacaq və məsələlərin hansı yöndə həll olunacağına, prezidentin öz aparatı və onun işçiləri hansı dəstək və köməyi göstərəcəklər? Məncə, əsas maraqlı sual bundan ibarətdir”, – dedi icra katibi.

    “Heç kimin xəbəri yoxdur ki, bu dəyişikliklərin məğzi nədən ibarətdir”

    N.Cəfərli onu da əlavə etdi ki, hələlik qəbul olunan dəyişikliklərin reallıqda hansı təzahurləri olacaq, bunu söyləmək çox çətindir: “Biz bilmirik ki, nə proses gedir. Əslində, bunun özü anormal bir haldır. Çünki ölkədə ciddi yeni  idarəetmə strukturları yaranır, yəni bir idarəetmə üsulu gətirilir, amma edilən qanun dəyişikliklərinin məğzi ilə bağlı televiziyada heç bir içtimai müzakirə getmir. Qonşu Gürcüstanda, Türkiyədə Ana Yasa ilə bağlı dəyişiklikləri görürük. Hansı səviyyədə müzakirələrin olduğunu da görürük. İctimai xadimlər, alimlər, siyasi partiyalar, sivil toplum quruluşları hamısı bu müzakirlərdə aktiv iştirak edirdi. İndi Gürcüstanda tam parlament  respublikasına keçidlə bağlı qanun layihəsi hazırlanır, bütün ölkə bunu müzakirə edir, səhərdən axşamacan demək olar ki, bu, televiziyalarda müzakirə olunur. Azərbaycanda da belə köklü dəyişikliklər olur, ancaq demək olar ki, heç kimin xəbəri yoxdur ki, bu dəyişikliklərin məğzi nədən ibarətdir, bunun gələcəkdə Azərbaycanda idarəetməyə hansı təsirləri olacaq”.

     

     Şamo Emin, Hurriyyet.org