Evdə sünnət edilən uşaq həkimin əlində öldü – Dəhşətli faktlar (YENİLƏNİB)

    3

    Dünən Masallı rayonunun Musaküçə kəndində baş vermiş dəhşətli hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb.

    Hurriyyet.org Lent.az-a istinadən xəbər verir ki, sünnət vaxtı ölən 5 yaşlı Hüseynov Kənan Abutalıb oğlunun atası keçən il yol qəzasında vəfat edibmiş.

    Ailənin tək övladı olan Kənanı sünnət etdirmək istəyən doğmaları Ramiz Sadıqov adlı həkimi dəvət edib. Bu zaman uşağın ağladığını görən həkim ona iki sakitləşdirici vurub. Amma uşağın sakitləşmədiyini görən həkim onun üstünə qışqırıb. Azyaşlının babası uşağa su vermək istəsə də, həkim buna etiraz edib və hamını otaqdan çıxarıb.

    Yaxınları bildiriblər ki, 5 yaşlı Kənan babasına yalvararaq otaqda qalmasını istəyib, lakin həkim onunda bayıra çıxmasını tələb edib. bir qədər sonra isə iynələrin təsirindən Kənan vəfat edib. Çıxılmaz vəziyyətə düşən Ramiz Sadıqov cəsədi götürərək qaçmaq istəyib.

    Faktla bağlı Masallı rayon Prokurorluğunda araşdırmalara başlanılıb. artıq körpənin meyitinin xarici və daxili müayinəsi həyata keçirilib. 5 yaşlı uşağın ölümünə səbəb olan 70 yaşlı həkim isə hələlik saxlanılmayıb.

    ***

    Masallıda bədbəxt hadisə baş verib

    APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Musaküçə kəndində qeydə alınıb.

    Müsəküçə kənd sakini 5 yaşlı Kənan Abutalıb oğlu Hüseynovu sünnət etdirmək üçün təqaüddə olan həkim Ramiz Sadıqovu evə dəvət edib. Uşağın ağrı hiss etməməsi üçün ona ağrıkəsici iynələr vurulub.

    Lakin uşağın halı pisləşib və sünnət əməliyyatı başlamadan dünyasını dəyişib. Azyaşlının meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.