Avropa İttifaqı rəsmi Azərbaycan qadınları haqda kobud ifadə işlətdi və… – ÜZR İSTƏDİ

    6

    Aprelin 12-də Avropa İttifaqının (Aİ) Azərbaycan Nümayəndəliyində ofisin əməkdaşları ilə bir qrup jurnalist arasında görüş keçirilib. Qeyd edək ki, bu, Azərbaycanın media nümayəndələri ilə Aİ missiyasının əməkdaşları arasında ikinci belə görüş olub. Hansı ki, bu görüşlər zamanı Azərbaycanda mətbuatın durumu və ölkədəki ictimai-siyasi proseslər müzakirə mövzusu olub.

    Sonuncu görüş zamanı Dağlıq Qarabağ konflikti ilə bağlı daha ciddi müzakirələr aparılıb. Bu haqda “Hürriyyət”in əməkdaşına məlumat verən mənbənin sözlərinə görə, müzakirələr zamanı Litva vətəndaşı, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin siyasət, iqtisadiyyat, mətbuat və informasiya şöbəsinin rəhbəri Auşra Raişite-Daukantien Azərbaycan qadınlarının ünvanına kobud ifadə işlədib. O deyib: “Azərbaycan anaları başa düşmür ki, şəhid olmaq nədir. Övladları Qarabağda şəhid olur, onlar isə bununla fəxr edirlər”.

    Məlumata əsasən, missiya əməkdaşının bu ifadəsi jurnalistlər tərəfindən etirazla qarşılanıb. Ona izah olunub ki, əslində şəhid anlayışı Avropada başa düşüldüyündən fərqlidir və şəhid deyəndə özünü partladan insanlar nəzərdə tutulmur. Şəhidlər onlardır ki, öz torpaqları uğrunda canlarından keçirlər.

    Bildirilir ki, qurumun rəsmisi jurnalistlərin bu iradından sonra söylədiyi fikrə görə üzr istəyib.

    Hurriyyet.org