Beyin axınına yaşıl işıq – “lazımsız” mühacirlər?

    9

    ABŞ Konqresi tərəfindən ona görə bu lotereya yaradılıb ki, təkcə burada qohumları olan və ya işləyən adamların yox, bütün dünyada yaşayan insanların Amerikaya gəlib yaşamaq şansı olsun. Amerika özü də miqrantlar ölkəsidir. Miqrantlar ölkəsi olaraq 1955-ci ilə qədər ABŞ-a ayaq basan şəxs əgər tibbi baxışdan keçirildisə, ona avtomatik icazə verilirdi ki, burada qalsın. Bu, ölkəyə gəmi ilə gələn şəxslərə aid idi. Bu mühacirləri deportasiya etmirdilər. Amma indi Amerika bütün miqrantlara qapısını açıq qoya bilməz. Ona görə də ABŞ öz qapısını simvolik açıq saxlayır ki, keçmiş zamanlarda olduğu kimi, yenə də dünyanın hər yerindən bura miqrantlar gəlsin. Bunun üçün də hər il “Green card” lotereyasını keçirirlər. Ancaq say məhdudiyyəti var: 50.000 nəfər. Çünki praktiki baxımdan ki, “Green card”ın hamıya verilməsi mümkün deyil. Hökumət bu aksiya ilə mesaj çatdırır ki, Amerika hələ də miqrantlar ölkəsidir. Hətta dünyanın ən ucqar kəndində yaşayan şəxsin də Amerikada yaşamaq şansı var. Bunun üçün də lotereya forması seçilib.

    “Green-card” almaq istəyən şəxsin ən azı məktəb dərəcəsi və ya 2 illik iş təcrübəsi olmalıdır. Fərdi müraciət üçün yaş məhdudiyyəti 18-ə qədərdir. Yəni 18 yaşdan aşağı olanların valideynləri müraciət edə və ərizədə uşaqlarının da adını göstərə bilər. Kartı udan şəxslərə Amerikada yaşamaq və işləmək icazəsi verilir. Ona təcili tibbi yardım lazım olanda edilir. Amma ABŞ sosial yardımlar ölkəsi deyil. Sosial yardımlar var, ölkə vətəndaşları üçündür. Çox adam düşünür ki, “Green card” alsa, ABŞ hökuməti onu işlə təmin edəcək. Bu, yanlış yanaşmadır. “Creen card” udmaq Amerikada leqal şəkildə iş tapa, yaşaya bilmək icazəsi deməkdir. Bunun özü elə böyük bir təminatdır.

    “Greencard.az” saytı özü “yaşıl kart” barəsində belə yazır:

    “Greencard nədir?

    Greencard ABŞ-da yaşamaq üçün verilən vəsiqədir. Bu vəsiqə ilə Amerikada istədiyiniz qədər yaşaya və işləyə bilərsiniz.

    Greencardı necə almaq olar?

    ABŞ dövlətinin ildə 1 dəfə keçirdiyi pulsuz lotereya proqramına müraciət etməklə. Bu proqrama qoşulmaq Amerikada (və ya xaricdə) qanuni şəkildə yaşamağın və ya işləməyin ƏN ASAN yoludur.

    Greencard alsanız, nə qazanırsınız?

    1.Ailə üzvlərinizlə birlikdə, Azərbaycan vətəndaşlığınızı itirmədən Amerikada daimi yaşamaq. 2.Amerikada qanuni şəkildə istədiyiniz işdə işləmək və ya oxumaq. 3. Ən əsası, Azərbaycanımızı Amerikada tanıtmaq imkanı qazanırsınız.

    Kimlər müraciət edə bilər?

    17 yaşdan yuxarı hər kəs (və ya orta məktəbi bitirmiş hər kəs)

    Müraciət etmək üçün ingilis dili tələb olunmur!”

    ““İndi isə diqqətinizə www.miumau.livejournal.com/1784173.htmlünvanında yerləşən bir blogger yazısının tərcüməsini çatdırmaq istəyirik.

    Qrin kard lotereyası – onlar hamını çox gözəl şəkildə seçirlər?

    SSRİ-dən getməzdən əvvəlki tanışlarımın 90%-i yaşamaq üçün xaricə köçüblər. Elə xaricdə də son 25 il ərzində olduqca çox adamın öz ölkəsindən (təkcə MDB-dən yox) harasa, o cümlədən Amerikaya getməyə çalışması ilə qarşılaşmışam. Onların arasında isə məlum “lotereyada” qrin-kart udanların sayı olduqca çoxdur. Artıq hesabı itirmişəm – şəxsən tanıdığım insanlar arasında onlarla belə şəxs var. Onlarda dəfələrlə danışıb kartı udduqlarını ötrənmişəm və bunun necə baş verdiyini soruşmuşam.

    Lap əvvəllər, bu lotereya haqqında ilk dəfə eşidəndə fikirləşirdim ki, onu qazanmaq şansı təqribən adi lotereyada olduğu kimidir. Lakin görünür, belə deyil. Çenki bu lotereyada müntəzəm şəkildə olduqca çox adam qalib olur. Lakin maraqlı burasıdır ki, tanıdığım qaliblərin hamısı qalib gəldikləri zaman müəyyən tip “peşəkar bioqrafiyaya” malik olublar.

    Tanıdığım adamlardan qələbə çalanların mütləq əksəriyyəti proqramçılar, adminlər, texnika ustaları, sistem administratorları və ya mühəndislərdir. Onların arasında həkimlər, bir nəfər hüquqşünas, bir neçə nəfər də olduqca peşəkar insan: elektrik, qaynaqçı da var. Bundan başqa, əczaçı, optika mütəxəssisi, bir nəfər veterinar, bir neçə nəfər də kimya laborantı bu möcüzəni udublar. Bir-iki nəfər də yaradıcı sənət sahibləri: dizaynerlər, illyustrasiyaçılar, musiqiçilər var. Lakin, əvvəla, onların sayı azdır, ikincisi isə, yenə də hamını müəyyən ortaq cəhətlər birləşdirir. Onların hamısı ali təhsil alıblar, yaxud da peşə məktəbini və sonra politexnikumu çox müvəffəqiyyətlə bitiriblər, sonra da uğurlu iş həyatına başlayıblar. Bu lotereyaya ərizə yazdıqları məqamda artıq çoxdan öz sənətləri ilə özlərini doyura bilirdilər, ya peşələrində sayılıb-seçilən şəxs idilər, ya da ki, çiçəklənən, sabit biznesləri var idi.

    Amma mən daha bir neçə belə adam tanıyıram… onlar heç nədə uğur qazanmayıblar. “Özlərini axtarır”, “üzürdülər”, çox şeylə maraqlanırdılar (həmçinin, o dövrdə yasaqlanmış olanlarla). Onlar maraqlı və xoş adamlar idilər, amma pul çıxarmağı, qazanmağı bacarmırdılar. Onlar adi və sadə kollektivlərin üzvü deyildilər, peşələrin çoxu onları maraqlandırmırdı. Özlərini rəssam, yazıçı və bu kimi adlarla təqdim edirdilər, lakin bunların hamısı hobbi idi. Lakin iş və satış sahəsində heç bir uğurları yox idi, “çörək və su uğrunda cəhdləri” olardı. Dilənçiliklə, “meşədə bir ilk keçirmək macəraları” arasında bir həyat keçirirdilər. Onların əksəriyyəti öz bəlalarının səbəbinin yaşadıqları ölkə olduğunu hesab edirdilər. Başqa bir yerdə olsaymışlar, öz maraqlarını təmin edərək sakit bir həyat sürərmişlər. Burada isə fövqəladə maraqları və incə ruhlarına görə daim təqib edilirdilər, ona görə də onlarda heç nə alınmır. İnanırdılar ki, belə “xüsusi” olduqları üçün onları heç kimin təqib eləməyəcəyi ölkəyə düşən kimi, işləri yağ kimi gedəcək. Ona görə də onlar illərlə anket dolduraraq, qrin kartın intizarı ilə yaşayırdılar, başqa, xoşbəxt həyata qədəm qoyacaqları günü gözləyirdilər.

    Onların bir qismi bu anketi 5-10 il doldurduqdan sonra bu işi bir kənara atıblar. Digərləri indiyə qədər (20 ildən artıqdır ki,) ruhdan düşmürlər. Çərxi-fələk onları sevmir və onlar da heç nə uda bilmirlər.

    Bəs siz belə qanunauyğunluqla rastlaşmamısınız? Bəzən mənə elə gəlir ki, onlar aparacaqları adamı çox gözəl seçirlər. Yoxsa, bu anketi israrla dolduran kompüter proqramçılarının hamısının üçüncü-beşinci ildə öz yaşıl kartlarını sakitcə almalarını necə izah eləmək olar. Lakin xaricdə nə edəcəkləri, necə uğur qazanacaqları bəlli olmayan, 40 yaşına qədər öz ölkələrində bir şeyə nail olmamış adamlar çıxdaş olur və uduzurlar. Belə.

    Siz heç bircə nəfər “çox da cazibəli olmayan peşə bioqrafiyasına malik” adamın bu kartı udduğunu eşitmisinizmi?

    Ya da heç olmazsa, heç yerdə oxumamış, həbsdə olmuş, əməlli-başlı iş yeri olmamış, indiyə qdər nə ilə dolandığı və başqa ölkədə hansı işdə işləyəcəyi bəlli olmayan adamın adının “yaşıl lotereyadan çıxdığını görmüsünüzmü? Ya da, yarımçıq təhsilli, təsadüfi günəmuzd işlərdə çalışan adamın (Əlbəttə ki, qiymətli mütəxəssisin evə üç uşağa baxan həyat yoldaşı istisna olmaqla)?

    Bax, mənə də çoxdandır elə gəlir ki, bu “lotereya” elə də təsadüfən udulmur. Və heç də hamının onu qazanmaq şansı yoxdur.

    Hurriyyet.org

    P.S. Onu da qeyd edək ki, anketlərin qəbulundan lotereya cavablarının çıxmasına qədər 6 aylıq bir dövr arxada qalır. Yəqin məhz bu dövrdə, “xəfiyyələr” müraciətçilər haqqında dəqiq informasiyanı müvafiq qurumlara çatdırmış olurlar.

    Necə deyərlər, “yeməyənin payını yeyərlər”. ABŞ əlində qızıl qaşıq beyin qaymaqlarını yığmaqdadır. Son dövrdə Azərbaycandan təkcə ABŞ-a yox, bütün dünyaya nə qədər beyin axını getdiyinin statistikası aparılsa, dəhşətli reallıq göz qarşısında canlanacaqdır.