MİKAYIL RƏFİLİ

    12

    Teyyub Qurbanın  2011-ci ildə nəşr etdirdiyi “Həqiqət olduğu kimi”  kitabında böyük alimin qızının ön sözü yazılmışdır:

    “Mənim atam Mikayıl Həsən oğlu Rəfıli Azərbaycanın tanınmış şəxsiyyətlərindən biri olmuşdur. O, həm şair, ədəbiyyatşünas, tənqidçi, həm də sənətşünas və pedaqoqdu, üstəlik çox gözəl natiq idi. 1945-ci ildə 40 yaşına qədəm qoymuş atam artıq filologiya elmləri doktoru və professordu, elə həmin vaxtlardan da bədxahları əl-qol açmışdılar, onu kosmopolitizmdə və Qərbi-Avropa mədəniyyətinə pərəstişdə günahlandırırdılar. Atama qarşı barışmamazlığın bir səbəbi də vardı – böyük qardaşı repressiyaya məruz qalmış və Qazaxıstana sürgün edilmişdi.

    40-cı illərin axırlarında və 50-ci illərin əvvəllərində atama qarşı tənqidlər kəskinləşdi. O, kafedra müdiri vəzifəsindən və bir neçə ali məktəbdə müəllimlikdən kənarlaşdırıldı. Qərəzkarlar onu mətbuat səhifələrində tənqid atəşinə tuturdular, yazılarında mənliyini alçaldan kobud ifadələr işlətdilər. Dünən atama mədhnamə oxuyanlar ondan üz döndərdilər, hətta salam da vermədilər. Bəzi dostları da atamdan uzaq qaçdılar. Həmin vahiməli çağları xatırlayanda anam deyərdi ki, gözlərimizə yuxu getməzdi, ümidimiz hər şeydən və hər kəsdən üzülmüşdü. Gözləyirdik ki, qapımız döyüləcək və…

    Belə səksəkəli günlərdən birində (mən o günü “xoş gün“ adlandırıram, başqa cür adlandırmaq da olmaz) axşamdan xeyli keçmiş qapımız döyüldü. Nənəm, anam və mən mətbəxə qısıldıq. Atam qapıya tərəf getdi. Və birdən mətbəxə, bizimlə görüşüb salamlaşmağa atamın yanında qonaq da gəldi. Gözlərimizə inanmadıq, elə bil yuxu görürdük – bu, Mir Cəfər Bağırov idi. Bizimlə bir masa arxasında çay içdi, sonra atamla birlikdə yan otağa keçdi, atamın iş kabinetinə. Onlar uzun-uzadı söhbət etdilər… M.C.Bağırova atamla, nənəmlə, anamla və mənimlə (onda beş yaşında idim) vidalaşıb məzili tərk etdi, hamımız dinməz-söyləməz biri-birinin üzünə baxaraq sükuta daldıq. Sən demə, həmin gün atamın həyatında dönüş anı imiş. Ertəsi günü onu bütün vəzifələrinə bərpa etdilər, əsərləri yenidən çap üzü görməyə başladı, hamımız rahat nəfəs aldıq. Atamın başına gətirilən müsibətlər zamanı M.C.Bağırovun bəd ayaqda ona necə kömək etməsi barədə atamın vəfatından sonra anamdan çox şeylər eşitmişəm. İndi, o dövrlərdən uzun illər keçdiyi bir vaxtda tarixin çətin və mürəkkəb sınaqlarından çıxmış o müdrik və zəhmli (fəhimli demək lazımdır M.B.) insanı – Mir Cəfər Bağırovu dərin minnətdarlıq hissi ilə təsəvvürümdə atamla yanaşı canlandırıram. Bəli, Mir Cəfər Bağırov yaxşı dərk etmişdi ki, xalqımızın istedad sahiblərini qorumaq lazımdır”.

    Selcan Rəfili

    Mikayıl Rəfılinin qızı

    ***

    Mikayıl Həsən oğlu Rəfıli 1905-ci ildə Qasım İsmayılov rayonunun Borsunlu kəndində anadan olmuşdur. 16 yaşında atasını itirmişdir. Kənddə oxuyub, Gəncəyə gəlib Əmək məktəbinə daxil olub. 1922-ci ildə oranı bitirmişdir. Bir müddət o, Bakı Universitetinin Şərqiyyat fakütəsində oxuyub. Sonra Moskva universitetinin ədəbiyyat və incəsənət fakültəsini bitirmişdir. Bakıya qayıtmışdır. “Maarif və mədəniyyət” jurnalında məsul katib olub. Azərnəşrdə şöbə müdiri işləyib. “Bakinskiy raboçiy” qəzetinin əməkdaşı olub. 1935-ci ildə SSRİ Elmlər Akademiyasının Leninqrad şöbəsində doktoranturada oxumuşdur. 1936-cı ildə “Türk qərbçiləri” adlı namizədlik dissertasiyası müdafiə etmişdir. Bakıda elmi-tədqiqat, pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Bakı Dövlət Universitetində, Azərbaycan Pedaqoji İnstitutunda mühazirələr oxumuşdur. Ömrünün 25 ilini ADRU-da keçirmişdir. 1944-cü ildə Tifisdə “XVI əsrə qədər Azərbaycan ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə etmişdir.

    Mikayıl Rəfıli 1937-ci ilin mart ayında Bakıya qayıtdı… Bir ay keçməmiş, aprelin 19-da onu Azərbaycan Yazıçılar İttifaqı İdarə heyətinin iclasına çağırdılar. İçəri keçdi. İdarə heyətinin üzvləri – S.Şamilov, S.Vurğun, S.Rüstəm, M.Kamski, S. Qriqoryan, M.S.Ordubadi başlarını qaldırıb onun üzünə baxmadılar. Seyfulla Şamilov iclasın gündəliyini elan etdi: “Azərbaycan Yazıçılar İttifaqının üzvü Mikayıl Həsən oğlu Rəfilinin xuliqanlıq hərəkətləri barədə“.

    İdarə heyətinin bütün üzvləri əl qaldırıb gündəliyi yekdilliklə təsdiq edirlər. Sədr ilk sözü köhnə bolşevik, Ruhulla Axundovdan sonra İncəsənət İşləri idarəsində hökmranlıq edən Levon Arustamova verdi. Mikayıl Rəfili onu Gəncədən tanıyırdı. Bolşevik cildinə girmiş daşnaq idi. L.Arustamov məlumat verdi ki, Mikayıl Rəfili Leninqraddan Bakıya qayıtdıqdan sonra…xuliqanlıqla məşğuldur. İki gün bundan əvvəl, aprelin 17-də qonşusu, staxanovçu rus fəhləsi Medvedevanın mənzilini zorla ələ keçirməyə cəhd etmişdir. L.Arustamovdan sonra Yazıçılar İttifaqı İdarə Heyətinin iclasına gətirilmiş şahidlər: Ovanesov, Stroqanov, Karapetyan çıxış etmişlər. Mənzilin sahibəsi Tatyana Medvedeva həyasızlığın son pilləsinə qalxmışdı: “Bu musavatist qoçu mənim üstümə cumdu, döşlərimə əl atdı. Qonşumuz Arustamov yoldaş gəlməsəydi, məni zorlayacaqdı.“Axırda “müttəhim“ M.Rəfıliyə söz verildi. O, qələm dostlarına sərt baxışla: “Niyə bu yalançıları Yazıçılar İttifaqına dəvət etmisiniz?- dedi- Utanmırsınız?! Axı hamınız yaxşı bilirsiniz ki, bir gözlü o mənzil orderini mənə rayispolkom tərəfindən verilmişdir. Medvedevlər ailəsinə isə təzə mənzil ayrılmışdır. Arustamovun fitvası ilə köhnə mənzili də məngirləmək istəyirlər. Mən harada qalmalıyam, dəniz qırağında?“

    Azərbaycan Sovet Yazıçıları İttifaqının İdarə Heyətinin üzvləri Mikayıl Rəfilini Ümumittifaq miqyasında da rüsvay etməyi qərara almışlar. 1937-ci il mayın 9-da respublika yazıçıları adından Moskvaya iki məktub göndərilmişdir. SSRİ Yazıçılar İttifaqına (Stavski yoldaşa) və “Literatumaya qazeta“nın məsul katibi Subbotin yoldaşa. Bu məktublara Yazıçılar İttifaqı sıralarından qovulmuş M. Rəfıli ilə əlaqədar bütün mənfi və qondarma materiallar əlavə olunmuşdur. Mərkəzi təşkilatlardan, qəzet redaksiyalarından rəsmi şəkildə xahiş olunmuşdur ki, “Sovet alimi və yazıçısı cildinə girmiş“ M.Rəfili mərkəzi mətbuat səhifələrində ifşa edilsin.

    Bir il qabaq Azərbaycan şairləri arasında Moskvada ilk şeir kitabı çap etdirmiş, Bakıda 1937-ci ilə qədər beş kitabı buraxılmış və nəhayət, SSRİ Konstitusiyasını Azərbaycan dilinə çevirmiş bir ziyalı və vətənpərvərə “burjua millətçisi“ damğası vurulmuşdur. Qələm dostları arasında təklənən əyilməz insan nə etsin, kimdən imdad istəsin? Ona görə də o Respublika rəhbəri Mir Cəfər Bağırova müraciət etmişdir. Ümumiyyətlə Mikayıl Rəfilinin Mir Cəfər Bağırova ünvanlanmış 5 məktubu “Həqiqət olduğu kimi” kitabında dərc olunmuşdur. Bütün bu məktubları Mir Cəfər Bağırov tərəfindən araşdırılmış və müsbət rəylə nəticələnmişdir.

    Həyatının ən çətin məqamlarında dadına çatan M.C.Bağırovdan sonra M.Rəfilinin də təlaş içərisində keçirdiyi günlər çoxaldı.

    1954-cü il aprel ayının 14-də Azərbaycan Sovet yazıçılarının ikinci qurultayı öz işinə başladı. Azərbaycan SYİ İdarə Heyətinin sədri Süleyman Rəhimov “Azərbaycan Sovet ədəbiyyatının vəziyyəti və vəzifələri haqqında“ məruzə etdi. Məruzələrdən sonra çıxışlar başladı. Qurultay nümayəndəsi, şərqşünas alim Mübariz Əlizadə xitabət küpsüsündən üzünü Mikayıl Rəfıliyə tutdu: “Yazıçıları tanımamış sən onlardan doktorluq dissertasiyası yazmısan. Bizə bu gün müharibə hazırlayan Körpülüzadəyə əsərində 27 dəfə diz çökmüsən! Sən Sovet şərqşünaslığını dırnaqarası şərqşünaslıq adlandırmısan! Altı yerdə Türkiyə məcmuəsindən sitat gətirmisən!“

    Mübariz Əlizadə zaldakılara müraciətlə çıxışına davam edir: “Siz bilirsinizmi ki, necə oldu Mikayıl Rəfili elmlər doktoru adını aldı? Məlumatınız olsun ki, Azərbaycanda dörd alim Rəfılinin dissertasiyasına mənfi rəy vermişdi. Nəhayət Rəfili Tiflisdə müdafiə etdi. Çünki o, Bağırova müraciət etdi və Bağırov da alimlik dərəcəsinə layiq olmayan bir adamı doktor etdi. Beləliklə, Rəfili doktorluq kağızını alıb cibinə qoydu, arxasını da quldurlar kimi Bağırova bağladı…

    Siz bilirsinizmi ki, Rəfili 1952-ci ildə bizim fəxrimiz olan M.F.Axundov, Cəlil Məmmədquluzadə, Ələkbər Sabir kimi yaradıcılarımızı ləkələdi?! Rəfili guya indi daha yazmır. Yazmırsa – bu xoşbəxtlikdir. Amma bu o demək deyildir ki, Rəfili zərərsiz olmuşdur. Rəfili qeyri-qanuni olaraq professor adını almışdır. Onun yazılarına nəzarət etmək lazımdır və biz onun yazılarına mətbuatda nəzarət edə bilərik. Amma o girir sinfə, ağzına gələni deyir… Buna artıq dözmək olmaz!“

    Mikayıl Rəfiliyə tutulan iradlardan biri də bu idi ki, “bütün yaradıcı mədəniyyətin amerikalaşdırılması” uğrunda daima mübarizə aparmışdır.

    1958-ci ilin aprel ayının 25-də onun 53 yaşı tamam oldu. Axşam xudmani süfrə arxasında doğmaları əyləşmişdi: gözlərinin işığını itirmiş 84 yaşlı anası Həyat xanım, 46 yaşlı arvadı Zoya xanım və 10 yaşlı qızı Selcan. Qızı, sədaqətli ömür-gün yoldaşı Mikayıl Rəfılini bərk-bərk qucaqlayıb öpdülər, o isə diz çöküb ağbirçək anasının nurunu itirmiş gözlərindən öpdü. Yenə “şairliyi başına vurdu“.

    Bəzən əyilir başım yerə,

    Alnıma nöqtə qoymaq üçün uzanır barmaq.

    Tənqidçilər mənə düşmən və mürtəce.

    Burjua və masqalı

     Bir müsavat əsgəri

    Deyə-deyə yordular məni.

    Ancaq yenə uzananda əlim tapançaya,

    Baltalayır sol əlim sağ əlimi.

    Və hər zaman dirçəlib yenidən

    Təkrar olunur bir misra türkülərimdən:

    Bu gün sevməsələr də, yarın sevərlər məni…

     

    Mikayıl Rəfıli dünyaya gəldiyi gün dünyasını dəyişdi. Matəm karvanı APİ-nin qarşısından baş aldı, Fəxri Xiyabanın yanından yuxarı qalxdı…

    Mərhumun qırxı çıxandan sonra Azərbaycan Yazıçılar İttifaqının sədri Mehdi Hüseyn 1958-ci il avqust ayının 9-da rəhmətliyin bədxahlarından xəbərsiz Mərkəzi Komitəyə aşağıdakı məktubu göndərmişdir:

    AZƏRBAYCAN KP MK KATİBİ

    İ. MUSTAFAYEV YOLDAŞA

    Azərbaycan Sovet Yazıçıları İttifaqının Rəyasət heyəti mərhum professor – tənqidçi – ədəbiyyatşünas Mikayıl Həsən oğlu Rəfılinin ailə üzvlərinə təqaüd təyin edilməsi haqda sərəncam vermənizi xahiş edir. Mərhumun ailə üzvləri:

    Anası – Rəfıli Həyat Əliqulu qızı (1874-cü ildə anadan olmuşdur, gözləri görmür)

    Arvadı – Rəfıli Zoya Georgievna (1912-ci ildə anadan olmuşdur)

    Qızı – Rəfıli Selcan Mikayıl qızı (1948-ci ildə anadan olmuşdur)

    M.Rəfılinin ailəsi Bakı şəhərində Fioletov küçəsi ev nömrə 6 -da yaşayır,

    (tel,- 3-76-21)

    Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri Mehdi Hüseyn.

    Məktub dörd gündən sonra Azərbaycan KP MK-nın birinci katibi İmam Mustafayevə təqdim edilmiş və məktubun aşağısına “na byuro“ dərkənarını yazmışdır. On gündən sonra, 1958-ci il avqustun 19-da MK Bürosunda məsələyə baxılmış, məsələnin həlli Azərbaycan SSR Nazirlər Sovetinə həvalə edilmişdir. Vaxtilə Mir Cəfər Bağırovun baş çəkdiyi mənzilə rəhbər işçilərdən ayaq basan olmamışdır. Avqustun 23-də MK-nın birinci katibi İ.Mustafayevin deyil, M.C.Bağırovun qondarma məhkəməsinin hazırlanmasında “tarixi“ rol oynamış ikinci katib Dmitri Yakovlevin imzaladığı məktub hazırlanmışdır:

    “Azərbaycan SSR Nazirlər Sovetinə tapşırılsın ki, vəfat etmiş professor M.Rəfılinin ailəsinə pensiya verilməsi imkanlarına baxsın“.

    Baxılmamışdır. Mikayıl Rəfılinin qələm dostlarının “dvoryan“ adlandırdıqları Həsən bəyin səksən dörd yaşlı, gözlərinin nurunu itirsə də xanım-xatımlığını saxlamış zövcəsi bir dəriyə-sümüyə dönərək ciyərparasının yanma köç etmişdir.

    Bir çoxları bilmir ki, Mikayıl Rəfilinin əbədiyyət yuxusuna daldığı qəbirstanlıqda onun xilaskarının 24 yaşlı şəhid oğlu – Cahangir Mir Cəfər oğlu Bağırov uyuyur. Əsl kişi ömrünü yaşadanları Ana torpaq birləşdirir.

    Bütün bu yazılanlardan fərqli olaraq ən çox oxunan “Şərq qəzetinin” 18 aprel  66(4519) nömrəsinin 11-ci səhifəsində yazar İsmayıl qəzetin redaktoru Akif Aşırlının  “Azərbaycan Jurnalistikası” 1920-1990-cı il kitabından sitatlar  gətirərək yazır ki, Mikayıl Rəfili 1937-ci ildə represiya olunmuş, güləllənmişdir. Məqalə isə Azərbaycan Respublikası Prezidenti Yanında KİV-ə  Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanmışdır. Kitabda ondan başqa Represiyaya məruz qalan Eminbəyli və başqaları haqqında da  həqiqətə uyğun olmayan yazılarla müşahidə olunur. Yuxarıda göstərdiyimiz kitab arxiv sənədlərinə əsasən deyil, köhnə sovetdən qalmış rəvayətlər əsasında  yazılmışdır. Rəvayət də yazıla bilər, ancaq həqiqətə yaxın olmalıdır. Atalar demişkən: “Yüz ölç, bir biç”.

    Məmmədtağı Bağırov

    24.04.2017-ci il