“Rabitə işi“nə görə həbs edilənlərdən üçü də zərəri ödədi – Vidadi Zeynalov isə narazıdır

    3

    Hurriyyet.org xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Vüqar Babayev bildirib ki, təqsirləndirilən şəxslərdən Namazalı Məmmədov, Emin Məmmədov və Səhrab Hümbətov dəymiş zərəri ödəyiblər. Nazirliyin nümayəndəsi adı çəkilən şəxslərə qarşı mülki iddialarının olmadığını bildirib.

    Vidadi Zeynalovun vəkili Bəylər Məmişov nazirliyin nümayəndəsinə sual verərək 3 nəfər tərəfindən ödənilən məbləğin ittihamda yazılan ümumi mənimsənildiyi deyiləm 153 milyondan çıxılıb-çıxılmamasını soruşub.

    Vüqar Babayev isə deyib ki, buna yekunda məhkəmə qərar verəcək.

    Hakim sərbəst ifadə vermək üçün Vidadi Zeynalova söz verərkən onun vəkili Elxan Süleymanlı vəsatətlərinin olduğunu deyib. Məhkəməyə 3 vəsatət təqdim edən Elxan Süleymanlı qeyd edib ki, həm Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, həm də məhkəmə istintaqında ciddi prosessual qayda pozuntuları var.

    Vəkil çıxışına əlavə edib: “Mənimsənildiyi deyilən 153 milyon göstərilib. Amma mülki iddiaçı dəqiq olaraq hansı məbləği müdafiə etdiyini açıqlamır. İstintaq dövründə bəzi şəxslər dəymiş zərəri ödəyib. Amma bu məbləğ məlum deyil. Maraqlıdır ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dəymiş zərər bəzi şəxslərə ödətdirilib. Bəlkə məhkəmə istintaqı başqa qərara gələcəkdi? Kim məcbur etdi ki, bu məbləğ ödənilsin? Əgər ödənilibsə, bu şəxslər cəmiyyət üçün hansı təhlükəni törədirlər ki, onlar yenə də burada oturublar? Biz tələb edirik ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sorğu göndərilsin və ödənilən məbləğ dəqiqləşdirilsin“.

    E.Süleymanlı digər vəsatəti ekspertlərin, əlavə şahidlərin, mütəxəsislərin dindirilməsi ilə bağlı olub. Vidadi Zeynalovun vəkilinin sonuncu vəsatəti isə sənədlərin elan edilməsi ilə bağlı olub. Vəkil bildirib ki, cinayət işi materiallarında olan ekspert rəyləri məhkəmədə elan edilməli və müzakirə edilməlidir.

    “Biz məhkəmənin hazırlıq iclasında vəsatətlər vermişdik. Amma həmin vəsatətlər müzakirə edilmədən saxlanıldı. Məhkəmə istintaqı dövründə ciddi prosessual pozuntular qeydə alındı. Biz belə qənaətə gəldik ki, bu elə korrupsiyada aparılan qərəzli istintaqın davamıdır. Biz keyfiyyətli müdafiə qura bilmirik. Bir vəkil kimi mənim hüquqlarım pozulur. Bir cümlə ilə vəsatətlər təmin edilmir. Cinayət işi materiallarında yer alan aktlar bu insanların gələcəyini, taleyini həll edir. İndi də həmin sənədlərə istinad edərək bu şəxsləri ittiham edirlər. İstintaq orqanı tələb etdiyi, ittiham aktında yazdığı məbləği əsaslandırmır, kökünü göstərmir. Bir cümlə ilə məbləğ yazılır. Ötən prosesdə məhkəmə bildirdi ki, riyazi hesablama aparmaqla bu məbləği müəyyən etmək olar. Onda biz də məhkəmədən xahiş edirik ki, burada sadə riyazi hesablama aparılsın və görək hansı məbləğ ortaya çıxacaq“- deyə vəkil çıxışına əlavə edib.

    Bu vəsatətlərə bəzi vəkillər etiraz edib. Həmin vəkillər dəymiş zərəri ödəyən təqsirləndirilən şəxslərin vəkilləri olub. Onlardan biri –  “Aztelekom“ MMC-nin sabiq rəhbəri Məhəmməd Məmmədovun vəkili deyib ki, təqsirləndirilən şəxslərin dəymiş zərəri ödəməsi ilə bağlı istintaq materiallarında məlumat var. Vəkil bu səbəbdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sorğu göndərilməsinin mənasız olduğunu və digər vəsatətlərin də əsassız olduğu üçün təmin edilməməsini istəyib.

    Vidadi Zeynalovun vəkili Bəylər Məmişov çıxışında deyib ki, mülki iddia konkret olaraq göstərilmir: “Mülki iddiaçı belə konkret məbləği müdafiə edə bilmir. Ekspertiza təyin edilsin, dəqiq məbləğ müəyyən edilsin. Vidadi Zeynalovun yaxınları da dəymiş zərərin ödənilməsi ilə bağlı təşəbbüsü var. İstəyirik ki, konkret məbləğ müəyyən edilsin və biz də bu məbləğlə bağlı müzakirə aparaq“.

    Məhkəmə təqsirləndirilən şəxslərə söz verərək Elxan Süleymanlının vəsatətlərinə münasibət öyrənib.

    İlk olaraq nazirlin sabiq aparat rəhbəri Vidadi Zeynalov çıxış edib. O, öz vəkilinin birinci vəsatətinin təmin edilməməsini istəyib: “Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sorğu göndərməyə ehtiyac yoxdur. Hər adamın ayağına nə qədər məbləğ yazılması qara hərflərlə istintaq materiallarında var. Mənə maraqlı deyil ki, kim nə qədər ödəyib“.

    V.Zeynalov digər iki vəsatətin təmin edilməsini, Maliyyə Nazirliyinin nümayəndələrinin, ekspertlərin dindirilməsini və sənədlərin elan edilərək məhkəmədə müzakirə edilməsini istəyib.

    Məhkəmə yerində müşavirə edərək vəsatətlərə münasibət bildirib. İlk vəsatət təmin edilməyib. Məhkəmə əlavə şahidlərin, mütəxəsislərin və ekspertlərin dindirilməsi ilə bağlı vəsatəti də təmin etməyib və bildirib ki, bu məhkəmənin əsassız olaraq uzanmasına səbəb olacaq. Sonuncu vəsatət də təmin edilməyib.

    Məhkəmə sərbəst ifadə vermək üçün Vidadi Zeynalova fasiləyə qədər vaxt verib. Məhkəmə fasilədən sonra davam edəcək.

    Qeyd edək ki, ittihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub. /musavat.com/