ADP-dən iqtidarın ünvanına sərt bəyanat

    6

    Partiya hakimiyyəti azad mətbuata qarşı təzyiqlərə son qoymağa çağırdı 

    Demokratlar siyasi mühacirlərlə bağlı müxalif partiyalara təzyiqlər edilməsini də pisilədi

    Dünən ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Hurriyyet.org-a verilən məlumata əsasən, toplantıda ölkədə baş verən ictimais-siyasi məsələlər müzakirə edilib. Toplantı iştirakçıları ilk növbədə internet resursları üzərində basqıların artırılması, bir sıra saytların məqsədyönlü şəkildə bloklaşdırılması faktından ciddi narahat olduğunu bildirib və bu halın vətəndaşların alternativ informasiya almaq, ötürmək imkanlarının məhdudlaşdırılması, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması kimi dəyərləndirib, hakimiyyəti azad mətbuata yönəlik təzyiqlərə son qoymağa, beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri vicdanla yerinə yetirməyə çağırıb.

    İdarə Heyəti son vaxtlar manatın məzənnədən düşməsi ilə büdcədə yaranan kəsirləri ölkədə azad bazar iqtisadiyyatınına şərait yaratmaq, qeyri-neft sektorunu inkişaf etdirmək, kiçik və orta biznesə stimul yaratmaq əvəzinə bu kəsirləri vətəndaşların üzərinə yükləmək, şəxsi minik avtomobilləri olan şəxsləri vergiyə cəlb etmək kimi ucuz siyasətə əl atdığını pisləyib və onsuz da iqtisadi çətinliklər içərisində yaşayan əhaliyə bu cür vergilər tətbiq edilməsinin yolverilməz olduğunu diqqətə çatdırıb.

    İdarə Heyəti son vaxtlar tikinti sektorunda hərəkətliliyin artması və bundan dolayı tikinti obyektlərinin aparıldığı ərazilərdə yaşıllıqların məhv edilməsi faktından ciddi narahat olduğunu bildirib və hakimiyyəti yaşıllıqların soyqırıma məruz qoyulmasında məsul olan şəxslərə ciddi cəzalar tətbiq etməyi və Bakı şəhərinin ekoloji sağlamlığını qorumağa çağırıb.

    ADP İdarə Heyəti “gülənçi” damğası ilə ittiham eilərək istintaqa cəlb edilən AXCP sədri Ə.Kərimlinin köməkçisi F.Əmirliyə vergidən yayınma adı ilə yenidən ittiham irəli sürülməsi faktının hakimiyyətin müxalif düşüncə üzərində basqının davamı kimi dəyərləndirib və bu cür yalançı hökmlərin insanları siyasi motivlər üzrə gözardı edilməsinə xidmət etdiyini diqqətə çatdırıb və iqtidarı ölkə adını qara siyahılara düşməsinə zəmin yaradan siyasi motivli həbslərdən əl çəkməyə çağırıb.

    İdarə Heyəti son vaxtlar əhalinin qazla təmin edilməsi sahəsində kobud qanun pozuntularının artması, qazlaşdırılmada fasilələrin yaradılması, ayrı-ayrı məmurların qazanc götürmək məqsədi ilə qaz sisteminə təzyiqli hava vurulması faktlarını qətiyyətlə pisləyib və hakimiyyəti bu cür cinayət əməllərinə qol qoyan şəxsləri ciddi şəkildə cəzalandırmağa çağırıb.

    İdarə Heyəti son vaxtlar bir sıra müxalif partiya üzvlərinin ölkə xaricinə mühacirət etmə səbəbi ilə partiya sədr və funksionerlərinin prokurorluq orqanlarına çağırılaraq dindirilmələr aparılması, onlara təzyiqlər göstərilməsi faktlarını pisləyib və bu cür halların məhz mühacirət üçün əsas olduğunu diqqətə çatdırıb.

    KƏNAN