Ərdoğan 3 ildən sonra partiyasına qayıtdı – 57 il sonra Türkiyədə yenidən partiyalı prezident oldu

    6

    Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğan üzvlük bəyannaməsini imzalayaraq, 33 ay sonra qurucusu olduğu “AK parti”yə (Ədalət və İnkişaf partiyası) yenidən üzv olub. Mərasimdə işirak edən baş nazir Binəli Yildırım deyib: “Qurultayda möhtərəm prezidentimizin partiya rəhbərliyinə nümaizədliyini irəli sürəcəyik. 979 günlük həsrətimiz bitdi”.

    Referendumda qəbul edən Konstitusiya dəyişikliyi sayəsində prezident Ərdoğan üzvlük bəyannaməsini imzalayaraq, 2014-cü ildə tərk elədiyi partiyaya təkrar üzv seçilib. Mayın 21-də, bazar günü keçiriləcək fövqəladə qurultayda prezidentin Ədalət və İnkişaf partiyasına yenidən rəhbər seçiləcəyi gözlənilir.

    2014-də tərk eləmişdi

    2014-cü il avqustun 10-da prezident seçilən R.T.Ərdoğan, Ədalət və İnkişaf partiyasının 2014-cü il avqustun 27-də keçirilən 1-ci fövqəladə qurultayında partiya sədrliyini Əhməd Davudoğluna həvalə edərək onun sıralarını tərk eləmişdi.

    57 il sonra qanun yenidən dəyişdi

    Türkiyədə 1961-ci il Konstitutsiya dəyişikliyi ilə prezidentlərin partiyaları ilə münasibətlərinin kəsilməsi qanunu qüvvəyə minmişdi. 1982-ci il Konstitutsiyasında da bu hökm qüvvədə qaldı.

    2017-ci il aprelin 16-dakı Konstitutsiya dəyişikliyi ilə Türkiyədə prezidentin partiya üzvü olması əngəli ortadan qaldırıldı. Prezident Ərdoğanın bu gün partiyasına üzvlüyə qayıdışı ilə Türkiyədə 57 il sonra yenidən partiyalı prezidentlik bərqərar olacaq. Türkiyə siyasi tarixində ölkə prezidenti, CHP-nin (Cunhuriyyət (respublika) Xalq Partiyasının) qurucusu Mustafa Kamal Atatürk həm partiyanın sədri, həm də prezident vəzifələrini eyni zamanda icra eləyib. Atatürk dünyasını dəyişdikdən sonra CHP-nin sədri olan İsmet İnönü də 1950-ci ilə qədər həm prezidentlik, həm də partiya sədrliyi vəzifələrini birgə icra edib. Demokrat partiyasının iqtidara gəlməsi ilə Celal Bayar prezident seçilib. Bayar, Demokrat partiyasının sədrliyindən istefa versə də, partiya üzvüyündən çıxmadan prezidentlik vəzifəsini icra edib.

    Mayın 21-dən sonra prezident Ərdoğan partiya sədrliyinə qayıdaraq vəzifələrinin icrasına davam edəcək.

    Hurriyyet.org