Alman hökumətinə Türkiyə təzyiqi: “Müzakirələr kəsilsin”

    3

    Hurriyyet.org xəbər verir ki, Almaniya parlamentinin xarici əlaqələr komissiyasının başçısı və koalisiya hökumətinin üzvü olan Xristian Demokrat İttifaqının üzvü Norbert Röttgen hökumətin Türkiyəyə qarşı münasibətini tənqid edib.

    Almaniyanın ictimai televiziyası olan ARD-də bazar günü axşam iştirak elədiyi bir proqramda Türkiyə ilə bağlı mövqeyini açıqlayan Röttgen müzakirələrin sadəcə bir “uydurma” olduğunu bildirərək deyib: “Zənnimcə, Türkiyə kimi mühüm bir ölkə ilə bağlı belə bir siyasət yürüdülməməlidir. Buna görə də, müzakirələri kəsilməsinin tərəfdarıyam”.

    “Ümidlərə görə yox, reallıqlara görə davranmaq lazımdır”

    Alman hökumətinin Türkiyəyə qarşı münasibətini tənqid edən xristian-demokrat siyasətçi, xarici işlər naziri Siqmar Qabriyelin “üzvlük müzakirələrinin məzmundan kasad bir uydurma olduğunu olduqca yaxşı bilməsinə rəğmən, qərarlı şəkildə müzakirələrin davam etdirilməsi tərəfdarı olan bir mövqə göstərdiyini” bildirib.

    “Deutsche Welle” nəşrinin türk redaksiyasının verdiyi xəbərə görə, Röttgen bu davranışın “özünü inkara yol açmaqdan savayı, eyni zamanda da Almaniyanın Türkiyəyə qarşı real bir siyasətə malik olmamasının” göstəricisi olduğunu da deyib, “keçmiş zamanların ümidlərinə deyil, reallıqlara görə istiqamət götürməsinin vaxtının yetişdiyini” söyləyib. Siyasətçi, həmçinin bu sözlərinin baş nazir Angela Merkelin tənqid olunması kimi qəbul edilməməsinin lazım olduğunu da vurğulayıb: “Baş nazir özünün bir vəzifəsinin də Avropanı birləşdirmək olduğunu söyləyib”.

    Qırmızı xətlər

    Avropa İttifaqı rəhbərliyi Türkiyə üçün edam cəzasının qüvvəyə minəcəyi təqdirdə üzvlük müzakirələrinin dərhal dayandırılacağını bildiriblər. Türkiyə prezidenti R.T.Ərdoğan isə referendumdan əvvəl və sonra dəfələrlə edam cəzasının qəbul edilməsi məsələsinin səsverməyə qoyulacağını bildirib.

    Bu “qırmızı xətt”in çəkilməsinin çox gec olduğunu bildirən Röttgen deyib: “Zənnimcə, qırmızı xətt Konstitusiya referendumu idi. Çünki seçki qutularından “bəli” səsi çıxan Konstitusiya refendumu onsuz da Türkiyədə hüquqi dövlətin və demokratiyanın sonu deməkdir”.

    Hurriyyet.org