“Qərb və Rusiya bizim problemimizə münasibətdə ortaq mövqedədir” – POLİTOLOQ

    3

    “Artıq Azərbaycan və Ermənistan arasındakı danışıqlarda münaqişənin həlli məsələsi yox, atəşkəsə riayət olunması ilə bağlı problemlərin həlli müzakirə olunur. Bu səviyyədə reqress baş verib”.

    Hurriyyet.org xəbər verir ki, bu fikirləri politoloq Şahin Cəfərli məsələni şərh edərkən səsləndirib.

    “Əkisinə, vasitəçilər atəşkəs pozuntularının qarşısının alınması üçün təmas xəttində xüsusi mexanizm qurulması məsələsini önə çıxardılar”

    “Halbuki ötən ilin aprelindən sonra gözləntilər var idi ki, Azərbaycanın çox qısamüddətli də olsa güc göstərməsi və çox minimal da olsa uğur qazanması danışıqlara pozitiv təsir edəcək, həll prosesi, bizim maraqlarımız əvvəlkindən daha artıq nəzərə alınmaqla, sürətlənəcək. Lakin bu, baş vermədi. Əksinə, vasitəçilər atəşkəs pozuntularının qarşısının alınması üçün təmas xəttində xüsusi mexanizm qurulması məsələsini önə çıxardılar. Aprel döyüşlərindən sonra keçirilən bütün görüşlərdə əsas müzakirə mövzusu məhz bu olub və hətta Vyana, Sankt-Peterburq görüşlərində bu barədə razılıq əldə edildiyi açıqlanıb” – deyə politoloq bildirib.

    “Ərdoğan Türkiyəsi bizim regionda Rusiyanın maraqları əleyhinə ciddi addımlar atacaq cəsarətə sahib deyil”

    Cəfərli diqqətə çatdırıb ki, mövcud durumda sözügedən mexanizmin qurulması Azərbaycanın maraqlarına tam ziddir və işğalçını rahatlatmağa yönəlib: “Vəziyyəti çətinləşdirən əsas amil budur ki, heç bir beynəlxalq məsələdə anlaşa bilməyən Qərb və Rusiya bizim problemimizə münasibətdə ortaq mövqedədir. Qərb Qarabağ məsələsini faktiki Rusiyaya həvalə edib və qarışmır. Ərdoğan Türkiyəsi isə bizim regionda Rusiyanın maraqları əleyhinə ciddi addımlar atacaq cəsarətə sahib deyil”.

    “Yaranmış vəziyyət bizi Rusiyaya məhkum edir”

    Politoloq hesab edir ki, yaranmış vəziyyət Azərbaycanın manevr imkanlarını aradan qaldırır və bizi Rusiyaya məhkum edir: “Hakimiyyətin məşhur balans siyasətinin Qarabağ münaqişəsinin həlli baxımından hər hansı effekt vermədiyi də ortadadır”.

    Şamo, Hurriyyet.org