Ərdahanda cəsədi tapılan “Qafqaz fatehi“ kimdir?

    6

    Şəhərin Karagöl məhəlləsində qazma qurğusu ilə təməl qazılarkən üzərində xaç işarəsi olan bir tabut ortaya çıxıb. İnşaat işçiləri əlaqədar təşkilatlara məlumat veriblər. Hadisə yerinə gələn polis qazıntı sahəsinin ətrafında təhlükəsizlik tədbirləri görüb. Torpaq altındakı tabutu çıxaran əməkdaşlar onun içərisində bir rus generalına məxsus olduğu deyilən skeletin əynində çürüməyə üz tutmuş çəkmələr və palto olduğunu bildiriblər.

    Qızıl şayiəsi

    Tabutun tapılması Ərdahan sakinlərində böyük maraq və həyəcan doğurub. Qısa müddət ərzində sosial şəbəkələrdə yayılan xəbərdən sonra yüzlərlə insan tabutu görmək üçün inşaat sahəsinə axın edib. Bu arada insanlar arasında qazıntı zamanı qızıl və tarixi əsərlə tapıldığı şayiələri də yayılıb. Çevik Qüvvə əməkdaşları qazıntı yerinə daxil olmaq istəyənləri zorla uzaqlaşdırıblar. Rus generala məxsus olduğu irəli sürülən tabutdakı skeletin prokurorluq tərəfindən araşdırılmasından sonra Kars muzeyinə təslim ediləcəyi bildirilib.

    Arxeoloq araşdırma aparıb

    İnşaatın təməlində tapılan tabutu birinci incələyən Kars muzeyinin əməkdaşı olan arxeoloq bunun bir rus generala məxsus ola biləcəyini söyləyib. Arxeoloq Solakıoğlu deyib: “Asayişdə dünən axşam saatlarında inşaat qazıntısı zamanı bir tabut tapıldığı xəbəri gəlib. Biz də inşaat sahəsinə gedərək lazım olan tədqiqatı apardıq. Araşdırma zamanı rusların 1878-ci ildən sonra buraya gəlməzini nəzərə alaraq, mütləq o dövrdə yaşamış bir rus generala aid bir tabut olduğunu güman edirik. Tabutun içərisində dəyərli bir əşyaya rast gəlmədik. Rus hərbçisi xristian dininə uyğun şəkildə tabut içərisində basdırılmış şəkildə tapılıb”.

    General-mayor Vasili Qeyman

    Üzərindəki paltarların, saçının və saqqalının pozulmadığı görünən skeletin rus general Vasili Qeymana məxsus ola biləcəyi güman edilir. 1877-1878-ci illərdəki Osmanlı-Rusiya müharibəsində general kimi iştirak edən Qeyman 1978-ci il aprelin 13-də Karsda vəbadan vəfat eləmişdi.

    Rusiyanın “Sputnik” agentliyinin Rusiya mənbələrində apardığı araşdırmaya görə, tabut Vasili Qeymana məxsus ola bilər. O, 1839-cu ildə orduda qulluq eləməyə başlayıb. Qafqazdakı hərbi əməliyyatlarda iştirak edib. Rusiya tarixinə “Qafqazın fatehi” kimi düşüb. 1877-78-ci illərdə Kars-Ardahan bölgəsində Muhtar Paşa ilə İsmayıl Paşanın komandanlıq etdikləri Osmanlı qüvvələri ilə müharibə edib. “Sputnik”in yazdığına görə, tarix kitablarında Qeymanın harada torpağa tapşırıldığı barədə məlumat yoxdur, bəzi mənbələrdə isə generalın Karsda basdırıldığı deyilir. Cənubi Qafqazda, Tuapsedə onun adına Qeyman dağı vardır. Nəvəsi Vasili Qeyman sovet tarixçi akademiki olub.

    Hurriyyet.org