Tramp Seuldan 1 milyard dollar istəyir – “THAAD-ın pulunu verin!”

    9

    Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp THAAD raket hücumundan müdafiə sistemi üçün Cənubi Koreyaya “ödəniş qəbzi” göndərib. Amerikalı lider Seuldan milyard dollar almaq niyyətindədir.

    Tramp onu da bildirib ki, azad ticarətlə bağlı ölkələr arasında mövcud olan “dəhşətli” razılaşmadan da qurtulmaq, ya da müqaviləni təzələmək niyyətindədir.

    Cənubi Koreyanın Müdafiə Nazirliyi isə cavabında deyib ki, THAAD-ın xərcini amerikalılar özləri çəkməlidir. Hərbçilər özlərinin “baza mövqeyində” olduğunu bildiriblər.

    THAAD nədir?

    THAAD (Terminal High Altitude Area Defense) sistemi atmosferdən yüksəkdəki kiçik və orta radiuslu raketlərin hücumunun qarşısının alınması üçün nəzərdə tutulub. Vaşinqton ilə Seul bu silahın tədarükü barədə hələ 2016-cı ildə razılaşma əldə ediblər. Bununun səbəbi kimi isə Şimali Koreya raketlərinin Seul üçün təhdid olduğu göstərilib.

    CənubiKoreya mətbuatının məlumatına görə, qurğu dörd-altı hərəkətli tırtılı hissədən ibarət olur və onların hər biri 8 rakettutan üçün nəzərdə tutulub. Cənubi Koreyanın MN raket əleyhinə qurğuların fəaliyyət radiusunun 200 kilometri keçmədiyini bildirir. Çərşənbə günü Cənubi Koreya hərbi rəhbərliyi bildirmişdi ki, sistemin tam quraşdırılmasının bu ilin sonuna qədər başa çatacağı gözlənilir. ABŞ-ın Sakit Okean komandanlığının admiralı Harri Harris isə THAAD raket hücumundan müdafiə sisteminin yaxın günlərdə işə salınacağını bəyan edib.

    Əgər bir milyard dollar ABŞ-ın hesabına keçirilsə, Koreyanın ikiyə bölünməsinin, bir xalqın iki dövləti arasındakı ziddiyyətin və son zamanlarda gündəmdən düşməyən müharibə şousunun və nəticədə baş tutmuş silah satışının əslində kimin üçün sərfəli olduğu bəlli olacaq.

    Hurriyyet.org