Abdulbari Gözəlin açıqlaması azarkeşləri məyus edib

    3

    İcra başçısının müavini: “Biz “Qarabağ”ı nəinki qəbul etməyə, bu ad üçün canımızdan da keçməyə hazırıq”

    “Qarabağ”ın çempionluq kubokunu Ağdama aparıb-aparılmayacağı ilə bağlı məsələ gündəmdədi. “Sumqayıt”la oyundan sonra mükafatlandırma mərasiminə qatılan klub prezidenti Abdulbari Gözəl kuboku Ağdama aparmaq niyyətində olmadıqlarını bildirdi. Onun jurnalistlərə açıqlamasına diqqət yetirək: “Bir neçə dəfə bu haqda danışmışıq. Kubokun ordan-ora, burdan-bura aparılması bizim üçün enerji itkisidi. “Qarabağ” təkcə Ağdamı yox, bütün Qarabağı təmsil edir. Ona görə də vaxtımızı və enerjimizi belə işlərə sərf etməməliyik. Komandanın adını yaşatmaq lazımdı”.
    Müvəqqəti olaraq Bakıda məskunlaşan klub rəhbərliyinin bu cür açıqlama verməsi əslində heç bir məntiqə sığmır və absurddu. Yəqin ki, Abdulbari bəy müəyyən hissəsi işğal altında olan Ağdamın 22,6 faizinin, o cümlədən Quzanlı qəsəbəsinin nəzarətimiz altında olduğunu nəzərə almayıb. Bu ərazidə yaşayan insanlar da təbii ki, “Qarabağ”a azarkeşlik edir. Baxmayaraq ki, sevimli klublarının oyunlarını canlı izləyə bilmirlər. Onların hər birinin arzusudu ki, dogma komandanı, məşqçiləri, kubokları Ağdamda görsünlər. Məgər həmin tərəfdarların, sadə ağdamlıların arzusunu gerçəkləşdirmək enerji itkisi sayılır? Qətiyyən belə deyil! Abdulbari bəyin bu fikirləri nəinki ağdamlıları, ölkədəki digər “Qarabağ” azarkeşlərini də məyus edib. Aldığımız məlumata görə, klub prezidentinin məlum açıqlaması komandanı dəstəkləyən fanklublarının da ciddi narazılığına səbəb olub. Ötən saylarımızın birində Ağdamın sayılıb-seçilən ziyalılarının və idman adamlarının bu məsələyə münasibətini öyrənmişdik. Bu dəfə isə azarkeş qruplarının rəhbərlərinə tribuna vermək qərarına gəldik. Görək, onlar necə düşünür?
    Elnur Quliyev, “İmarət”in rəhbəri: “Biz “İmarət” azarkeş qrupu olaraq hər zaman komandanın Quzanlıda oynamasının, kubokların ora aparılmasının tərəfdarı olmuşuq. Çünki “İmarət” “Qarabağ”ın digər fanklublarından fərqli, Ağdama daha çox bağlıdı. Ötən il də biz kubokların Ağdama aparılmasını istəmişdik. O vaxt Tahir bəy bizə söz vermişdi ki, kuboklar rayona aparılacaq. Lakin nədənsə, alınmadı. “Qarabağ” kubokun finalında oynadı, ardınca futbolçular istirahətə yollandılar. Sonra da avrokubokların hazırlığı başladı. “Sumqayıt”la oyunda Abdulbari Gözəl stadionda idi, mükafatlandırmada iştirak etdi. Biz də şüar səsləndirdik ki, kuboklar Ağdama aparılsın, azarkelərlə görüşdə nümayiş olunsun. Lakin onun jurnalistlərə o cür açıqlama verməsi bizi incitdi. Bizim üçün çox qəribə gəldi. Abdulbari bəy komandanı yaxından izləyir, nəzarət edir. O da klubun planlarından xəbərdardı. Bilirsiz ki, “Azərsun”un “Qarabağ”la bağlı heç bir maddi marağı yoxdu. O şirkət Qarabağ, Azərbaycan adına kluba dəstək olur. Buna baxmayaraq, o açıqlama bizi üzdü. Biz Ağdam rayonunun İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Ordan bildirdilər ki, “Sumqayıt”la oyundan sonra Tahir Gözəllə danışıblar. Tahir bəy bildirib ki, mayın 5-dən, yəni “Qəbələ” ilə kubokun final matçından sonra çempionluq kubokunu Ağdama gətirmək istəyirik. Onlar da bunun üçün şərait yaratmağa hazırdılar. “İmarət”in mövqeyi budu ki, kubok mütləq Ağdama aparılsın, azarkeşlərə nümayiş olunsun. Bu onlar üçün bir təskinlik olar. Gəlin, Abdulbari bəyin son açıqlamasını pis tərəfə yozmayaq. Ümid edək ki, kubok Ağdama aparılacaq. İcra Hakimiyyətində hər kəs “Qarabağ”ın sıravi azarkeşidi. Hamı klubu dəstəkləyir. Özləri də komandanın Ağdama gəlməsini istəyirlər. Bizim yeganə istəyimiz odu ki, sərhəd bölgəsində yaşayan azarkeşlər komandanı və kubokları canlı görsünlər”.
    Elnur Süleymanov, “Qarabağ ordusu”nun rəhbəri: “Təbii ki, hər kəs kubokların Ağdama aparılmasını istəyər. Şəxsən bizim azarkeş qrupu bunu istəyir, özü də çox. Lakin Abdulbari bəyin sözlərini mənfi qiymətləndirməyək. Klub rəhbəri o cür fikri kefindən demir. O başa düşür ki, mövsüm bitir, futbolçuların istirahəti var, sonra komandanın Çempionlar Liqasının oyunlarına hazırlaşması və başqa detallar var. Bu il klubun məqsədi ÇL-in qrup mərhələsinə vəsiqə qazanmaqdı. Yəni Abdulbari bəy vaxt azlığını nəzərdə tutaraq o sözü deyib. İndi bütün futbolçular istirahəti gözləyir. Gərək hər şey plana uyğun olsun. Uzun fasilədən sonra çempion olanda kubok Ağdama aparılmışdı. Ümid edirəm ki, vaxt tapıb bu dəfə də aparacaqlar”.
    Ramiz Bayramov, “Qarabağ Boys”un rəhbəri: “Ötən il də bu problem yaşandı, kubok Ağdama aparılmadı. Bu ilə də eyni mövzu ilə qarşılaşırıq. Çox istərdik ki, kubok Quzanlıya aparılsın. Niyə? Ona görə ki, orda yaşayan insanlar sevimli komandanın oyunlarını canlı izləyə bilmirlər. Heç olmasa, futbolçuları, kubokları görsünlər. Rəhbərliyin işinə qarışmaq doğru olmazdı. Planı necə qurublar, onunla gedəcəklər. Lakin azarkeş qrupunun mövqeyi belədi ki, kubok Ağdama aparılsın. 5 çempionluq orda təntənəli şəkildə ağdamlılarla qeyd olunsun. Hamımız bunu istəyirik. Məsələn, biz elə sizin dediyiniz kimi məktub da yaza bilərik. Azarkeşlər adından klub rəhbərliyinə məktub yazıb, onun altına imzamızı qoya bilərik. Və ya Ağdamda yaşayan ağsaqqllar adından belə bir məktub yazmaq olar. Bu, çox gözəl ideyadı. Klub rəhbərliyinin borcudu ki, getsin, uğurlarını Ağdam camaatına təqdim etsin. Klubun uğurlarını canlı görmək azarkeşlərin haqqıdı. Özü də həmin bölgədə yaşayanların”.
    Tutaq ki, “Qarabağ” rəhbərliyi kuboku Ağdama aparmaq istərdi. Bəs Ağdam rayon rəhbərliyi, yəni İcra Hakimiyyəti buna razıdımı? Ümumiyyətlə, Quzanlı qəsəbə stadionunda bu cür tədbirin keçirilməsi üçün şərait varmı? Odu ki, həm rayon, həm də stadion rəhbərliyinin fikrilərini öyrənmək qərarına gəldik. Rayon İcra Hakimiyyətinin başçısının müavini Eldəniz Abdullayevi dinləyək: “Bizim üçün heç bir problem yoxdu. Komanda çempion olan kimi rəhbərliklə əlaqə saxlamışdıq. Lakin həmin dönəmdə Qurban Qurbanovun anası dünyasını dəyişdi, məsələ ilə ciddi maraqlana bilmədik. Ümid edirəm ki, kubok Ağdama gətiriləcək. Biz hər cür şəraiti təmin etməyə hazırıq. May ayında bəzi tədbirlərimiz var. İndi həm “Qarabağ”, həm də bizim üçün uyğun vaxt tapıb, kuboku Quzanlıya aparmağa çalışacağıq. Biz “Qarabağ”ı nəinki qəbul etməyə, bu ad üçün canımızdan da keçməyə hazırıq”. Quzanlı İdman Olimpiya Kompleksinin rəhbəri Vaqif Balakişiyev isə bunları dedi: “Düzünü desəm, stadion pis gündədi. Hər yer qırılıb, tökülür. Oturacaqlar olsa da, heç olmasa, bu cür tədbirin keçirilməsi üçün fasadı təmir olunsun. Düzdü, orda futbol oynamayacaqlar. Amma bir az təmir olunsa, yaxşı olar. Buna da bir az xərc lazımdı. Buna baxmayaraq, biz “Qarabağ”ı Ağdamda görməyə, komandanı qarşılamağa hər zaman hazırıq”. /football-plus.az/
    ŞƏFİ ŞƏFİYEV