NÜVƏ MÜHARİBƏSİ QAPIDA – ABŞ nüvə texnologiyasına 1 trilyon dollar vəsait ayırır

    12

    Vladimir Putin: “Bu işin axırı necə olacaq, bilmirəm”

    Amerika Yer kürəsin dağıtmaq istəyir?
    Tarixə «böyük ünsiyyət ustası» – kombinator kimi daxil olan Ronald Reyqan 1981-ci ilin 20 yanvarında prezident kimi andiçmə mərasimində qanadlı bir ifadə işlətmişdi. O, demişdi: “ABŞ böhran içindədir, ancaq hökumət böhranla bağlı problemi həlli edə bilməz, çünki hökumət özü başdan-ayağa problemdir“. O vaxt ABŞ respublikaçı prezidentin səyi nəticəsində yeni hökumət qurdu və ölkəni böhran məngənəsindən xilas etdi…

    Bugünkü Amerika da ciddi problemlə üz-üzədir. Çünki yeni seçilmiş prezident Donald Trampın özü və hərbçilərin üstünlük təşkil etdiyi hökuməti bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilməkdədir. Siyasətdə naşı olan və spontan qərarlar verməyə meylli Donald Trump haqqında dünya çapında müsbət fikirdə olan ciddi bir siyasətçi yoxdur. İş o həddədir ki, Roma Papası Frensisk onu xristian belə saymır. Və belə bir adamın ABŞ kimi nəhəng nüvə arsenalına sahib olan ölkənin başında olması dünyada ola biləcək nüvə müharibəsi xofunu günbəgün artırır…

    Roma Papasının bugünlərdə verdiyi “Bəşəriyyətin gələcəyi təhlükədədir”, bəyanatı vəziyyətin nə qədər dramatik olduğundan xəbər verir. Ekstremist düşüncəli siyasətçilər bizi nüvə müharibəsinə sürükləyir.

    “Balaca oğlan”, “Gömbul”… bu gün oyuncaq sayıla bilər

    “Картинки

    Nüvə müharibəsi haqqında bəşəriyyətin müəyyən təsəvvürü var. 1945-ci il 6 avqust tarixində ABŞ “Balaca oğlan” şərti adlı atom bombasını Horoşima şəhərinə, avqustun 9-da isə “Gombul” ləqəbli bombasını Naqasaki şəhərinə atdı. 215 min nəfər öldü. Ölməyənlər də həyatlarının sonuna kimi müxtəlif xəstəliklərdən əziyyət çəkdi.

    “Balaca oğlan”ın gücü 13-18 kiloton trotilə, “Gombul”un isə gücü 21 kiloton trotilə bərabər idi. İndi isə ABŞ-ın nüvə arsenalında gücü 500 kiloton trotilə bərabər nüvə silahları var. Yəni indiki nüvə silahının gücü ilə müqayisədə Yaponiya şəhərlərinə atılan atom bombaları oyuncaq hesab oluna bilər…

    Pakistan-Hindistan savaşı

    “Картинки

    Mütəxəssislərin hesablamasına görə nüvə klubunun autsayderləri sayılan Pakistan və Hindistan arasında nüvə müharibəsi olsa və həmin müharibə zamanı ABŞ-ın Yaponiya şəhərlərinə atdığı gücdə bombalar partlasa Rusiya və Kanadada taxıl zəmilərindən əsər-əlamət qalmayacaq. Asiyada musson yağışları 10 faiz azalacaq. Bu isə aclıqdan ən azı 100 milyon insanın ölümü deməkdir. Orasını özünüz düşünün ki, əgər ABŞ, Çin və Rusiya arasında nüvə müharibəsi olsa Yer kürəsi nə günə düşə bilər…

    Vladimir Putin: “Bu işin axırı necə olacaq, bilmirəm”

    Ötən ilin iyununda Vladimir Putin Polşada və Rumıniyada quraşdırılmış ABŞ-ın anti-raket sistemi haqqında danışarkən vurğuladı ki, bu sistem İranı yox, məhz Rusiya və Çini hədəfə alıb: “Bu işin axırı necə olacaq? Düzü, bilmirəm. Bildiyim yalnız odur ki, biz özümüzü müdafiə etmək zorundayıq”.

    Göründüyü kimi, Rusiya da nüvə müharibəsi təhlükəsi qarşısında özünü o qədər arxayın hiss etmir. Baxmayaraq ki, Rusiya ərazi baxımından dünyanın ən böyük ölkəsidir və belə bir ölkəyə qarşı nüvə müharibəsi o qədər də effektli olmaya bilər…

    Kuba böhranı

    “Картинки

    ABŞ və SSRİ arasında gedən Soyuq Savaş dünyanı iki qütb arasında bölmüşdü. Belə bir fonda SSRİ ilə ABŞ arasında sovet raketlərinin 1962-ci ilin oktyabrında Kubada yerləşdirilməsi ilə bağlı gərginlik yaşandı.

    SSRİ-nin o zamankı rəhbəri Nikita Xruşov Kubaya Sovet nüvə silahlarının yerləşdirilməsi üçün əmr verdi. Əməliyyat gizli həyata keçirildi. Xruşovun planına görə, Sovetlərin Amerikadan daha az nüvə başlığı olmasına baxmayaraq, yaxın məsafə əldə etməsi ilə SSRİ nüvə yarışında Amerikadan daha avantajlı bir mövqeyə keçəcəkdi. Ancaq Amerikanın casus təyyarələri Sovet nüvə mərkəzlərini tez bir zamanda müəyyən etdi.

    Fidel Kastro bu böhran haqqında deyirdi: “Nüvə mərkəzlərini oktyabrın 16-da müəyyən etdilər. Çox hündürdən uçan bir Amerika U-2 casus təyyarəsi fırlanan rampaların fotoşəkillərini çəkir. Əslində nüvə başlıqlarının dəqiq yerini Amerikalılara Sovet gizli mərkəzindən polkovnik Oleq Penkovskinin verdiyi bilinir. U-2 bunları sonradan müəyyən edir. Kennedi həmin gün ayın 16-da xəbərdar edilir, böhran o vaxtdan başlanır“.

    Kennedi uzun sürən müzakirələrdən sonra Kubanın dənizdən mühasirəyə alınmasına qərar verdi. Bu arada Atlantik okeanında Sovet gəmiləri Kubaya yaxınlaşırdı. Xruşov 1962-ci il oktyabrın 27-də Kennediyə göndərdiyi məktubda ABŞ-ın Türkiyədəki nüvə mərkəzlərini sökdüyü təqdirdə (Türkiyə ərazisində nüvə silahının olması barədə türk xalqına 40 il sonra məlumat verilib – Elbəyi Həsənli) SSRİ-nin də Kubadakı nüvə mərkəzini sökəcəyini, Türkiyənin ərazi bütövlüyünə və müstəqilliyinə hörmət ediləcəyi, daxili işlərinə qarışmayacağı və işğal etməyəcəyini bildirmiş və Kubadakı nüvə mərkəzlərinin sökülməsinin əvəzində ABŞ-ın da eyni sözləri Kuba barədə verməsini istəmişdi.
    Sonda Xruşovla Kennedi anlaşdı və Kuba böhranı sona yetdi, bəşəriyyət nüvə fəlakətinin bir addımlığından geri döndü…
    Nüvə Klubu

    Bu kluba 9 ölkə daxildir. ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya, Hindistan, Pakistan, Şimali Koreya və İsrail. Cənubi Afrika və İran nüvə silahı əldə etməyə can atsa da buna nail ola bilmədilər. Cənubi Afrikanın bir zamanlar nüvə silahına malik olduğunu iddia edənlər də var…

    Nüvə yarışının tarixçəsi

    II Dünya Müharibəsi ərzində ABŞ Böyük Britaniya və Kanada alimləri ilə birlikdə atom bombası əldə etməyə çalışırdı. Amerikanı qorxudan o idi ki, faşist Almaniyası onları qabaqlaya bilər. Ancaq Almaniya buna nail ola bilmədi. Nüvə silahı elə alman alimlərin köməyi ilə ilk dəfə Amerikada ortaya çıxdı…

    Hazırda ABŞ-ın nüvə arsenalı nüvə klubuna daxil olan ölkələrin birgə arsenalından daha zəngindir. Ancaq Amerika bu nəticə ilə kifayətlənmək istəmir. Bu barədə aşağıda daha ətraflı məlumat verəcəyik…

    ABŞ-dan sonra SSRİ atom bombası yaratdı. Hazırda da SSRİ-nin varisi sayılan Rusiya nüvə silahı baxımından ABŞ-dan xeyli geridə qalır…

    Böyük Britaniya və Fransanın da nüvə silahı əldə etməsi o qədər də çətin olmadı. Çünki ABŞ bu ölkələrə ciddi dəstək verdi…

    1964-cu ildə Çin atom sınaqları keçirdi. Artıq 2 il sonra Çinlə Hindistan arasında sərhəddə münaqişələr yaşandı. Çin Hindistanın bəzi ərazilərini işğal edəcəyini bəyan etdi. Bildirdi ki, həmin ərazilər tarixi çin torpaqlarıdır. Qonşunun belə kəskin bəyanatları Hindistanı müvafiq addımlar atmağa təhrik etdi. Təbii ki, Hindistanın bu cəhdlərini ABŞ müdafiə etdi və Hindistan məhz Amerikanın dəstəyi ilə 1974-cü ildə atom silahı əldə etdi. Bu isə Çinin ürəyincə olmadı və rəsmi Pekin Hindistana düşmən olan Pakistana nüvə texnologiyası ötürməyə başladı. Səudiyyə Ərəbistanından axan pulun və Çinin elmi yardımı hesabına 1980-ci ilin ortalarında Pakistan hədəfinə nail oldu…

    “Картинки

    Bu məsələdə daha bir amil var. Pakistanda nüvə silahının yaradıcısı sayılan Əbdül Qədir Xan Amsterdamdakı laboratoriyada çalışmışdı. Orada Almaniya Federativ Respublikasından, Böyük Britaniya və Hollandiyadan olan fiziklər uranın zənginləşdilməsi istiqamətində tədqiqat aparırdılar. Pakistanlı alim 1974-cü ildə nüvə ilə bağlı həmin laboratoriyada əldə etdiyi materialları gizli şəkildə özü ilə götürərək Pakistana qaçdı. Həmin materiallar da Pakistanın nüvə silahı əldə etməsinə ciddi təkan verdi…

    Əbdül Qədir Xan haqqında daha bir məqam. O, 2004-cü ilin fevralında Pakistan prezidenti Pərviz Müşərrəflə görüşdən sonra canlı yayımda nüvə texnologiyasını qara bazarda satdığını etiraf etdi. Bundan əvvəlisə Qərb təkidlə onu İran, Liviya və Şimali Koreyaya nüvə texnologiyasını satmaqda ittiham edirdi. Az sonra alim ev dustağı oldu. Ancaq Amerikanın təkidinə baxmayaraq Pakistan onun yabançılar tərəfindən dindirilməsinə icazə vermədi…

    Nüvə silahı əldə etmək üçün ot da yeyərik

    Pakistanla bağlı daha bir önəmli məqama diqqət etmək gərəkir. Pakistan prezidenti Zülfüqar Əli Bhutto (Pakistanın baş naziri olmuş Benazir Bhuttonun atası. Hər ikisi siyasi sifarişlə qətlə yetirilib. – Elbəyi Həsənli) 1971-ci ildə belə bir bəyanat verdi ki, əgər Hindistanın nüvə silahı olacaqsa, Pakistanın da belə bir silahı olmalıdır: “Biz Pakistanın nüvə texnologiyasını nəyin bahasına olursa olsun inkişaf etdirəcəyik. Hətta acından ot yeməli olsaq belə Pakistanın nüvə silahı olmalıdır”…

    Ukrayna, Belarus və Qazaxıstan isə nüvə klubuna buraxılmadı

    SSRİ dağıldıqdan sonra Qərbdə nüvə silahı ilə bağlı narahatlıq gücləndi. ABŞ-ın təkidi ilə keçmiş SSRİ respublikalarında olan nüvə silahları Rusiyaya daşındı. Ukrayna (5 min ədəd nüvə silahı) , Belarusiya (81 ədəd) və Qazaxıstan (1.400 ədəd) SSRİ-dən onlara miras qalmış silahlarla vidalaşmalı oldu…

    Ərazisində nüvə silahı olan ölkələr

    “Картинки

    NATO-ya aid nüvə silahları Almaniya, Türkiyə, İtaliya, Belçika və Hollandiyanın ərazisində yerləşdirilib. Türkiyədə nüvə başlıqları İncirlik hərbi bazasındadır…

    Nüvə silahı əldə etmək gücündə olan dövlətlər

    Ümumiyyətlə götürsək, nüvə silahını yaradan almanlardır. İkinci Dünya Müharibəsindən məğlub çıxan faşist Almaniyasının alimləri atom bombasını yaratmağın bir addımlığında idi. Ancaq bu, onlara müyəssər olmadı. Əvəzində əsir götürülmüş həmin alimlər ABŞ və SSRİ-də atom silahının əldə olunması üçün yaradılmış laboratoriyalara cəlb edildi. Maraqlıdır ki, istər ABŞ-da, istərsə də SSRİ-də həmin laboratoriyalara elə almanların özləri də rəhbərlik edirdi. Məsələn, SSRİ-dəki 12 belə laboratoriyanın 11-də əsir alman alimləri tədqiqat aparırdı…

    Ona görə də Almaniya çox asanlıqla nüvə silahı əldə edə bilər. Sadəcə, faşist keçmişi Almaniyanı belə addımdan çəkindirir…

    Cənubi Koreya, Türkiyə, Kanada kimi ölkələr üçün də nüvə silahı yaratmaq elə bir problem deyil…

    Obamanın nüvə gedişi

    2016-cı ilin iyun ayında prezident Barak Obamanın rəhbərliyi altında ABŞ-ın generalları bir araya gələrək Rusiya, Çin, İran və Şimali Koreyaya qarşı nüvə silahının istifadə imkanları haqqında müzakirələr apardılar. O da sirr deyil ki, 1945-ci ildən üzübəri Pentaqon nivə silahı ilə düşmənlərinə hədə-qorxu gəlməkdədir…

    Hazırda Ağ Ev sadalanan ölkələri, İŞİD və Əl-Qaidəni Qərb sivilizasiyası üçün real təhlükə hesab edir və həmin hədəflərə qarşı suda, quruda və havada hərbi üstünlüyə can atır. Elə bu məqsədlə də nüvə silahı ilə bağlı olan 250 nəfər Nyu-Meksikoda bir araya gəldi və ABŞ-ın nüvə silahına 1 trilion dollar vəsait ayırması haqqında müzakirələr keçirildi. Bildirildi ki, 30 il ərzində bu vəsait hesabına ABŞ-ın nüvə texnologiyası daha da inkişaf etdiriləcək….

    Amerika Yer kürəsin dağıtmaq istəyir?

    Bu müzakirələrə etiraz edənlər soruşdu ki, məgər Amerika Yer kürəsini dağıtmaq fikrindədir? Onsuz da nüvə silahının varlığı bəşəriyyəti təhlükənin içinə atıb. Üstəlik, 1 trilyon dollar hətta Amerika kimi super-ölkə üçün də nəhəng pul kütləsidir. Bu qədər vəsaitin nüvə yarışına qoyulması ölkəni müflis edə bilər. Əlbəttə, tədbirə toplaşanlar bunun fərqindəydi. Ancaq onların da öz arqumenti vardı: ABŞ-ın nüvə arsenalı kifayət qədər köhnədir və müasir dövr qarşıya yeni tələblə qoyur…

    Hillari Klinton prezident olsaydı?

    “Картинки

    Nüvə silahı məsələsində Hillari Klintonun yanaşması Donald Trumpın mövqeyindən o qədər də fərqlənmir. ABŞ prezidentliyinə namizəd olarkən onun çıxışlarında bu kimi diqqətçəkən məqamlar vardı: ”Nüvə hücumu seçimi heç vaxt müzakirə stolunun üstündən kənara qoyulmamalıdır. Bu mənim dəyişməz yanaşmamdır”. Başqa bir çıxışında isə o, belə deyir: ”Mən istəyirəm ki, iranlılar bunu bilsin ki, əgər mən prezident olsam, Amerika İrana hücum edəcək. İran qarşıdakı 10 il ərzində İsraili vurmaq haqqında düşünür. Biz isə İranı belə bir hücumdan öncə tam şəkildə məhv edərik”…

    Dünya adlı səhnədə nüvə silahı varsa…

    Məşhur rus yazıçısı A.P.Çexov yazırdı: “Əgər teatr tamaşasında birinci səhnədə divardan tüfəng asılıbsa, əmin olun ki, son hissədə həmin silahdan atəş açılacaq“. Bu mənada, Yer üzü adlanan bu səhnənin ən gözəgəlimli yerindən nüvə silahları asılıb… və nə vaxtsa “o silah” atəş açacaq. Olan-qalan ağlını itirmiş bəşəriyyətin o gününü heç görmək istəməzdim…/musavat.com/