Azərbaycanın İƏT ölkələri ilə əməkdaşlığı

    3

    Ölkəmizin uğurulu siyasəti nəticəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı qurumun yekdil və birmənalı mövqeyi formalaşdı

    (Əvvəli bu linkdə: http://hurriyyet.org/xeberlenti/25854-azrbaycanin-it-olklri-il-mkdasligi.html)

    Ötən yazımızda qeyd etdiyimiz kimi, Azərbaycanın İƏT-lə münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir və strateji əhəmiyyət kəsb edir. Ölkəmiz keçmiş sovet respublikalarından ilk olaraq İƏT-ə (o zaman İslam Konfransı Təşkilatına) üzv olmaq barədə müraciət edib və 1991-ci ilin dekabrında üzv seçilib. Həmin vaxtdan İƏT-lə əməkdaşlıq normal müstəvidə inkişaf etməkdədir.

    Təbii ki, istər mərhum dövlət başçısı Heydər Əliyevin, istər də prezident İlham Əliyevin hakimiyyəti dönəmində İƏT-lə münasibətlərdə çox ciddi irəliləyiş əldə edlib. Hansı ki, biz H.Əliyev dönəmində Azərbaycan-İƏT (İKT) əməkdaşlığı haqqında dəyərli oxucularımıza məlumat vermişdik. Bu yazımızda isə son illər əldə olunan nailiyyətlərdən bəhs edəcəyik.

    Bir daha qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının müxtəlif təşkilatları ilə sıx əməkdaşlıq sahəsində ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Hansı ki, həmin fəaliyyətin nəticəsi olaraq, 23 noyabr 2006-cı ildə İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri sivilizasiyalararası dialoq daxil olmaqla müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya İSESKO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplom təqdim etmişdir. Həmçinin, 2008-ci ilin 10-11 iyun tarixlərində, “Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun genişləndirilməsi” mövzusunda Bakıda keçirilmiş beynəlxalq forumda iştirak edən İKT Baş katibi E.İhsanoğlu humanitar sahədəki fəaliyyətinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya “İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi” statusuna dair diplom təqdim etmişdir.

    Bundan əlavə, İslam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk qadın Azərbaycanın birinci xanımıdır.

    Əməkdaşlığın inkişaf xronologiyası…

    Azərbaycanla İƏT arasındakı əməkdaşlığın inkişaf xronologiyasına nəzər salmaq üçün, son illərdə bu qurumun tədbirlərində ölkəmizin iştirakı və ölkəmiz tərəfindən İƏT çərçivəsində təşkil edilmiş tədbirlərə diqqət yetirək:

    2006-cı ilin 28 fevral – 1 mart AR Təhsil Nazirliyi tərəfindən “İslam  və gənclik, təhsil, elm və maarifləndirmə” adlı elmi praktiki konfrans təşkil edilmişdir.

    2006-cı ilin 19-21 iyun tarixlərində “Hüquqlar, azadlıqlar və ədalətin harmoniyası” şüarı altında Bakıda İKT Xarici İşlər Nazirləri (XİN) Şurasının 33-cü sessiyası keçirilmişdir. Konfransın sonunda İKT-nin müvafiq qətnamələri ilə yanaşı, Bakı Bəyannaməsi və Yekun Kommunike  qəbul edilmişdir.

    2006-cı ilin 11-12 sentyabr tarixlərində Bakıda İKT-yə üzv dövlətlərin Turizm Nazirlərinin V Konfransı keçirilmişdir. Konfransın sonunda Bakı Bəyannaməsi qəbul edilmişdir. 

    2007-ci ilin 26-28 aprel tarixlərində Bakıda “Dözümlülük və qarşılıqlı anlaşmanın inkişafında KİV-in rolu” mövzusunda konfrans keçirilmişdir. Konfrans İKT üzv dövlətlərinin mətbuat institutlarının Qərb həmkarları ilə birlikdə tolerantlıq, qarşılıqlı anlaşma və hörmət prinsiplərini inkişaf etdirmək üçün əməli tədbirlər hazırlamaq, islamofobiyanın bütün formalarının aradan qaldırması məqsədilə keçirilmişdir.

    2007-ci ilin 21-22 iyun tarixlərində Bakıda “İKT üzv dövlətlərinin iqtisadiyyatında turizmin rolu” adlı beynəlxalq elmi praktiki konfrans keçirilmişdir. Konfransda İKT üzv ölkələrinin turizm nazirləri və digər rəsmi nümayəndələri iştirak etmişlər.

    2007-ci ilin 28 oktyabr – 2 noyabr tarixlərində Heydər Əliyev Fondu, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Təşkilatının Gənclər Forumu, BMT-nin İnkişaf Proqramı, İSESCO və Avropa Şurası ilə birgə təşkil edilmiş “Gənclər Sivilizasiyaların Alyansı uğrunda” beynəlxalq təşəbbüs çərçivəsində Bakı şəhərində “Alyans” gənclik düşərgəsi və yüksək səviyyəli konfrans keçirilmişdir.

    2008-ci ilin 10-11 iyun tarixlərində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda “Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forum təşkil olunmuşdur.

    2008-ci ilin 6-8 oktyabr tarixlərində Bakıda İslam ölkələrinin ali təhsil və elmi tədqiqatlar nazirlərinin IV konfransı keçirilmişdir.

    2009-cu ilin 21-22 aprel tarixlərində İKT üzv ölkələrinin hüquq mühafizə orqanları rəhbərlərinin Bakı şəhərində konfransı keçirilmiş və Bakı Bəyannaməsi qəbul edilmişdir.

    İKT XİN Şurasının 36-cı sessiyasında, məqsədyönlü səylərimiz nəticəsində, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycana iqtisadi yardımın göstərilməsi” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması” haqqında qətnamələr yekdilliklə qəbul edilmişdir.

    11-12 noyabr 2009-cu il tarixlərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası İKT Baş Katibliyi ilə birgə İKT-nin yaradılmasının 40 illik yubileyi münasibətilə Bakıda “Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış” adlı beynəlxalq elmi konfrans təşkil etmişdir. İKT Baş katibi E.İhsanoğlunun iştirak etdiyi konfransda dini və mədəni müxtəliflik, bu sahədə Azərbaycanın təcrübəsi, dinlərarası dialoqun qarşılaşdığı problemlər, İslam geosiyasəti kimi mövzular üzrə elmi müzakirələr aparılmışdır.

    7-8 mart 2010-cu il tarixlərində Qətərin paytaxtı Doha şəhərində keçirilmiş İKT üzv ölkələrinin humanitar təşkilatının III konfransında Heydər Əliyev Fondunun nümayəndə heyəti iştirak etmişdir.

    10 iyun 2010-cu il tarixində Aralıq dənizi üzərindən Fələstinə beynəlxalq humanitar yardım daşıyan Türkiyənin azadlıq donanmasına İsrailin xüsusi hərbi qüvvələrinin hücumu nəticəsində baş vermiş münaqişə ilə əlaqədar olaraq İKT Baş Katibliyi tərəfindən Ciddədə üzv dövlətlərin Xarici İşlər Nazirlərinin fövqəladə iclası keçirilmişdir. Sözügedən iclasda AR xarici işlər nazirinin müavini V.Sadıqov iştirak etmişdir.

    23-24 iyun 2010-cu il tarixlərində Bakıda İslam İnkişaf Bankının Direktorlar Şurasının XXXV illik toplantısı keçirilmişdir. Bu mötəbər tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Keçirilmiş tədbir çərçivəsində ölkəmizin bank və maliyyə sistemi üçün bir sıra yeni imkanlar əldə edilmiş və bu istiqamətdə müvafiq sənədlər imzalanmışdır.

    3-5 iyun 2012-ci il tarixlərində İƏT Baş katibi E.İhsanoğlunun başçılıq etdiyi nümayəndə heyəti AR xarici işlər naziri E.Məmmədyarovun dəvətinə əsasən ölkəmizdə rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində E.İhsanoğlu AR Prezidenti cənab İlham Əliyev, Milli Məclisin Sədri O.Əsədov, xarici işlər naziri E.Məmmədyarov və Qafqaz Müsəlmanları İdarəsinin Sədri A.Paşazadə tərəfindən qəbul edilmişdir.

    10 oktyabr 2012-ci il tarixində Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatına 3 milyon ABŞ dolları həcmində könüllü yardım etmişdir.

    25-26 aprel 2013-cü il tarixlərində Bakıda İƏT-in Əmək Nazirlərinin Konfransı keçirilmişdir.

    11 iyun 2013-cü il tarixində Bakıda İƏT Xarici İşlər Nazirlərinin Müqəddəs Əl-Qüds şəhərinə dəstək məqsədilə donor Konfransı və Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis Konfransı keçirilmişdir.

    2014-cü ilin 5-7 mart tarixlərində İƏT Baş katibi İyad Əmin Mədəninin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri baş tutmuşdur. Səfər çərçivəsində Baş katib AR Prezidenti cənab İlham Əliyev, xarici işlər naziri E.Məmmədyarov, mədəniyyət və turizm naziri  Ə. Qarayev, Qafqaz Müsəlmanları İdarəsinin Sədri A.Paşazadə tərəfindən qəbul edilmişdir.

    17-18 iyun 2014-cü il tarixlərində Bakıda İslam Əməkdaşlıq Təşkilatının Əmək Nazirlərinin ikinci Konfransının qərarına əsasən təsis edilmiş Əmək, Məşğulluq və Sosial müdafiə ilə bağlı çərçivə sənədinin icrası üzrə Rəhbər Komitəsinin ilk iclası keçirilmişdir.

    18-19 iyun 2014-cü il tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının növbəti 41-ci sessiyasında Azərbaycan Respublikasını xüsusi tapşırıqlar üzrə səfir A.Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir.

    20-21 oktyabr 2014-cü il tarixlərində Bakıda “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V beynəlxalq konfrans keçirilmişdir. 

    12 noyabr 2014-cü il tarixində Mərakeş Krallığının Rabat şəhərində keçirilmiş Fələstin və Qüdsün müdafiəsi üzrə İƏT Nazirlərinin Əlaqələndirmə Qrupunun birinci iclasında Azərbaycan Respublikasını xüsusi tapşırıqlar üzrə səfir A.Mehdiyev təmsil etmişdir.

    3-4 dekabr 2014-cü il tarixlərində Tehran şəhərində keçirilən İƏT informasiya nazirlərinin 10-cu iclasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov iştirak etmişdir.        

    21-22 yanvar 2015-ci il tarixlərində İstanbul şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının 10-cu sessiyası zamanı ölkəmizi Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı etdiyi parlament nümayəndə heyəti təmsil etmişdir.  

    5 fevral 2015-ci il tarixində Fələstin məsələsinin və əl-Qüds əl-Şərif şəhərinin müdafiəsi üzrə İslam Əməkdaşlıq Təşkilatının Nazirlərdən ibarət Əlaqələndirmə Qrupunun Norveç Krallığına, 25 fevral tarixində Rusiya Federasiyasına, 26-27 fevral tarixlərində Çin Xalq Respublikasına səfərləri  baş tutmuşdur. Səfərlər zamanı Azərbaycan Respublikasını xüsusi tapşırıqlar üzrə səfir A.Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir.

    Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində 6 aprel 2015-ci il tarixində Ciddə şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İ.Ə.Mədəni ilə görüşü baş tutmuşdur.

    18-19 may 2015-ci il tarixlərində Bakıda keçirilmiş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda İƏT Baş Katibi İ.Ə.Mədəni iştirak etmişdir.

    16 iyun 2015-ci il tarixində Yəməndəki vəziyyəti dəyərləndirmək məqsədilə İƏT-in mənzil-qərargahında (Ciddə şəhərində) keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının fövqəladə toplantısı zamanı Azərbaycan Respublikasını xüsusi tapşırıqlar üzrə səfir A.Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir.

    24-25 avqust 2015-ci il tarixlərində İƏT Baş katibinin ölkəmizə işğüzar səfəri baş tutmuşdur.

    10 sentyabr 2015-ci il tarixində İƏT Baş Katibliyi tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma separatist rejimin “yerli özünüidarə orqanları”na 13 sentyabr 2015-ci il tarixli qurama “seçki”ləri pisləyən bəyanat yayılmışdır.

    İƏT Baş Katibliyindən AR XİN-ə ünvanlanmış 4 noyabr 2015-ci il tarixli notada İƏT Baş katibi tərəfindən AR xüsusi tapşırıqlar üzrə səfir A.Mehdiyevin İƏT-in Avropa İttifaqı yanında daimi müşahidəçisi vəzifəsinə təyin edilməsi təsdiq edilmişdir.

    İƏT-in fəaliyyətində Azərbaycanın rolu

    Bu xronologiyadan da göründüyü kimi, Azərbaycanın dövlət başçısı İƏT-lə əlaqələrin genişlənməsini xarici siyasətin prioritet istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlayır. Azərbaycanın regional əməkdaşlıq məsələlərinə çox böyük önəm verdiyini diqqətə çatdıran İlham Əliyev qurumun toplantılarının birində vurğulayıb: “… Biz bir neçə beynəlxalq, regional layihələrin iştirakçısı, təşkilatçısıyıq və çox istəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də konkret layihələr daha çox olsun. Biz konkret məsələlər ətrafında diskussiya apararaq və praktik addımların atılması üçün lazım olan bütün tədbirləri görməliyik…“

    Bəlli olduğu kimi, hazırda Azərbaycanın təşəbbüsü ilə bölgədə enerji, nəqliyyat və digər sahələrdə çox önəmli addımlar atılmışdır. Azərbaycan enerji təhlükəsizliyinin möhkəmləndirilməsi işinə öz töhfəsini verməkdə davam edir…

    Sözsüz ki, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan olkələrin strateji coğrafi məkanlarda yerləşməsi, Qərblə Şərqi birləşdirən ən qısa və səmərəli nəqliyyat dəhlizinə malik olmaları, təbii sərvətlərlə zənginliyi bu təşkilatın əhəmiyyətini artıran amillərdəndir. Qeyd olunan keyfiyyətlər baxımından Azərbaycan bu təşkilatda xüsusi çəkiyə malikdir. Azərbaycan İƏT-də islahatların aparılmasında və bu təşkilatın səmərəliliyinin artırılmasında maraqlı olan ölkələrdəndir.

    “Hürriyyət”