Azərbaycanın İƏT ölkələri ilə əməkdaşlığı

    3

    Ölkəmizin uğurulu siyasəti nəticəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı qurumun yekdil və birmənalı mövqeyi formalaşdı

    Dünən Beynəlxalq Mətbuat Mərkəzində Prezident Administrasiyası (PA) və Mətbuat Şurasinin (PA) birgə təşkilatçılığı ilə Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilməsi və İslam Həmrəyliyi Oyunlarının İslam ölkələri arasında mədəni əlaqələrin möhləmləndirilməsi mövzusunda konfrans keçirildi.

    Tədbiri giriş sözü ilə açan MŞ sədri, millət vəkili Əflatun Amaşov qısa müddət sonra Azərbaycanda keçiriləcək bu mötəbər tədbirin yerli və beynəlxalq medianın gündəmində olacağını bildirdi. Onun sözlərinə görə, tolerant dövlət olan Azərbaycanda ayrı-ayrı dinlərə sitayiş edən insanlar bərabər şəkildə yaşayırlar. MŞ sədri dedi ki, Azərbaycanda ayrı-ayrı dinlərə mənsub olan insanlar heç bir fərqə məruz qalmadan yaşayırlar və Azərbaycanda islam bərqərar olduqdan sonra bu dəyərlərə xüsusi önəm verilib.

    Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov isə dedi ki, islam dünyasının həmrəyliyə ehtiyacı var: “İslam dini ilə bərabər, islam mədəniyyəti də Azərbaycanda təşəkkül tapıb. İslam mədəniyyətinə Azərbaycan mədəniyyəti töhfələrini verib. Əsrlər boyu Azərbaycanda tolerant, multikultural dəyərlər mövcud olub”.

    Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev IV İslam Həmrəyliyi Oyunlarında bütün ölkələrin iştirak edəcəyini bildirdi.

    Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə xatırlatdı ki, bu il Azərbaycanın islam ölkələri ilə diplomatik əlaqələrinin 25 illiyi qeyd olunur: “Müstəqillik əldə etdkdən sonra ölkəmiz islam ənənələrinə sadiq qalaraq bir sıra addımlar atdı. Bu baxımdan bir sıra beynəlxalq təşkilatlara qoşuldu. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən ərəb ölkələri birmınalı olaraq Azərbaycana dəstək verdi. Bu da mövcud əlaqələri göstəricisidir”.

    Həqiqətən də son 25 ildə Azərbaycan dövləti əksər islam ölkələri ilə uğurlu diplomatik əməkdaşlığa imza atıb. Əslində, IV İslam Həmrəyliyi Oyunlarında bütün ölkələrin iştirak etməsi də bunun bariz nümunəsidir. Bundan əlavə ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə əlaqələri də kifayət qədər normal müstəvidə inkişaf etməkdədir…

    İƏT-lə əməkdaşlığın başlanılması

    Qeyd edək ki, Azərbaycanın İƏT-lə münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir və strateji əhəmiyyət kəsb edir. Ölkəmiz keçmiş sovet respublikalarından ilk olaraq İƏT-ə (o zaman İslam Konfransı Təşkilatına) üzv olmaq barədə müraciət edib və 1991-ci ilin dekabrında üzv seçilib.

    Həmin dövrdə, erməni təcavüzünə məruz qalmış, informasiya-təbliğat imkanları zəif və məhdud olan ölkəmiz üçün öz haqlı mövqeyinin İslam dövlətləri tərəfindən dəstəklənməsi və onun vasitəsilə təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması çox vacib məsələlərdən idi. Təsadüfi deyildi ki, 1991-ci ildə İslam Konfransı Təşkilatının (İKT) nümayəndə heyəti problemi öyrənmək və münaqişəni sülh yolu ilə tənzimləmək imkanlarını araşdırmaq məqsədi ilə Azərbaycanda səfərdə oldu. O zaman İKT BMT, Ermənistan, Türkiyə və Rusiyanın nümayəndələri ilə problemlə bağlı müzakirələr aparıldı. Rəsmi İrəvanın tutduğu qeyri-konstruktiv mövqe İKT-nin Ermənistanla bu məsələyə dair məsləhətləşmələrinə son qoydu və təşkilat çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İKT-nin yekdil və birmənalı mövqeyi formalaşdı.

    1992-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının növbəti sessiyası zamanı İKT-yə üzv dövlətlərin xarici işlər nazirlərinin ənənəvi koordinasiya görüşünün yekun sənədində “Ermənistan-Azərbaycan münaqişəsinə dair” müvafiq maddə salındı. İKT üzv ölkələri xarici işlər nazirlərinin 1993-cü ilin aprel ayında Kəraçidə keçirilən XXI konfransında “Ermənistan və Azərbaycan arasında münaqişə” adlı qətnamə qəbul edildi.

    “Картинки

    Heydər Əliyevin mühüm sərəncamı

    1994-cü ilin may ayından etibarən mərhum prezident Heydər Əliyevin müvafiq sərəncamına əsasən, Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirinə İKT Baş Katibliyi yanında Daimi Nümayəndə səlahiyyətləri verildikdən sonra Ər-Riyaddakı Səfirliyimiz vasitəsilə mənzil-qərargahı Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşən İKT Baş Katibliyi və onun müxtəlif qurumları, o cümlədən İslam İnkişaf Bankı ilə səmərəli iş aparılmağa başlandı.

    H.Əliyevin  İKT Baş katibi ilə 1994-cü ilin noyabr ayında Bakıda keçirdiyi görüşlər, həmin ilin dekabrında İKT dövlət və hökumət başçılarının Kasablankada keçirilən VII Zirvə konfransında iştirakı və İKT Baş katibi, həmçinin bir sıra üzv dövlətlərin xahişi ilə Asiya ölkələri qrupu adından çıxışı Azərbaycanın mövqeyini təşkilat daxilində daha da möhkəmlətdi və üzv dövlətlər tərəfindən dəstəklənməsi imkanlarını artırdı. Bunun nəticəsində, İKT Zirvə görüşləri tarixində ilk dəfə, Kasablankada “Ermənistan və Azərbaycan arasında münaqişə haqqında” siyasi qətnamə qəbul edildi, həmin ildən etibarən İKT-nin  BMT ilə əməkdaşlığı üzrə müzakirə edilən problemlər siyahısına “Ermənistan və Azərbaycan arasında münaqişə” mövzusunun mütəmadi salınmasına nail olundu.

    Həm İKT Baş Katibliyi, həm də üzv dövlətlərlə aparılmış məqsədyönlü iş nəticəsində, az müddət ərzində İKT çərçivəsində daha iki qətnamə: “Azərbaycan Respublikasına iqtisadi yardım” (İKT XİN XXII konfransı – 1994-cü il- Kasablanka və İKT VII Zirvə konfransı –  1994-cü il Kasablanka) və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması” (İKT XİN XXVI konfransı – 1999-cü il Uaqaduquda və İKT IX Zirvə konfransı – 2000-ci il Doha) adlı qətnamələr İKT gündəliyinə daxil edilərək növbəti Zirvə və XİN konfranslarında Azərbaycan tərəfinin bir sıra əlavələri ilə bütün üzv dövlətlər tərəfindən yekdilliklə qəbul edildi.

    Sonradan siyasi qətnamənin adının dəyişdirilərək daha da gücləndirilməsi və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” başlığı ilə ilk dəfə 1996-cı ilin dekabrında Cakartada keçirilən İKT Xarici İşlər Nazirlərinin XXIV Konfransında və 1997-ci ilin dekabrında Tehranda keçirilmiş İKT dövlət və hökumət başçılarının VIII Zirvə görüşündə qəbul edilməsi bu məsələyə dair Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynadı. Sözügedən qətnamə növbəti İKT XİN və Zirvə konfranslarında Azərbaycan tərəfinin bir sıra əlavələri ilə mütəmadi qaydada qəbul edildi.

    Siyasi qətnamədə üzv dövlətlərin erməni təcavüzünü qətiyyətlə pisləməsi, işğalçı qüvvələrin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz çıxarılmasının tələb edilməsi, bu problemə dair Baş katibin ənənəvi illik hesabatları, İKT çərçivəsində keçirilən görüşlərdə qəbul edilən yekun bəyannamələrin müvafiq bəndlərində səsləndirilən müddəalar, habelə qondarma “Dağlıq Qarabağ Respublikasında” keçirilmiş müxtəlif qeyri-qanuni seçkilərin beynəlxalq hüquq normalarına zidd və İKT üzv ölkələri tərəfindən tanınmayan amil kimi qiymətləndirilməsi erməni tərəfinin İKT dövlətlərinə narazılığının bildirilməsi ilə müşayiət olunsa da, əks rezonans doğurdu və qeyd olunan qərar və qətnamələr əsasında həm İKT qurumları, həm də üzv dövlətlər tərəfindən Azərbaycana o zaman çox vacib olan geniş humanitar yardım fəaliyyəti həyata keçirildi.

    Şübhəsiz, təşkilata üzvlüyün ilk illərində müharibə şəraitində olan Azərbaycan xarici siyasətinin başlıca məqsədi erməni təcavüzünün səbəb və məqsədləri, onun ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı olmuşsa da, İKT ilə əməkdaşlıq prosesində təkcə bu problemin həlli ilə məhdudlaşmağa yol verilməmiş, çoxşaxəli, qarşılıqlı maraq əsasında əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilmişdir.

    Azərbaycan prezidenti İlham Əliyevin 2005-ci ilin dekabrında İKT-nin Məkkədə keçirilən III fövqəladə Zirvə görüşündə iştirakı, onun təşəbbüsü ilə 2006-cı ilin 19-21 iyun tarixlərində Bakıda İKT xarici işlər nazirlərinin növbəti XXXIII konfransının keçirilməsi də qeyd olunan siyasətin tərkib hissəsi kimi dəyərləndirilməlidir.

    Təsadüfi deyil ki, İlham Əliyevin 19 iyun 2006–cı il tarixli sərəncamına əsasən, İKT-nin sabiq Baş katibi cənab E.İhsanoğlu Azərbaycan Respublikası və İKT arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi sahəsində xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edildi. O, həmçinin 2000-ci ildə AMEA-nın fəxri doktoru adına layiq görüldü.

    Əməkdaşlığın yeni mərhələsi

    Qeyd etdiyimiz kimi, hazırda Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının müxtəlif təşkilatları ilə sıx əməkdaşlıq edir. Bu baxımdan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Həmin fəaliyyətin nəticəsi olaraq, 23 noyabr 2006-cı ildə İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri sivilizasiyalararası dialoq daxil olmaqla müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya İSESKO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplom təqdim etmişdir. Həmçinin, 2008-ci ilin 10-11 iyun tarixlərində, “Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun genişləndirilməsi” mövzusunda Bakıda keçirilmiş beynəlxalq forumda iştirak edən İKT Baş katibi E.İhsanoğlu humanitar sahədəki fəaliyyətinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya “İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi” statusuna dair diplom təqdim etmişdir.

    Əlamətdar haldır ki, İslam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk qadın Azərbaycanın birinci xanımıdır.

    (Ardı var)

    “Hürriyyət”