Ərdoğandan Rza Zərrab açıqlaması: “Atamın oğlu deyil, amma…”

    9

    “Güləni həbs etmək əvəzinə 400 akrlıq sahədə qonaq saxlayırlar”

    Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Röyters” beynəlxalq informasiya agentliyinə müsahibə verib. O, müsahibəsində Amerikada həbsdə olan Türkiyə vətəndaşları – biznesmen Rza Zərrab və “Halkbank”ın direktor müavini Mehmet Hakan Atilla barəsində də danışıb.

    May ayında ABŞ prezidenti Donald Trampla görüşündə ikitərəfli münasibətlər, Suriya, İraq, terrorla mübarizə məsələlərindən bəhs edəcəklərini söyləyən, “Rza Zərrab dosyası”nı da gündəliyə salacağını bildirən Ərdoğan deyib: “Zərraab atamın oğlu deyil, lakin mənim bir vətəndaşımdır. Əgər bir günahı vardırsa, bununla bağlı cinayət işini Ədliyyə Nazirliyinə göndərmək lazımdır, yoxsa, uydurma dəlillərlə həbs edilərsə, biz vətəndaşına sahib çıxmayan ölkə vəziyyətinə düşərik. Hakan bəy isə indiyə qədər ABŞ-a yeddi dəfə gedib-gəlib, ortada heç bir şey yox ikən, son anda ona qarşı belə bir iddianın qaldırılması bədniyyətli bəzi təşəbbüslərin olduğunu göstərməkdədir. Təbii ki, burada da FƏTÖ ilə bağlı əlaqələrin olduğunu hiss edir və görürük. Bu oyunu pozmaq lazımdır. Dövlət olaraq bizi bu işə cəlb eləmək istəyənlər var. Bu məsələ ilə bağlı möhtərəm prezidentlə danışıqlarımız olacaq. ABŞ-ın FƏTÖ liderini 400 akrlıq ərazidə qonaq saxlamaları düşündürücüdür. Dövlət tərəfindən həbs ediməməsi, yaxud da şübhəli şəxs qismində tutulub saxlanılmaması düşündürücüdür. Bu məsələləri cənab Tramp ilə müzakirə edəcəyəm”.

    Hurriyyet.org