ƏRDOĞAN PUTİNLƏ ANLAŞA BİLDİ?

    3

    Elxan Mehdiyev: “Düşünmürəm ki, Rusiya 180 dərəcə dönüb, Ərdoğanın təkliflərini qəbul edəcək”

    Elxan Şahinoğlu: “Demək olmaz ki, Rusiya Türkiyə münasibətləri tam həll olunub”

    “Həm amerikan, həm də rus qüvvələri PKK-nın eyni qanadı olan PYD ilə əməkdaşlıq edir”

    Dünən Soçidə Rusiya preizdenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın görüşü  mətbuatda geniş müzakirə olunmaqdadır. Bu müzakirələrdən aydın olan odur ki, Rusiya-Türkiyə arasında müəyyən məsələlər həllini tapsa da, hələ də gündəmdə həll olunacaq məsələlər durur. Görünən odur ki, bu görüşlərin davam etməsinə ehtiyac var. Çünki Türkiyə və Rusiyanın xüsusən də Suriya məsələsində razılaşa bilmədiyi məqamlar var.

    “Türkiyə tamamilə əks mövqedədir”

    “Картинки

    Rusiya və Türkiyə rəhbərlərinin görüşünü şərh edən konfliktoloq Elxan Mehdiyev Hurriyyet.org-a bildirdi ki, Ərdoğanla Putinin görüşündə Türkiyə prezidenti PKK-ya qarşı dəstək istəsə də, bu, çox mürrəkəb məsələdir: “Bu məsələdə Rusiya və Amerika faktiki olaraq eyni mövqe tutur, Türkiyə isə qulaqardına vurur. Həm amerikan, həm də rus qüvvələri PKK-nın həmfikiri, eyni qanadı olan PYD ilə birgə həm İŞİD-ə qarşı mübarzədə əməkdaşlıq edir, həm də Suriyanın gələcək idarəolunmasında yerli kürdlərin təmsil olunmasını istəyirlər. Türkiyə isə tamamilə əks bir mövqedədir. Heç düşünmürəm ki, ya Rusiya, ya da Amerika tamamilə 180 dərəcə dönüb, Ərdoğanın təkliflərini qəbul edəcək”.

    “Türkiyənin indi əsas qayğısı Rusiyanın PYD qüvvələrinə dəstək verməməsi üzərində qurulub”

    “Suriya məsələsində Türkiyə ilə Rusiya bir razılıq alıblar. Çünki Rusiya İran və Türkiyə arasında üçtərəfli Astana görüşləri olur və daha çox Suriya qüvvələrinin böyük əraziləri nəzarət etməsi Rusiya və Türkiyənin razılığı əsasında olub. Türkiyənin indi əsas qayğısı Rusiyanın PYD qüvvələrinə dəstək verməməsi üzərində qurulub. İndiki görüşdə daha çox PYD və na oxşar PKK qüvvələrinin Ruiya ilə birgə hərəkət etməsi müzakirə olunub. Ancaq razılaşmanın əldə olunduğu sual doğuran məsələdir. Çünki həm Rusiya, həm də Amerika eyni siyasəti yürüdür.

    Bundan əlavə, bu görüşdə silah alışı və ikitərəfli ticarət və viza məsələləri müzakirə mövzusu olub. Bu, sadəcə Suriya üzərində qurulmuş bir görüş deyil”, – dedi konfliktoloq.

    “Türkiyənin hava sahəsinin müdafiəsi NATO-nun təsir dairəsindədir”

    E.Mehdiyev hesab edir ki, Türkiyənin bir tərəfdən Rusiyadan “S-400” raketlərini almağa ehtiyacı var: “Amma o biri tərəfdən Türkiyə NATO ölkəsidir. Bu isə rus silahlarıdır. Ona görə, bu cür silahların Türkiyənin hava hücumundan müdafiə sisteminə qoşulması NATO ilə ziddiyyət yaradır. Nəyə görə? Çünki onların işlətdiyi kodlar var ki, bu da Rusiyanın silahlarını, özünə dost yox, düşmən sayır. O baxımdan, bu çox mübahisəli bir məsələdir, onu necə alıb, harada yerləşdirməsi və yaxud hava sahəsinin necə müdafiə olunacağı sual doğurur. Çünki indiki dönəmdə Türkiyənin hava sahəsinin müdafiəsi də NATO-nun təsir dairəsindədir və vahid NATO hava hücumundan müdafiə sisteminə qoşulmuşdur. O baxımdan, bu məsələ çoxları üçün hələ də qaranlıq olaraq qalır”.

    “Ərdoğanın narahatçılığı ondan ibarətdir ki, Rusiya Suriyada silahlı kürdlərə dəstək verir”

    Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Soçi görüşündə bir çox məsələlər müzakirə olundu: “İqtisadi ticarət müqaviləsi, enerji əməkdaşlığı və əsasən də Suriya məsələsi müzakirə oldu. Gözlənilən odur ki, Suriya məsələsində bir az fikir birliyinə varmaq mümkün olacaq. Çünki Putinin təklifi ilə Suriyada 4 təhlükəsizlik zonasının yaradılmasına Ərdoğan müsbət cavab verdi. Amma Ərdoğanın narahatçılığı ondan ibarətdir ki, Rusiya Suriyada silahlı kürdlərə dəstək verir. Türkiyə və Rusiya liderləri görüşüb, bu məsələni müzakirə etməyi yenidən planlaşdırırlar. 22 mayda Putin Türkiyəyə gələcək. İstanbulda Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısı keçiriləcək. Artıq həm təmasların sayı artır, həm də müzakirələr getdikcə genişlənir”.

     “Ancaq enerji məsələlərində irəliləyiş var”

    E.Şahinoğlu qeyd etdi ki, Rusiya Türkiyəyə “S-400” müdafiə raketlərini satmağı razılaşıb: “Amma  hələ ki, Rusiyanın Suriyada kürdlərə dəstək məsələsi həll olunmayıb. Bəzi kənd təsərrüfatı məhsullarına qoyulan embarqo da ortadan qalxmayıb və görünür ki, yaxın müddətdə də qaldırılmayacaq. Türkiyə Rusiya vətəndaşlarına vizasız gəliş-gediş imkanını 60 gündən 90 günə uzadıb. Amma Rusiya bu addımı atmağa tələsmir, bunu Putin də dedi. Bu məsələlər hələ ki, açıq qalır. Açıq qaldığna görə də demək olmaz ki, Rusiya Türkiyə münasibətləri tam həll olunub, inkişaf dövrünü yaşayır. Ancaq enerji məsələlərində irəliləyiş var. “Türk axını” boru xətti tikiləcək, “Akkuyu” nüvə elektrik mərkəzinin inşasına başlanacaq”.

    “İnanmıram ki, Tramp Türkiyə istiqamətində addım atsın”

    “Türkiyə-Rusiya münasibətlərinin yaxınlaşmasını Avropa yəqin ki, tənqidi qarşılayar. Çünki Rusiyaya qarşı sanksiyalar var, Türkiyə ilə münasibətləri də hamar deyil, qapılarını Türkiyəni üzünə bağlayıblar. Türkiyə ona görə alternativ istiqamətlər axtarır ki, Amerika ilə münasibətlərdə müəyyən soyuqluq var, Avropa  ilə münasibətlər gərgindir. Ona görə də Türkiyə üzünü Şərqə, Rusiyaya doğru döndərib. Fikir versək, Ərdoğan Rusiyadan əvvəl Hindistana səfər etmişdi, Çində də görüşü olacaq. Düzdür, bir neçə gündən sonra Ərdoğanın Amerikaya də səfəri planlaşdırılır, Donald Trampla görüşəcək. Bu görüşdə Türkiyəni Amerikadan iki istəyi var. Birincisi, onlar da Suriyada silahlı kürdlərə dəstəkdən vaz keçsinlər. İkincisi isə terrorçu başı Fətullah Güləni istəsinlər. İnanmıram ki, Tramp bu iki məsələdə Türkiyə istiqamətində addım atsın. Barak Obama da bu barədə heç bir addım atmadı. Ona görə də Ərdoğan daha çox Şərqə, Rusiyaya doğru üz tutub”, – dedi politoloq.

    “Ərdoğan ölüm hökmu ilə bağlı məsələni də referenduma çıxarsa, Avropa Birliyinə üzvlük məsələsi gündəmdən çıxacaq”

    “Картинки

    E.Şahinoğlunun fikrincə, Ərdoğan ölüm hökmu ilə bağlı məsələni referenduma çıxarsa və bu müsbət həll olunarsa, Avropa Biriyi ilə münasibətlər ümumiyyətlə qırıla bilər və Avropa Birliyinə üzvlük məsələsi də gündəmdən çıxar: “Əslində, münasibətlərin yumşalmasına daha çox ehtiyac var. Amma hələ ki, Avropadan Türkiyəyə müsbət icrmarıclar verilmir, əksinə FƏTÖ və digər terror təşkilatları Avropada çox sərbəst fəaliyyət göstərir, terrorçulardan isə hərrac toplayırlar”.

    Şamo EMİN, Hurriyyet.org