Azərbaycanda sonun başlanğıcıdır

    6

    Bizim iqtidar isə çoxdan öz süqut aktına imza atıb

    Bir tərəfdən korrupsiya, rüşvətxorluq, digər tərəfdən də cəzasızlıq sindromunun hökmfərma olması bizim dövlətin axırına çıxacaq

    Azərbaycanda indiyə qədər hansı harın haramzada oğurladığı, talan etdiyi milyardlardan dövlətə iki qara qəpik qaytarıb?…

    Müstəqilliyimizin hələ otuz illiyini qeyd etməmişik, amma bu qısa zaman ərzində elə sarsıdıcı, elə ağır hadisələrlə üzləşmişik ki, adam nə gördüyünə, nə bildiyinə, nə eşitdiyinə inana bilmir.

    Mübariz kimi cəngavər mənfur işğalçıların canına vəlvələ salır, qeyri-bərabər çarpışmada neçə-neçə düşməni cəhənnəmə vasil edir, şəhidlik zirvəsinə ucalır. Dəfni zamanı minlərlə dindar, iman əhli onun ruhuna salavat çevirib dua oxuyur. Pirani qocalar, şəhadətin mübarək olsun, qəddimizi əyilməyə qoymadın – deyirlər. Zinadan törəyən başqa bir ikiayaqlı infuzoriy isə milyonluq kabab yeyib bütün namuslu, vicdanlı insanlara acıq verir. Bütün millətin qəzəbli, nifrət dolu baxışlarını vecinə almayan iqtidar, belə azğın vələdüzinaya güldən ağır söz demir. Biz buyuq!

    Bu ötən illər ərzində əldə edilən nailiyyətlərə, uğurlara qara yaxmaq, nəcib əməllərə nihilist münasibət bəsləmək kişilkidən deyil. Rayon mərkəzlərinin, şəhərlərin nə gündə olduğunu unutmamışıq. Bakının lap mərkəzində bir abırlı səki də yox idi, mən hələ 1920-ci ildən əvvəl tikilmiş köhnə binaların nə gündə olmasından danışmıram. Azərbaycanlı nə idi, beynəlxalq yarışlarda onlarla gümüş, qızıl medal almaq nə idi?

    Nəinki mənim, eyni zamanda bütün normal insanların da ürəyini ağrıdan odur ki, itirdiklərimiz qazandıqlarımızdan min qat ağır, min qat qiymətlidir.

    Vətənin tən yarısı işğal altında, qətlə yetirilmiş soydaşlarımızın sayı-hesabı bilinmir, səhiyyə, təhsil bərbad gündə, ən dəhşətlisi isə millətin mənəvi dünyasının sağalmaz yara almasıdır. Türk-islam dünyasının qəsdinə durmuş, bütün Yaxın Şərqi oda qalayıb, müsəlman qanını sel kimi axıdan keşiş-mason alyansı rahat nəfəs ala bilər. O Azərbaycanda arzusuna çatıb. Misir Mərdanov elm və təhsil sisteminə elə zərbə vurmadı ki, o bir də dirçəlsin, millətin dədə-baba adətlərini, dinini, imanını qəhr edən yüzlərlə düşmən sekta, missioner qurumu qeydiyyatdan keçib istədiyini edir, bir tərəfdən korrupsiya, rüşvətxorluq, digər tərəfdən də cəzasızlıq sindromunun hökmfərma olması bizim dövlətin axırına çıxacaq.

    Bir həftənin sözü ola, ya olmaya, neçə-neçə qəzet YAP-ın ələmdarlarından sayılan Səyavuş Novruzovun gül dəhanından çıxan sözləri biz fəqir bəndələrə çatdırdı: “Hərə bir milyardı cibinə qoyub aradan çıxır!”. Bərəkallah söz yiyəsi!

    Burada soruşmaq yerinə düşür, onsuz da xalq yaxşı bilir və görür ki, kimlər məmləkəti talan və tarac edir, özü də bu birinci, ikinci il deyil, indi xabi-qəflətdən ayılmısınız? Vaxtilə rəhmətlik Sirus ölkənin “simasız quldurların” əlində oyun-oyuncağa döndüyünü deyəndə, min bir bəhanə ilə kişini çərlədib öldürdülər.

    İndi isə YAP-ın “fürerlərindən” biri milyardlarla oğurluqdan bəhs edir.

    Buna köhnə publisistlər məkrli iuzeit gedişi deyirlər, yəni bizdən bədgüman olmayın, özünüz görürsünüz, nöqsanlarımızı özümüz etiraf edirik….

    Amma mən Səyavuş ağadan soruşuram, indiyə qədər hansı harın haramzada oğurladığı, talan etdiyi milyardlardan dövlətə iki qara qəpik qaytarıb?

    Muğam müsabiqəsinin getdiyi mərkəzdə ən yaxşı yerdə rahat-rahat oturmuş aləmə məşhur Tağı Əhmədovun sər-sifətinə baxın. On illər boyu Bakı metrosunu əsl “Kubinka”ya döndərib, yüzlərlə köşk və dükandan bac-xərac  alan elə bil onun qohum-əqrəbası deyildi. Tağı ağa işdən çıxarılanda əlaltıları vahiməyə düşüb, həyasızcasına soyduqları köşk sahiblərinin bir qisminin pulunu qaytardılar. Hamı gözləyirdi ki, Tağı Əhmədovu məhşər ayağına çəkib layiq olduğu cəzanı verəcəklər. Siz elə bilirsiniz, Tağı ağanı müsabiqənin keçirildiyi yerə gətirən onun muğama olan məhəbbətidir?

    Əsla! Jürinin lap arxasındakı cərgədə oturmuş Tağı ağanın “gül-camalı, xətti-xalı” əlbəttə ki, tele-ekrandan çıxmır. Kişinin niyyəti göz qabağındadır, yəni baxın yana-yana qalın, illər boyu yığmışam, yeddi arxamı təmin etmişəm, iqtidarın gül balasıyam, indi də burada oturub ləzzət alıram, Prezident millətin təhsil sistemini ağlar günə qoymuş Misir Mərdanova nə etdi ki, mənə də eləsin.

    …Ölkənin zabit korpusunu rüsvayı-cahan etmiş qondarma generalların bəd əməlləri artıq hamıya bəllidir. Bu yaramazların şəkillərini internetdə də, qəzet səhifələrində də görmüşük. Məni bunların məhkəməsi qətiyyən maraqlandırmır. Diqqətimi çəkən bu “həşəmətli ağaların” sinələrindəki orden və medallarıdır. Torpağının yarısı işğal edilmiş, saysız-hesabsız canlı qüvvə itirmiş, məğlub olmuş məmləkətin qondarma generallarına nə qədər orden, medal verilibmiş! Hansı xidmətlərinə, hansı şücaətlərinə görə? Bəlkə bunlar erməni işğalçılarını çıxdıqları yerə qədər qovublar, bəlkə İrəvanın üzərinə bayrağımızı sancıblar, bəlkə vəsfə gəlməz əməliyyatlarla qan, namus qisasını alıblar?

    Yoxlama aparılsa, məlum olacaq ki, hamısının cah-cəlallı bağ evi, villası, şəhərin gözəl yerində bər-bəzəkli mənzili və bahalı minik maşınları var, nəinki özləri, cici-bacıları da pula pul demirlər, oğul-uşaqları da xubca təmin olunublar.

    Düşməndən bir keçmiş kolxoz tövləsini də ala bilməmiş, bir azad edilmiş şəhərimizin üzərində bayrağımızı ucaltmamış bu mundir geymiş operetta generallarının orden, medallarına baxanda yadıma şou-biznes həşəratının fəxri adlara layiq görülmüş naqisləri düşür. Millətimi xəcil etmiş “operetta generallarına” orden-medalları, şou-biznes lotularına fəxri adları verən Sizsiniz, cənab Prezident!

    Ovunmayan dərdim, haqsızlığa, imansızlığa qarşı nifrətim məni məcbur edir  ki, sonuncu dəfə cənab Prezidentə müraciət edim.

    Hamıya bəllidir ki, min şikayət, min ərizə də yazılsa biri Prezidentə çatmır. Göz qabağında məmləkəti talan edib bütün xalqı qəsdən iqtidarın üstünə qaldıran, cəmiyyət daxilində sinfi nifrət dalğasının coşması üçün artıq hər şeyi etmiş bir ovuc xəyanətkar muradına çatıb.

    Məhz bu xəyanətkarların sayəsində ideoloji iş bərbad gündədir. Dəfələrlə yazmışam, ideoloji iş təmtəraqlı iclas salonlarında büdcə təşkilatlarının dilsiz-ağızsız məmurları qarşısında Prezidentin şəninə təriflər yağdırmaq deyil. İdeoloji iş sami-səhər qəzet səhifələrini Zahid Orucun, hərşeyşünas Fazil Mustafanın ucuz sentensiyaları ilə doldurmaq deyil. Heç kim deyə bilməz ki, mən filan təyin olunmuş deputatı  ya da telestudiyalardan burunlarını çölə çıxarmayan tüfeyli ideoloqların bircəciyini qul bazarlarında iş axtaran zavallıların, ya da artıq qan-qan deyən marqinalların arasında görmüşəm. Yağ-bal içində yaşayan konformist saray məddahında o cəsarət haradandır ki, dərd-sər içində çabalayan kasıb-kusubun evinə gedib hal-əhval tutsun. Cənab Prezident, 20 il ərzində üsul-idarənin müdafiəsinə yazdığım məqalələrin bir abzasını Sizin sayənizdə firavan həyat sürən mənfur rüşvətxor sürüsü yazmayıb.

    Hadisələri diqqətlə izləyib əlimdən gələni edirdim. Sizin xidmətinizdə olan məddahların, təyin olunmuş deputatların birində kişilik çatmadı ki, qərib yerdə ağır vəziyyətdə yatan qocaman dövlət xadiminin adını şər-şəbədə ilə aşağılayanların cəhənglərini cırsın.

    Görün, Azərbaycan nə gündə idi ki, burada saray məddahları belə, Sizdən yox, müxalifətdən çəkindilər.

    Sizə iki dəfə müraciət etdim ki, ölüm məni haqlayıb, göstəriş verin mənə qəbir yeri versinlər. Çünki qəbir yeri almaq üçün ən aşağısı 700 manat pul lazımdır, mənim isə elə imkanım yoxdur.

    Siz atanızı təhqir edənlərin sinəsinə medal taxdınız, üsul-idarə üçün gül kimi nüfuzumu, adımı, sağlamlığımı qurban vermiş, yüzlərlə elmi məqalə müəllifinə – mənim kimi xəstə qoca veteranın ricasına məhəl də qoymadınız. Mənə bu da azdır!

    Cənab Prezident, sinfi kin, qəzəb damla-damla da yığılsa da, amma sosial partlayış heç kimin gözləmədiyi məqamda baş verir. Yüz faiz əmin ola bilərsiniz ki, ölkədə hökmfərma olmuş cəzasızlıq mühiti dövlətimizi məhv edəcək. Milyonluq ayı kababı məsələsi bitməmiş  başqa bir harın iş adamının öz qancıq iti üçün “toy məclisi” qurub millətin adət-ənənəsinə, dərdinə, əzabına yuxarıdan aşağı tüpürməsi onu sübut etdi ki, sizləri sayan yoxdur. Cənab Prezident, Sizdən orden-medal, fəxri ad, ənam-xələt alan tüfeyli güruhunun cınqırı da çıxmadı. Oliqarx, məmur balalarının da nələr törətdiklərini xalq yaxşı bilir…

    Yeni Əhmədlidə yaşadığım evin düz qarşısında yeganə uşaq meydançasını da dağıdıb onlarla ağacı kəsdilər. On ildir yazırıq, yalvarırıq… Dəhşətli mənzərəyə baxmaq mümkün deyil… Minlərlə ağacı, yaşıllıqları məhv edib Xətai rayonunun bütün sahələrini dədəsinin malı kimi satan Razim Məmmədovu iş başına siz qoymusunuz.

    Yaşıllığı, ağacları, H.Əliyevin yaşıl irsini qoruya bilməyənlər artıq dişlərinin dibindən çıxanları iqtidara, bilavasitə Sizə ünvanlayırlar.

    Cənab Prezident, Sizə göndərilən şikayətlərin başına daş salan məmurlarda əgər bir misqal vicdan qalıbsa, qoy gəlib camaatın nələr dediyini eşitsinlər.

    Cəmiyyətdə neçə müddətdir ki, telefon danışıqlarına qulaq asılması barədə söz-söhbət gəzir. Əgər bu həqiqətdirsə, demək sonun əvvəlidir, başlanğıcıdır.

    Telefon danışıqlarına qulaq asmaq nəyə lazım, qoy xəfiyyələr, heysiyyəti, qüruru tapdanmış, oğul-uşaq yanında xəcil olmuş ailə başçılarını, pedofillərin bağlarına aparılıb bədbəxt edilmiş kimsəsiz uşaqları, rüşvətxor alçağın qarşısında aciz qalmış namuslu zəhmət adamını, günün günorta çağı daxması başına uçurulan fəqiri dindirsinlər.

    Qəzetlər 400 min uşağın təhsildən kənarda qalmasından yazırlar, mənə elə gəlir ki, bu rəqəm çox azadılıb. Millətin gələcəyi göz qabağında məhv olur, biz isə hansısa Tarkana 500 min manat qanorarın veriləcəyindən fəxrlə danışırıq. Qədim yunanlar deyirdilər, Olimp allahları bir adamı bədbəxt eləmək istəyəndə əvvəlcə onun ağlını əlindən alırdı. Bizim iqtidar isə çoxdan öz süqut aktına imza atıb.

    Firuz Haşımov