BAKININ 60 HEKTARLIQ AĞACLIQLARINI MƏHV ELƏDİLƏR

    3

    “AZAL”əkdiyini elan edir, amma nə əkəcəyini bilmir…

    “Azərbaycan Hava Yolları“ Bakı şəhərinin yaşıllaşdırılması və ətraf mühitin qorunmasına qayğı göstərilməsinə yönəlmiş xüsusi ekoloji layihənin başlaması barədə elan verib. “Azərbaycan Hava Yolları“ QSC-nin mətbuat xidmətindən Hurriyyet.org-a verilən məlumatda bildirilir ki, 2017-ci il mayın 3-dən 10-dək AZAL və AZALJET-in istiqamətləri üzrə satılan hər bir aviabiletə görə aviaşirkət bir ağac əkəcək. Layihə çərçivəsində Heydər Əliyev Beynəlxalq Hava Limanı ətrafındakı ərazidə tinglər basdırılaraq xüsusi ağacəkmə aksiyası keçiriləcək.

    “AZAL” rəsmisi: “Hələ bilinmir…”

    “AZAL”-ın əkdiyi ağacların hansı növdə, hansı böyüklükdə, hansı qiymətdə olmasıyla maraqlandıq. AZAL-ın mətbuat xidmətindən cavab aldıq ki, bu barədə hələ dəqiqləşdirilmə aparılmayıb: “Hələ bilinmir. Amma onu demək olar ki, bu ağaclar nə meyvə ağacı, nə də dekorativ ağac olacaq. Bakı şəhərinə xas ağacların əkilməsi nəzərdə tutulub. Əkim prosesinə başlandıqdan sonra bu barədə mətbuata məlumat veriləcək” deyə cavab verildi.

    Ötən ay ölkə prezidentinin xüsusi tapğırığı ilə  “Ovçular evi“ ərazisində 54 ağacı qanunsuz kəsib, yaşıllığı məhv edən şirkət cərimələndikdən sonra və yaşlllıqların qorunmasıyla bağlı İlham Əliyev bir daha göstərişlər verdikdən sonra ağacəkmə kampaniyaları xüsusilə intensivləşib.

    Amma ağaclar nə vaxt, harda, hansı şəraitdə, necə əkilməlidir? Ümumiyyətlə, may ayında Bakıda və Abşeron yarımadasında hansı ağaclar əkilə bilər? Sualla mütəxəssislərə müraciət etdik.

    Mərkəzi Nəbatat Bağının əməkdaşı Asif Mehralıyev: “Dibçəkdən ağacı çıxarıb istənilən vaxt əkmək olar”

    ““ Mərkəzi Nəbatat Bağının baş aqronomu Asif Mehrəliyev Hurriyyet.org-a dedi ki, hazırda Abşeron şəraitində dekorativ ağaclar əkilir. Bu ağaclar isə dibçəkdə saxlanır: “Əvvəllər ədəbiyyatlarda yazılırdı və dədə-baba qaydası buydu ki, ağacı payızda, uzaqbaşı marta qədər əkərlər. Amma indi ağac kollarının hamısını dibçəkdə yetişdirirlər. Dibçəkdə yetişdirilən ağacları isə başqa yerə köçürəndə ağac yerinin dəyişdirildiyini hiss eləmir. Payız aylarından dibçəkdə  yetişdirilən istənilən ağacı lap yayın qızmarında da əkmək olar. Amma o şərtlə ki, bitkinin xüsusiyyəti bilinsin.  Kölgəlik bitkisini birbaşa günün qabağında əkdikdə əmələ gəlməz. Yarımkölgə şəraitində saxlayıb, bir neçə gün adaptasiya eləmək olar”.

    Ağacı torpaqdan çıxarıb əkmək üçün aranda vaxt başqadır, dağda başqa

    Mütəxəssis bildirdi ki, may ayında torpaqdan birbaşa ağacı çıxarıb başqa yerdə əkmək olmaz: “Quruntdan, yəni torpaqdan çıxarılan ağacları başqa yerdə əkmək üçün Azərbaycanın aran rayonları, Kür-Araz ovalığı və Abşeron zonası üçün  oktyabr, noyabr, dekabr ayı ən münasib vaxt hesab olunur. Qismən mart ayına qədər də əkmək olar. Amma dağlıq zonalarda əsasən fevralın 20-dən sonra, qış şaxtaları keçəndən sonra əkilməsi daha məqsədəuyğundur”.

    ETSN bəyan edir: Mütəxəssis məsləhəti olmadan ağac əkməyin

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Maqsud Qubadov isə Hurriyyet.org-un əməkdaşına deyib ki, ağaclar mütləq mütəxəxssis məsləhətiylə əkilməlidir, torpaq analiz olunmalıdır, əkilm şəraitinə, yerinə, ətrafdakı ağaclarla yerləşmə məsafəsinə baxılmalıdır: “Bir sözlə,  bu iş mütəxəssis nəzarətiylə icra olunmalıdır və sonrakı proseslərdə aqrotexniki qaydalara düzgün əməl olunmalıdır. Əks təqdirdə, əkilən ağac, quruyar”.

    Qiyməti 12-15 manatdan başlayır

    Dibçək ağaclarının qiymətinə gəlincə Maqsud Qubadov dedi ki, körpə fidanların qiyməti 12-15 manatdan başlayır: “Körpə dekorativ Tuyaların 12-15 manatdan tutmuş 30 manata qədər qiyməti var. Hündürlüyü 1 metr, 2 metrə qədər olan ağacların qiyməti 20 manatdan 45 manata qədər qiyməti var. Qiymətlər müxtəlifdir”.

    Xaricdən gətirilənlər daha bahadır

    Hazırda Bakıətrafı kəndlərdə ağacların becərildiyini deyən mütəxəssisisin sözlərinə görə, Türkiyədən, İtaliyadan da ağaclar gətirilir. Qiymətlər isə ölkəyə görə fərqlənir: “Öz ölkəmizdə istehsal olunanların qiyməti nisbətən ucuz başa gəlir, 15-20 manata”.

    Sovetlər dönəmində ağaclar 80 qəpik, ən bahalısı isə 1 manat 61 qəpik olub

    ““Sovetlər dönəmində uzun müddət Bakı şəhərinin yaşıllaşdırma işlərində fəal iştirak edən keçmiş aqronom Qələmşah Qaplanov isə ağacəkmə prosesiylə ağlı daha çox fəaliyyətdə olduğu dövrdən danışdı. Bildirdi ki, SSRİ dövründə Bakıda ağacların vahid qiyməti olub. Azərbaycan SSR-ə idxal olunan ağacların ən bahalısının qiyməti 1 manat 61 qəpik olub, əsasən isə ağacların əksəriyyətinin qiyməti 80 qəpik olub: “Mənim indiki qiymətlərdən xəbərim yoxdu. Hərdən televizordan, radiodan qiymətlər haqda eşidirəm, başqa ölkələrdən 20 min, 40 min manata ağaclar gətirildiyi deyilir. Niyə bu qiymətə? Səbəbini demirlər”.

    “O vaxtlar qoyulan tələb buydu ki, Bakıda və Abşeron zonasında ağaclar oktyabr ayının 15-dən, aprelin 15-ə qədər əkilməlidir.Aprelin 15-dən sonra ağac əkmək qadağan olunurdu. Özü də oktyabrın 15-dən martın əvvəlinə qədər əkilən ağacların bitmə ehtimalı 90 faizdir. Onsuz da bütün ağaclar əkiləndə 10 faizə qədərinin bitməməsi, itkiyə getməsi nəzərə alınır. Qış vaxtı torpaqdan çıxarılan ağacların kəsilmiş köklərində fır əmələ gəlir, qışda torpağa basdırılanda yazda bu fırlardan kök sürətlə inkişaf eləyir. Amma fevraldan sonra bu prosesə ağac gecikir və yaxşı qulluq omayanda tələf olur. Ona görə də aprelin 15-dək əkilənlərin çıxdaş ehtimalı daha böyükdür”.

    Aqrotexniki qaydalara riayət çox vacibdir

    Mütəxəssisin sözlərinə görə, ağaclar əkilərkən və sonrakı bəsləmə prosesində  aqrotexniki qaydalara düzgün əməl etmək vacibdir: “O dövrdə əkilən ağaclardan yalnız Sərv ağacları qalıb, bir də Eldar şamları. Qalanları yox dərəcəsindədir. Digər ağaclar demək olar ki, komp şəklində dibçəklərdə xaricdən gətirilir.  Bu ağaclar da bizim ekosistemə uyğun olmadığına görə, adaptasiya çətin keçir və yaxşı inkişaf eləmir, bir çox hallarda tələf olur. Ona görə də bu ağaclar əkildikdən sonra aqrotexniki qaydalara ciddi əməl olunmalıdır. Ağac əkməklə iş bitmir, əsas o ağacları bəsləyib, böyütməkdir. Abşeron torpaqları dəniz altından çıxan torpaqlardır. Bu torpaqların humus qatı nazikdir deyə, aqrotexniki qaydalara xüsusi ehtiyac tələb eləyir.”.

    Eldar şamlarını bu şəkildə budamaq savadsızlıqdır

    Şəhərdə yaşıllıq olan ərazilərdə iynəyarpaqlı ağacların, xüsusən sərv ağaclarının, Eldar şamlarının gövdəsinin tamamilə təmizlənməsindən narahatlığını bildirən mütəxəssis dedi ki,  ağacların budanmasına bu şəkildə yanaşmaq savadsızlıqdır: “Sərv ağaclarına, ümumiyyətlə, toxunmaq olmaz. Təbii necə bitir, o şəkildə də qalmalıdır. Günəşin düşmə bucağı, mühit, yer nəzərə alınmalıdır. Şam ağaclarının spesifik nəfəsi var, o, öz ətrafında xüsusi mühit yaradır.  Eldar şamları bu sistemi yaratdığına görə əsəb sisteminə, ürək-damar sisteminə gözəl təsir eləyir. Amma çox təəssüf ki, bu ağaclara qarşı istədikləri münasibəti göstərirlər. Bu da iynəyarpaqlı ağaclara zərərdir. Əgər budağın üstündə 50 yarpaq varsa, o nə qədər oksigen təminatı deməkdir. Yaşıllıq şəhərin ağciyəridir. Abşeron zonası isə neftlə, avtomobillərlə, sənaye müəssisələriylə çirkləndiyinə görə, yaşıllıq zolağı indikindən qat-qat çox olmalıdır. İnsanlar hər yarpağın təbiətə, insanlara verdiyi faydanı düşünməlidirlər.

    60 hektarlıq “pitomnik”ləri məhv elədilər

    “Картинки

    Sovetlər dönəmində Lenin iməcliyi keçirilməsindən danışan mütəxəssis onu da vurğuladı ki, o vaxtlar da ağac əkiminə kampaniya xarakterli münsaibət göstərənlər olub: “”Subbotnik”lərdən birində mən ağacı səhv əkən şəxsə irad tutanda mübahisəmiz oldu, yaşlı bir fəhlə ona təpindi ki, ağac əkimi xüsusi bacarıq tələb eləyir. Bakıda uşaq əkib-doğub, böyütmək daha asandır, nəinki ağac əkib-becərmək, nə məsləhət verilir, əməl elə. Yəni deməyim odur ki, Bakı vaxtilə səhralıq olub, bu şəhərin sərt iqlim şəraitinə – quraqlığa, küləyə davam gətirən ağaclar əkilib, 1920-ci ilin Bakısı səhra şəraitindən tamamilə dəyişdirildi.Vaxtilə toxumla becərilib, yaradılan 60 hektarlıq “pitomnik”də Meyr adlı alman mütəxəssis gətirdib hər növ ağaclar yetişdirilmişdi.   Bu gün Bakı şəhərində olan yaşllıqların əksərriyyəti həmin “pitomnik”lərin məhsuluydu. Camaat da o “pitomnik”dən ucuz qiymətə alıb, aparıb özünə bağ salırdı. Bakı və Abşeron yarımadasının yaşıllaşdırılmasında “pitomnik”lərin böyük əhəmiyyəti oldu. Sonra oranın bir hissəsi mənimsəndi, bir hissəsi də məhv edildi. Kiçik bir hissəsi Ramanada qalıb.

    Halbuki 1969-cu ildən Heydər Əliyev Bakı şəhərinin yaşıllaşdırılmasıyla bağlı sərəncamlar vermişdi. Biz o sərəncamlara əməl eləmək üçün Rusiyadan vaqonlarla ağac daşıyıdıq. Sıx qrafiklə, gərgin işləyirdik. İndi iməclik xatirinə ağaclar əkilir, sonra da buraxılır, taleyin ümidinə. Belə yanaşma olmaz. Amma Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı-Quba, Bakı-Şamaxı, Salyan yolunda əkib, damcı-suvarma yoluyla suvarıb yaratdığı yaşıllıqlar isə məni bir aqronom kimi çox qane edir”.

    NİGAR, Hurriyyet.org