“PREZİDENT APARATI LƏĞV OLUNMALIDIR“

    6

    Sərdar Cəlaloğlu: “Referendum oyunlarını quran insanların özləri qurduqları oyunun qurbanı oldular”

    “Azərbaycandakı hadisələrə həm də illuminatların təsiri var”

    “Əgər biz prezident üsul-idarəsinə keçiriksə, mütləq Prezident Aparatı ləğv olunmalıdır, səlahiyyətlər Birinci vitse-prezidentə verilməlidir…”

    “Əslində, Mehriban xanımın Birinci vitse-prezident təyin olunması tarazlaşdırıcı siyasətdən birtərəfli siyasətə keçidin əlamətidir”

    Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyənin monitorinq altına alınması barədə qərar qəbul etməsinə, Avropa Birliyinin isə həftəsonu Türkiyə ilə üzvlük müzakirələrinin dayandırılması məsələsini müzakirəyə çıxarmaq barədə qərarına Türkiyə hakimiyyəti və müxalifəti ilə yanaşı, Azərbaycandakı siyasi qüvvələr də sərt etiraz etməkdədirlər.

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Reuters”ə müsahibəsində bəyan edib ki, AŞ PA-nın qərarı tamamilə siyasi mahiyyət daşıyır və Türkiyə belə bir qərarı tanımır. Ərdoğan vurğulayıb ki, Avropa İttifaqı 54 ildir Türkiyə ilə bağlı verdiyi sözlərin heç birini yerinə yetirməyib, səmimi olmayıb: “Suriyadan, İraqdan 3 milyonadək insanı ölkəmizə qəbul etdik. Həmin insanlar haradan qaçırdılar? Bombalardan qaçırdılar. Biz bunları hazırda ölkəmizdə qonaq qəbul edirik. Bəs Avropa İttifaqı bütün bunlarla əlaqədar bizə nə söz verdi? Avropa İttifaqı dedi ki, 2016-cı ilin iyulunda sizə 3 milyard avro verəcəyik. Verdimi? Xeyr. Hətta həmin il yenə 3 milyard avro verəcəyini bildirdi. Ancaq indiyədək cəmi 725 milyon avro verib. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı da 550 milyon dollar verib”.

    O cümlədən, Avropada yaşayan azərbaycanlılar da dünən Strasburqda, Avropa Şurasının binasının qarşısında etiraz aksiyası keçiriblər. Fransa, Hollandiya, Almaniya və Avropanın digər ölkələrindən gəlmiş çoxsaylı aksiya iştirakçıları AŞPA-nın Türkiyəyə qarşı qəbul etdiyi son qətnaməyə, Türkiyənin AŞPA-nın monitorinq mərhələsinə salınmasına qarşı şüarlarla çıxış ediblər. Eyni zamanda, AŞPA-nın Azərbaycan və Türkiyəyə qarşı apardığı ikili standart siyasətinə etiraz bildirilib.

    Maraqlıdır, Avropanın nüfuzlu beynəlxalq təşkilatlarının Türkiyəyə qarşı bu cür kəskin mövqeyinin arxasında hansı maraqlar var? Yaxın gələcəkdə bu münasibətlər hansı istiqamətdə inkişaf edə bilər? Bu və digər suallara ADP sədri Sərdar Cəlaloğlu ilə müsahibəmizdə aydınlıq gətirməyə çalışdıq.

    (Əvvəli bu linkdə: http://hurriyyet.org/xeberlenti/26560-turkiy-amerika-v-ingiltr-il-ittifaq-yaratmalidir.html)

    – Yeri gəlmişkən, hazırda Avropa İttifaqı ilə rəsmi Bakı arasında da viza rejiminin götürülməsi istiqamətində danışıqlar aparılır…

    – Mən düşünmürəm ki, Avropa Birliyi Azərbaycanla viza rejimini qeyri-şərtsiz götürəcək. Onlar mütləq Dağlıq Qarabağ məsələsində Azərbaycanın güzəştli mövqeyə getməsi, Dağlıq Qarabağın Azərbaycandan qoparılması məsələsini ortalığa qoyacaqlar. Neçə ki, Azərbaycandan bir şey qoparmayıblar, heç bir güzəştdən söhbət gedə bilməz. Ola bilər ki, hansısa müddətdə Azərbaycana qarşı viza rejimini aradan qaldıra bilərlər, sonra da bu qərarı ləğv edərlər. Yəni bu, bir oyundur. Bunlar demək istəyirlər ki, görürsünüz, bizim türk, islam düşmənçiliyimiz yoxdur, Türkiyə özünü yaxşı aparmır, amma Azərbaycan özünü yaxşı aparır, ona görə də Azərbaycanı dəvət edirik. Sizcə, bu gün Türkiyə ilə Azərbaycanı demokratikləşmə sahəsində tərəziyə qoymaq olar?

    – Azərbaycan hələ çox geridədir…

    – Çox yox, astronomik həddə geridədir. Onda sual verə bilərlər ki, Avropa Bilrliyi, sən demokratik ölkələrin təmsilçisi rolunda çıxış edirsən, bəs, nə əcəb bu cür totalitar bir dövlətlə viza rejimini aradan qaldırmağı istəyirsən, Türkiyə ilə – demokratik bir ölkə ilə istəmirsən?! Bütün bunlar göstərir ki, bu danışıqlar heç də səbəbsiz deyil. Burda iki məqsəd var. Birinci, Türkiyəyə qarşı düşmənçiliyi maskalamaq istəyirlər ki, bizim türk düşmənçiliyimiz yoxdur, elə olsaydı, Azərbaycan da türk dövlətidir, niyə ona düşmənçilik etmirik?! Bunu demək istəyirlər. Çünki obıvatel dərhal deyir ki, biz də türkük, niyə bizi Avropa Birliyinə buraxırlar, demək Türkiyənin siyasəti yanlışdır. Bu deməkdir.

    İkincisi, bunun altında bir gizli, məkrli plan var. O da Dağlıq Qarabağ məsələsində Azərbaycanı tərksilah etməkdir. Onlar viza rejimini yüngülləşdirməyi elə-belə etməyəcəklər. Buna görə də, mən düşünürəm ki, əgər Dağlıq Qarabağ məsələsində Azərbaycandan güzəşt tələb olunarsa, Azərbaycan hökuməti viza rejiminin yüngülləşdirilməsindən imtina etməlidir.

    – Aprelin 25-də parlamentdə “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edildi. Həmin dəyişikliklərdən biri odur ki, “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında“ sözləri “orqanda“ sözü ilə əvəz edildi. Hansı ki, bəzi mətbu orqanlar bunu Prezident Administrasiyasının ləğvi kimi təqdim etdilər. Sizcə, bu dəyişikliklərin arxasında nə durur?

    – Əslində, bu, Konstitusiyaya edilən dəyişikliklərdən irəli gəlir. Belə bir deyim var: “Hiyləgər quş dimdiyindən tələyə düşər”. Əslində, referendum oyunlarını quran insanların özləri qurduqları oyunun qurbanı oldular. Onların məqsədi referendumla elə bir şərait yaratmaq idi ki, belə deyək, Paşayevlər, Mehriban xanım hakimiyyətə gəlməsin. Amma, əksinə, yaratdıqları siyasi situasiya Mehriban xanımın hakimiyyətə gəlməsinə geniş şərait yaratdı və onların öz əli ilə özlərini vurdular.

    Əlbəttə, referendumun nəticəsi olaraq bu islahatların aparılması zəruridir. Əslində, referenduma qədər Azərbaycan nə prezidentli, nə də parlamentli respublika idi. Ölkənin siyasi üsul-idarəsi, klassik mənada, heç bir respublika tipinə uyğun deyildi. Prezident, onun səlahiyyətləri var idi, eyni zamanda baş nazir də, Prezident Aparatı da, parlament də vardı və s. Bu referendumdan sonra prezident üsul-idarəsinin yaradılması zəruridir. Biz baxırıq, prezident üsul-idarəsi olan Amerikada və yaxud da Fransada da bizdəki kimi Prezident Aparatı, yaxud müşavirlər deyilən bir şey yoxdur. Orda prezidentin özü icra hakimiyyətinin başçısı olduğuna görə, nazirlər də ona tabedir.

    Azərbaycanda da Nazirlər Kabineti ləğv olunmalı və Nazirlər Kabinetinin başında prezident dayanmalıdır. Yəni baş nazir vəzifəsi vitse-prezidentə keçməlidir və beləliklə vitse-prezident dolayısı yolla kabinetə rəhbərlik etməlidir. Artıq Prezident Aparatına ehtiyac qalmır. Çünki Nazirlər Kabineti ilə Prezident Aparatı birləşdiyinə görə, avtomatik olaraq Prezident Aparatını Nazirlər Kabineti əvəz etməlidir. Bütün dünyada belədir.

    İndiyə kimi Azərbaycanda idarəetmədə bu dublikat problem yaradıb. Odur ki, Azərbaycanda bu vəziyyət, yəni həm Prezident Aparatı, həm vitse-prezidentlik üsul-idarəsi qalsaydı, problem yaradardı. Çünki bundan qabaq Azərbaycanda İlham Əliyevdən sonra ikinci məsul şəxs kimi idi – Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev. Adından da göründüyü kimi, Prezident Aparatının rəhbəri. Vitse-prezidentlik yaradılandan sonra, artıq prezidentdən sonra ikinci şəxs vitse-prezident olur. Onda bundan əvvəlki ikinci şəxs nə olmalıdır? Ya onu üçüncü şəxs səsviyyəsinə endirmək, ya da onun vəzifəsini ləğv etmək lazımdır. Üçüncü şəxs səviyyəsinə endirməyin nə mənası var? Çünki bir ölkədə idarəetmədə bir birinci şəxs, bir də ikinci şəxs olur, üç, dörd və beşinci şəxs olmur. Bu baxımdan ya gərək vitse-prezidentin səlahiyyətləri olmaya, Prezident Aparatı qala, ya da əgər Birinci vitse-prezident varsa və onun səlahiyyətləri Konstitusiyada müəyyən olunubsa, Prezident Aparatı ləğv olunmalıdır. Bunun başqa yolu yoxdur.

    – Belə əsas gətirilir ki, Konstitusiyaya görə, Prezident Aparatı ləğv oluna bilməz. Odur ki, yeni dəyişiklikləri Prezident Administrasiyasi rəhbərinin səlahiyyətlərinin alınması kimi təqdim edirlər..

    – Səlahiyyətlərin alınması nə deməkdir?! Deyir, birənin canını aldın, qanını aldın. Məsələn, bu gün Ramiz Mehdiyevin bütün səlahiyyətlərini alaq, onda nəyi idarə edəcək, necə Aparat rəhbəri, ikinci şəxs olacaq?! Yəni ikinci, üçüncü şəxs səlahiyyətlərin həcmi ilə müəyyən olunur. Elə ölkə var ki, orda prezidentin adi bir nazir qədər səlahiyyəti yoxdur, parlament tipli respublikalarda. Elə ölkə var ki, orda Kral var, amma nazir qədər rolu yoxdur. Bu baxımdan, əgər biz prezident üsul-idarəsinə keçiriksə, mütləq Prezident Aparatı ləğv olunmalıdır, səlahiyyətlər Birinci vitse-prezidentə verilməlidir. Daha doğrusu, Birinci vitse-prezidentlə prezident arasında bölüşdürülməlidir. Çünki prezident artıq təkcə dövlətin təmsilçisi yox, ali icra hakimiyyətinin başçısı olur. Bundan əvvəl isə ali icra hakimiyyətinin başçısı baş nazir idi.

    – Qeyd etdiniz ki, referendum oyunu quranlar öz oyunlarının qurbanı oldular. Belə bir vəziyyətdə həmin qüvvələrin baş verən proseslərə əks-reaksiyası gözləniləndir?

    – Əks-reaksiya nə ola bilər?! Əks-reaksiya o ola bilər ki, hakimiyyətdə olan narazı qüvvələr cəmiyyətdə hansısa güc formalaşdırsınlar, proseslərə etiraz etsinlər. Açğını deyim ki, mən bunu düşünmürəm. Çünki bu yerdəyişmələrdə, hakimiyyətin indiki şəklə salınmasında daxildən çox xaricdən müəyyən qüvvələrin təsiri var. Məsələn, bu yaxınlarda İlham Əliyev Solovyova verdiyi müsahibədə dedi ki, Amerika ilə razılaşmışıq. Yəni əgər baş verən hadisələr Amerika və Rusiya ilə razılaşdırılmış şəkildədirsə, hakimiyyətdə də müəyyən qüvvələr ya Rusiya, ya da Amerikadan dəstək alırsa, onda onların rəhbərləri, ağaları razılıq veribsə, özləri nə deyə bilər ki?!

    – Amma iddia olunur ki, yeni islahatlar Rusiyanın əleyhinədir. Məsələn, “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilən gün parlamentdə belə bir təklif də gündəmə gəldi ki, rus maşınları küçələrə buraxılmasın…

    – Bundan qabaq Amerika səfiri də demişdi ki, Tramp seçiləndən sonra Azərbaycandan tələb olunur ki, öz mövqeyini müəyyənləşdirsin. Əslində, Mehriban xanımın Birinci vitse-prezident təyin olunması tarazlaşdırıcı siyasətdən birtərəfli siyasətə keçidin əlamətidir. Bu keçid olacaqmı, olmayacaqmı, ağrılı, yoxsa ağrısız olacaq, deyə bilmərik. Amma bu, keçidin əlamətidir, həqiqətən də Azərbaycan artıq yeni bir üsul-idarəyə keçmək istəyir…

    – Yəni Qərbə tərəf yön alır…

    – Bilirsiniz, Qərb deyəndə, həm demokratiya düşünülür, bir də deyirik ki, illuminatların idarə etdiyi güc. Azərbaycan hökumətinin Roma Papası ilə sıx əlaqələri nəyi göstərir?! Azərbaycanda bir nəfər də olsun katolik yoxdur, cəmisi 100 nəfər gəlmə katolik var, səfirliklərin üzvləri, burda ofisi var, burda kardinalı var və Roma Papası da iki dəfə Azərbaycana gəlib. Yəni Azərbaycandakı hadisələrə həm də illuminatların təsiri var. Bunun sübutu nədir? “İçəri Şəhər”, “Koroğlu”, “Avtovağzal” metrostansiyaları, Heydər Əliyevin qəbrinin yanında düzəldilən tikili. Bunların hamısında illuminatların simvolu var. Hamı bilir ki, o piramidalar illuminatların simvoludur. Sadəcə olaraq illuminatlarda bir dənə də yuxarıda “dünyaya nəzarət edən göz” var, burda o göz yoxdur. Bunu qoysalar, açıq-açığına hər şey ortada olar. Heç illuminatların özləri də onu açıq etmirlər. Amma hamı bilir ki, piramida illuminatların simvoludur. Piramida möhtəşəmliyin, nəhəngliyin, fironluğun, göz də dünyaya nəzarətin əlamətidir. Azərbaycanda da adamdan soruşarlar ki, bu piramidalar nə deməkdir? “Koroğlu” stansiyasi piramida, “İçəri Şəhər” piramida, “Avtovağzal” piramida. Heydər Əliyevin qəbrinin üstündə 3 dənə piramida. Fürsət düşdükcə hətta yolların kənarını, qazonları belə piramida şəklində edirlər. Bu piramida nə deməkdir?!

    Ayxan İLDIRIMTÜRK