“TÜRKİYƏ AMERİKA VƏ İNGİLTƏRƏ İLƏ İTTİFAQ YARATMALIDIR“

    12

    Sərdar Cəlaloğlu: “Avropa Birliyi Türkiyəni dağıtmaq üçün tələyə qoyulmuş bir quyruqdur”

    “Bu gün Avropanın Ərdoğanla Trampa münasibətində heç bir fərq yoxdur”

    “Dünyanı illuminatların əlindən xilas edə biləcək bir yol var – o da İngiltərə-Amerika-Türkiyə birliyidir”

    Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyənin monitorinq altına alınması barədə qərar qəbul etməsinə, Avropa Birliyinin isə həftəsonu Türkiyə ilə üzvlük müzakirələrinin dayandırılması məsələsini müzakirəyə çıxarmaq barədə qərarına Türkiyə hakimiyyəti və müxalifəti ilə yanaşı, Azərbaycandakı siyasi qüvvələr də sərt etiraz etməkdədirlər.

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Reuters”ə müsahibəsində bəyan edib ki, AŞ PA-nın qərarı tamamilə siyasi mahiyyət daşıyır və Türkiyə belə bir qərarı tanımır. Ərdoğan vurğulayıb ki, Avropa İttifaqı 54 ildir Türkiyə ilə bağlı verdiyi sözlərin heç birini yerinə yetirməyib, səmimi olmayıb: “Suriyadan, İraqdan 3 milyonadək insanı ölkəmizə qəbul etdik. Həmin insanlar haradan qaçırdılar? Bombalardan qaçırdılar. Biz bunları hazırda ölkəmizdə qonaq qəbul edirik. Bəs Avropa İttifaqı bütün bunlarla əlaqədar bizə nə söz verdi? Avropa İttifaqı dedi ki, 2016-cı ilin iyulunda sizə 3 milyard avro verəcəyik. Verdimi? Xeyr. Hətta həmin il yenə 3 milyard avro verəcəyini bildirdi. Ancaq indiyədək cəmi 725 milyon avro verib. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı da 550 milyon dollar verib”.

    O cümlədən, Avropada yaşayan azərbaycanlılar da dünən Strasburqda, Avropa Şurasının binasının qarşısında etiraz aksiyası keçiriblər. Fransa, Hollandiya, Almaniya və Avropanın digər ölkələrindən gəlmiş çoxsaylı aksiya iştirakçıları AŞPA-nın Türkiyəyə qarşı qəbul etdiyi son qətnaməyə, Türkiyənin AŞPA-nın monitorinq mərhələsinə salınmasına qarşı şüarlarla çıxış ediblər. Eyni zamanda, AŞPA-nın Azərbaycan və Türkiyəyə qarşı apardığı ikili standart siyasətinə etiraz bildirilib.

    Maraqlıdır, Avropanın nüfuzlu beynəlxalq təşkilatlarının Türkiyəyə qarşı bu cür kəskin mövqeyinin arxasında hansı maraqlar var? Yaxın gələcəkdə bu münasibətlər hansı istiqamətdə inkişaf edə bilər? Bu və digər suallara ADP sədri Sərdar Cəlaloğlu ilə müsahibəmizdə aydınlıq gətirməyə çalışdıq.

    (Əvvəli bu linkdə: http://hurriyyet.org/xeberlenti/26330-qrbin-mqsdi-turkiyni-dagitmaqdir.html)

    “Qərbə inteqrasiya heç də Türkiyənin xeyrinə olan bir ideya kimi meydanda deyil”

    – Hesab edirsiniz ki, üçüncü dünya müharibəsi qaçılmazdır?

    – Almaniya Avropada öz səlahiyyətini məhdudlaşdırmasa, mümkündür. Elə ona görə də İngiltərə Avropa Birliyindən çıxdı. İngiltərə çox aydın şəkildə başa düşdü ki, Avropa Birliyində qalmaqla vesternizasiyanı həyata keçirə bilməyəcək, yəni İngiltərənin özündə də faşizm olacaq. İngiltərə digər Avropa dövlətlərindən onunla fərqlənir ki, Böyük Britaniya Krallığı kimi 56 dövlətlə assosiativ birliyə malikdir. Həmin 56 dövlətin, bilavasitə keçmiş imperiya ölkələrinin İngiltərə ilə birbaşa sıx əlaqələri var. Yəni İngiltərənin hazırda Almaniyanın qarşılaşdığı problemlərlə heç bir əlaqəsi yoxdur, əksinə istənilən keçmiş ölkələrlə yaxşı əlaqəsi var – Hindistanla, Pakistanla və s. Amma Almaniyanın belə bir imkanı yoxdur. Ona görə, Almaniya Avropanı ələ almaq istəyir. İngiltərə isə orda qalacağı təqdirdə vesternizasiyadan imtina etməlidir. Bu halda da həmin 56 ölkəni itirəcək. Ona görə, İngiltərə Avropa Birliyindən çıxdı.

    Türkiyənin də Avropa Birliyinə inteqrasiyası düşünülmüş addımdır. Qərbin vaxtilə Türkiyəyə yerləşdirdiyi kadrlar ki, deyirdilər, hicab olmaz, azanı qadağan etmək lazımdır, müsəlmançılıq pis şeydir və s. bu, həmin qüvvələrin əməli idi. Bunu vaxtilə Ərbəkan da, Türkiyənin digər milli liderləri də, Ərdoğan da düzgün başa düşdü ki, Qərbə inteqrasiya heç də Türkiyənin xeyrinə olan bir ideya kimi meydanda deyil. Əksinə, fikir verin, inteqrasiyanın qabağına elə ağır şərtlər qoyublar ki, açıq şəkildə deyirlər, Türkiyə dağılmalıdır. Məsələn, kürdlərə muxtariyyət verilməsi məsələsi. Bilirsiniz ki, Avropa Birliyində – Fransanın ərazisində Korsk problemi, İspaniyada basklar problemi var. Eləcə də bundan əvvəl İngiltərənin ərazisində İrlandiya problemi vardı. Nə üçün bu ölkələr kürdlərə dediyi kimi, həmin hüquqları o xalqlara vermirlər?! Halbuki özləri Avropa Birliyinin içindədir. Özləri eyni şeyi etmirlər, amma özlərindən kənardakı xalqı – Türkiyəni məcbur edirlər ki, sən PKK-ya bu hüququ ver. Adama deyərlər ki, İspaniya basklara o hüququ versin də, neçə ildir mübarizə aparırlar. Fransa Korsikaya, İngiltərə Şimali İrlandiyaya  müstəqillik versin, onlar da müstəqillik istəyirlər. Yəni Qərbin Türkiyənin qarşısında qoyduğu şərtlər, eyni problemlər onların özündə də var, amma özlərinə bu şərti qoymurlar. Deməli, məqsəd Türkiyəni dağıtmaqdır. Yəni Avropa Birliyi Türkiyəni dağıtmaq üçün tələyə qoyulmuş bir quyruqdur, Türkiyə ora getdikcə, tələyə düşəcək.

    “Ərdoğan hakimiyyəti 30-40 illik dövlət siyasətini dərhal dəyişdirə bilməz”

    – O halda nə üçün Ərdoğan hakimiyyəti bundan imtina etmir?

    – Ərdoğan hakimiyyəti 30-40 illik dövlət siyasətini dərhal götürüb dəyişdirə bilməz. Bilirsiniz ki, dövlətdə bir varislik prinsipi var. O varislik prinsipinin pozulması dövlətin dəngələrini pozar. Ətalət qanununa görə, bir şey nə qədər böyükdürsə, o gərək bir o qədər ətalətdə olsun. Türkiyə kiçik bir dövlət deyil, Avropa Birliyinə inteqrasiya istiqamətində yüzlərlə hüquqi sənədlər qəbul olunub, müqavilələr bağlanıb. İndi durub bir kəlmə ilə “biz Avropa Birliyinə inteqrasiya etmirik” demək dünyanın mənzərəsini dəyişər.

    Türkiyənin Avropa Birliyinə inteqrasiyasının mühüm bir səbəbi də var, bunu mütləq qeyd etmək lazımdır. Sosializm-kapitalizm qarşıdurmasında Türkiyə Sovet hökumətindən özünə olan təhlükəni qorumaq üçün yeganə yolu nədə gördü – NATO-ya üzv olmaqda. NATO-ya daxil olduğuna görə də, bu qurumun alt yapısı kimi Avropa Birliyinə inteqrasiya etməli idi. Avropa necə qurulub – Avropa Şurası – onun parlamenti, Avropa Birliyi – onun iqtisadi şurası, HATO – hərbi gücü. Türkiyə NATO-nun üzvüdür, Avropa Şurasının, yəni parlamentin  üzvüdür, ordunun üzvüdür, qalır icra hakimiyyətinin üzvü olmaq. Buna da imkan vermirlər. Yəni vaxtilə həm Türkiyənin, həm də Avropanın maraqları uyğun idi ki, Sovet hökumətindən həm Türkiyə, həm Avropa qorunsun.

    “Ərdoğana qarşı düşmənçiliyin bir səbəbi də onun Rusiya ilə yaxınlaşmasıdır”

    – Sizcə, Avropa Birliyinin Türkiyəyə basqıları artırmasında bu ölkənin Rusiya ilə yaxın əməkdaşılğı da rol oynadımı?

    – Əlbəttə, bu gün Ərdoğana qarşı düşmənçiliyin bir səbəbi də onun Rusiya ilə yaxınlaşmasıdır. Çünki Rusiya ilə yaxınlaşma artıq NATO-nun da gücünü kifayət qədər azaltmış olur, həm də Avropa ilə Rusiya arasındakı qarşıdurmada Avropanın əlini zəiflədir. Ərdoğana qıcıq bir də ona görədir. Yəni burda çoxlu faktorlar var. İndi Avropa Birliyi bu qərarı qəbul edib, amma əsas sual budur ki, Türkiyə hansı addımı atmalıdır. Təbii, Türkiyə Avropa Birliyinin bu qərarından sonra ya qərarı icra etməlidir, o denetləmələrlə (monitorinqlər – red.) 15 il geriyə getməlidir, ya da Avropa Birliyindən kənarda olan xristian dövlətləri ilə bir ittifaq yaratmalıdır, Avropa Birliyinə oxşar. Bu da hansı ölkələrdir – Amerika və İngiltərə. Əgər istəyiriksə ki, bu gün dünyada stabillik olsun, mədəniyyətlərarası toqquşma üçüncü dünya müharibəsinə gətirməsin, Amerika ilə İngiltərə Türkiyə ilə çox möhkəm ittifaq yaratmalıdır. Bu ittifaq da Avropa Birliyinə alternativ olmalıdır. Yalnız bu halda mədəniyyətlərarası qarşıdurma barışmaz ziddiyyət xarakteri almaz. Amma Türkiyəni kənarda saxlamaqla bu prosesləri davam etdirmək üçüncü dünya müharibəsinin başlanması deməkdir. Bunun da iki sübutu var. Bir, 3-4 ay bundan qabaq Roma Papası elan etdi ki, artıq üçüncü dünya müharibəsi başlayıb. Mən keçən dəfə də demişdim, Roma Papası İozit Ordeninin nümayəndəsidir. İozit Ordeninin açıq təşkilatı illuminatlardır. Bir neçə gün bundan qabaq Böyük Britaniya kraliçası Yelizaveta da dedi ki, artıq illuminatlar işə keçiblər, üçüncü dünya müharibəsini başladacaqlar. Çünki 1-ci və 2-ci dünya müharibəsini başladan da illuminatlar olub. illuminatlar da mənşəcə daha çox Almaniyada meydana çıxan siyasi güclərdir. Massonların alman qanadından çıxıb. Yəni illuminatların mənşəyi alman massonluğu llə bağlıdır. Beləliklə, almanların iki dünya müharibəsini yaratdığını desək də, əslində illuminatlar yaradıb. Bu gün də istər Roma Papasının, ordan da İngiltərə kraliçasının dediyi sözü və Avropanın da Türkiyəyə qarşı olan münasibətini və prosesin uzağa gedən nəticələrini üst-üstə qoysaq, birmənalı şəkildə demək lazımdır ki, bu siyasət dəyişilməsə, İngiltərə-Amerika-Türkiyə ittifaqı yaranmasa, yaxın vaxtlarda üçüncü dünya müharibəsi başlayacaq və bu, dünyada olduqca ciddi, ağır nəticələrə gətirib çıxaracaq.

    “Almaniya özünü dünya gücü kimi təqdim etmək, Amerikaya alternativ olmaq istəyir”

    – Referendumdan dərhal sonra Avropanın mövqeyini gözləmədən ABŞ prezidenti Donald Trampın Ərdoğanı təbrik etməsini necə dəyərləndirirsiniz?

    – Avropada gedən prosesləri Amerika da izləyir. Türkiyədən qabaq eyni davranış ı Avropa Birliyi dövlətləri Amerikaya qarşı etdilər. Amerika seçkilərində açıq şəkildə Klintonu dəstəklədilər, Trampın prezidentliyini uzun müddət şübhə altına aldılar. Avropa mətbuatı yazdı ki, guya seçkilər saxtalaşdırılıb, ruslar seçkiyə müdaxilə edib. Amma faktiki olaraq Avropa Birliyi Türkiyəyə hansı hərəkəti etdisə, eyni hərəkəti də ondan qabaq Trampa etdi. Tramp da başa düşür ki, Avropa Birliyi özünü dünya gücü kim təqdim etmək üçün bir siyasət aparır. Avropanın heç bir dövləti ayrılıqda dünya gücü ola bilməz. Amma bu dövlətlər yığışanda bir dünya gücü ola bilər. Almanlar özlərini dünya gücü kimi təqdim etmək üçün Fransadan və bir neçə xırda dövlətdən bərk-bərk yapışıb, özünü dünya gücü kimi təqdim etmək, Amerikaya alternativ olmaq istəyir. Ona görə, necə ki, vaxtilə Türkiyəyə zəif liderlər gətirib, onların vasitəsilə Türkiyəni idarə edirdilər, uzun müddət – Ruzveltdən sonra avropalılar Amerikada da o cür prezidentlər gətiriblər. Və həmin prezidentlər vasitəsilə “zəif Amerika” görüntüsü yaratmışdılar. Obamanın vaxtında ümumiyyətlə Amerika Avropa dövlətləri səviyyəsinə enmişdi. Tramp bunu başa düşüb ki, Avropa dövlətləri əslində Amerikanı zəiflətmək siyasəti aparır, dünya siyasətində sıxışdırıb, özlərinə bərabər bir güc şəklinə salmaq istəyir. Ona görə deyir ki, NATO-nu buraxmaq lazımdır, hər şey Amerika üçündür, hər şey Amerikanın marağına hesablanıb. Yəni bu gün Ərdoğanla Trampa münasibətdə Avropa dövlətlərinin, liderlərinin mövqeyində heç bir fərq yoxdur. Trampın prezident seçkilərində Avropa dövlətləri hansı davranışı etdilər, siyasi əxlaqa uyğun olmayan hansı addımları atdılarsa, indi də referendumda Türkiyə ilə bağlı eyni siyasi əxlaqsızlığı edirlər. Əvvəlcə seçkilərə müdaxilə etdilər, sonra Almaniya, Fransa qəzetləri və s. Trampın seçkilərini şübhə altına aldılar. Türkiyədə də əvvəlcə referenduma müdaxilə etdilər, sonra referendumun nəticələrini şübhə altına aldılar. Fərq nədir ki?! Sadəcə olaraq Türkiyədən fərqli olaraq Amerika kifayət qədər güclü olduğuna və NATO-nun da maliyyələşməsi Amerikanı əlində olduğuna görə, eyni qərarı Amerikaya qarşı tətbiq etmədilər. Əgər NATO olmasaydı, Amerika güclü olmasaydı, Avropa Birliyi mütləq Trampın seçilməsindən sonra Amerika ilə bağlı da elə bir qərar qəbul edəcəkdi. Yəni Amerika ilə əlaqələrə yenidən baxmaq və Amerikanı denetləmə qərarı. Sadəcə olaraq Türkiyə gözlərinə gücsüz görsənir, ona görə də Türkiyə ilə bağlı bu qərarı qəbul etdilər. Həm də ona görə ki, müsəlman dövlətidir. Bu baxımdan əslində Trampın Ərdoğanı təbrik etməsi və Avropa Birliyinin bu davranışları Tramp ilə Ərdoğana, Amerika ilə də Türkiyəyə eyni münasibət göstərilməsi ilə bağlıdır. Yəni Avropanın bu iki liderə, iki dövlətə olan yanaşımında heç bir fərq yoxdur. Sadəcə olaraq eyni şeyi Türkiyə ilə aşkar, Amerika ilə gizlin edirlər. Belə ki, illuminatlar Türkiyəyə qarşı aşkar olub, onu dağıtmaq istəyirlər, Amerikanı dağıtmaq istiqamətində isə Avropa Birliyi gizlin səy göstərir. Burda ispandillilərin qızışdırılması, Meksika məsələsi, Koliforniyanın ayrılmaq istədiyini bəyan etməsi və s. təsadüf deyil. Bunlar Avropa Birliyinin ordakı işlərindən ibarətdir. Necə ki, Türkiyədə kürdlərə, PKK-ya deyirlər ayrıl, muxtariyyət yarat, eynilə də bu silahdan istifadə edib Amerikanı zəiflətmək istəyirlər.

    “Avropa Birliyi Türkiyəni öz müstəmləkəsi şəklinə salmaq məqsədi güdür”

    – Sizcə, Amerikda bütün bunları başa düşmürlər?

    – Əgər bunu Amerikada başa düşməyən siyasətçi varsa, bu o deməkdir ki, orda siyasətlə məşğul olan adam yoxdur. Mən inanıram ki, Amerikada kifayət qədər strateqlər var. Onlar aydın başa düşürlər. Əslində, söhbət Trampdan getmir. Avropanı Amerika dövlətinin kim olması niyə maraqlandırmaldır ki? Niyə müdaxilə etməlidir?! Tutaq ki, Türkiyədə referendumun nəticəsinin Avropaya nə aidiyyatı var?! Avropa getsin öz işi ilə məşğul olsun. Amma bu müdaxilədir. Necə ki, Amerikadakı seçkilərə müdaxilə etdilər. Fikir verin, Trampın seçkilərindən sonra əksər Avropa qəzetləri yazdı ki, Tramp 1 aydan sonra gedəcək. Hamısı əslində Amerikanı idarə etmək istəyi idi. İndi də Türkiyəni idarə etmək istəyir. Bu denetləmə nə deməkdir – nəzarət altına almaq. Əslində bir dövlət başqa dövlətin nəzarəti altındadırsa, bu o deməkdir ki, həmin dövlətin bu dövlət üzərində hakimiyyəti var. Yəni Avropa Birliyi bu qərarla Türkiyəni öz hakimiyyəti  altına – protektorluğu, müstəmləkəsi şəklinə salmaq məqsədi güdür. Eyni hərəkəti də gizli şəkildə Amerikaya qarşı edirlər. Buna görə də Amerika ilə Türkiyənin Avropa Birliyində bütün mövqeləri üst-üstə düşür. Sadəcə olaraq bunu açıq şəkildə etiraf etmək lazımdır ki, bizə etdiyini sizə də edirlər, gəlin bu qüvvəyə qarşı biz də birləşək. Yəni mən elə başa düşürəm ki, dünyanı dünya müharibəsindən, illuminatların əlindən xilas edə biləcək bir yol var – o da İngiltərə-Amerika-Türkiyə birliyidir. Bu birlik yaranacağı təqdirdə dünyada mədəniyyətlərarası toqquşma baş verməyəcək. Amma bunu yaratmasalar, qısa müddətdə mədəniyyətlərarası toqquşma baş verəcək, bu da çox böyük insan qırğınına, dünyanın ikinci dünya müharibəsindən daha ağır dərəcədə dağılmasına və çox böyük fəlakətlərə gətirib çıxaracaq.

    “İngiltərə, Amerika və Türkiyə birləşərək, dünyada bu mədəniyyətlərarası toqquşmanın qarşısını ala bilər”

    – Sizcə, Avropa Birliyindən imtina edən İngiltərə bu üçlük formatında ola bilər?

    – Avropa Birliyindən imtina etdikdən sonra İngiltərənin baş naziri dərhal Türkiyəyə səfər etmişdi. Mənim düşüncəmə, təhlillərimə görə, bu səfərin arxasında həmin mesaj dururdu ki, biz Avropa Birliyindən çıxıb, Türkiyə ilə ittifaq yaradıb, dünyada gedən çaxnaşmanın qarşısını almaq istəyirik. Çünki əgər İngiltərə kraliçası deyirsə ki, illuminatlar dünyanı dağıtmaq istəyir, hamı da bilir ki, illuminatlar almanlardır, bu o deməkdir ki, dünyanın dağılmasında maraqlı deyillər. Yəni Yelizavetanın nə marağı olar ki, dünya dağılsın?! İngiltərənin hazırda Almaniya kimi ciddi problemləri yoxdur axı. Bu baxımdan Avropa Birliyindən çıxmaq və Türkiyəyə yaxınlaşmaq, Avropa Birliyinin Türkiyəni öz sərhədlərinə qoymaması göstərir ki, İngiltərə ilə Türkiyə arasında gizlin bir yaxınlaşma meyli var. Eyni meyli də, sən dediyin kimi, Trampın təbrikində gördük. Ona görə də İngiltərə, Amerika və Türkiyə birləşərək, dünyada bu mədəniyyətlərarası toqquşmanın qarşısını ala bilər – bu həm Qarabağ, həm Qəzza, həm Kəşmir, həm də Yaxın Şərq probleminin həllinin yeganə açarıdır. Çünki burda indiki qüvvələr nisbətində və BMT-nin indiki mövcudluğu şəraitində  dünyanı 3-cü dünya mühairbəsindən qorumaq mümkün olmayacaq.

    “Türk dövləti onun marağına təhlükə yardan istənilən məsələdə bir addım da geri getməməlidir”

    – Referendumdan əvvəl Ərdoğan bəyan etmişdi ki, Avropanı ciddi sürprizlər gözləyir. Sizcə, söhbət hansı sürprizlərdən gedir?

    – Türkiyə bir dövlət olaraq Avropa Birliyinin onu dağıtmaq siyasətinin qarşısını alacaq. Bu da yaxın və uzaq, taktiki və strateji hədəfləri vurmağı tələb edir, yəni Türkiyəni dağıdacaq hədəfləri. Sincanı vurmaq təsadüf deyildi. Bu Türkiyəni dağıtmaq üçün ikinci bir layihədir. Qəndil, PKK dağıdıldı, indi də ikinci bir Qəndil yaradıb, yenə də Türkiyəni 20-30 illlik iç savaşa salmaq istəyirlər. Bu dəfə başqa yerdən. Qəndil Türkiyənin şimali-qərbində idi, indi də istəyirlər ki, cənub-qərbində belə bir münaqişə ocağı yaratsınlar. Yəni əslində Avropa Türkiyəni dağıtmaqdan əl çəkmir. Ərdoğanın dediyi sürprizlər də odur ki, biz sizə Türkiyəni dağıtmağa imkan verməyəcəyik. Bu tamamilə düzgün siyasətdir. Türk dövləti onun marağına təhlükə yaradan istənilən məsələdə bir addım da geri getməməlidir, hətta bu dünya müharibəsinə gətirib çıxarsa belə. Çünki dünya müharibəsinə o zaman gətirib çıxaracaq ki, PKK-nı açıq şəkildə dəstəkləyən Avropa PKK ilə bir cəbhədə olsun. Yəni terror təşkilatı ilə yan-yana dursunlar, məlum olsun ki, elə bunlar eyni qüvvədir. Onu da indi edə bilərlər, edə bilməzlər, bu başqa məsələdir. Amma Türkiyənin başqa yolu yoxdur. Türkiyə öz sərhədlərində Avropa Birliyinin onun üçün hazırladığı bütün tələləri vurub dağıtmalı, təhlükələri ardan qaldırmalıdır ki, inkişaf etsin, islam dünyasının özək dövləti olsun, dünyada gedən hadisələrin qarşısını alsın, ya da Türkiyə məhv edilməlidir. Bunun başqa əlacı yoxdur.

    Mənə elə gəlir ki, əslində Ərdoğan Ərbakanın siyasəti ilə Turqut Özalın siyasətini sintez edir. Mənim Ərdoğanda gördüyüm budur. Bu da o deməkdir ki, Türkiyə həm iqtisadi cəhətdən güclənmək, həm də Ərbakanın apardığı kimi, daha uzağa gedən mədəniyyətlərarası toqquşma müstəvisindən dünyada gedən proseslərə baxıb, düzgün siyasi qərarlar qəbul etmək. Yəni Turqut Özal kimi düzgün iqtisadi siyasət, Ərbakan kimi düzgün xarici siyasət yürütmək istəyir.

    – Yeri gəlmişkən, hazırda Avropa İttifaqı ilə rəsmi Bakı arasında da inteqrasiya istiaqmətində danışıqlar aparılır. Sizcə, “xristian klubu” adlandırdığımız Avropa Birliyində Türkiyəyə yer yoxdursa, Azərbaycanı bu quruma qəbul edə bilərlər?

    (Ardı var)

    Ayxan İLDIRIMTÜRK