“ASAN İMZA“nı ALMAQ NİYƏ ÇƏTİNƏ DÜŞÜB?

    9

    Natiq Cəfərli: “Dövlət orqanın kefi istədiyi müddəti müəyyən etməsi doğru deyil”

    “Normal, sivil ölkələrdə bununla bağlı 6 ay, 1 il ərzində ciddi sosial reklam çarxları olur”

    “Müvafiq dövlət qurumu bu qərara yenidən baxmalıdır

    Hüquqi və fizki şəxslərin rüblük hesabat verdiyi Sosial Müdafiə Fondunun martın 28-dən yeni hesabat formasına keçməsi və onu “Asan imza” ilə qəbul etməsi haqda qərar verməsi “Asan Xidmət” mərkəzlərində insan tıxacının yaranmasına və günlərlə növbədə dayanan insanların narazılığına səbəb olub. Çünki insanlar “Asan imza” əldə etmək üçün nömrə almaq, nömrəni aktivləşdirmək, daha sonra isə sertifikat almaq üçün günlərlə növbə gözləməkdən yorulublar.

    Bu qərar hesabat müddətinin başa çatmasına 3 gün qalmış verilsə də(Bu müddət 1-20 aprel arasındadır) “Asan imza” almağın vaxtı artıq bu gün bitir. Bu müddət isə həddindən artıq qısadır. Elə müddətin qısa olması ona gətirib çıxarıb ki, “Asan imza” mərkəzlərində insan tıxacı yaranıb.

    Məsələnin kökündə duran başqa səbəb odur ki, bu gündən sonra “Asan imza” almaq istəyən hüquqi və fiziki şəxslər cərimə ödəmək məcburiyyətində qalacaq və yalnız bundan sonra “Asan imza” əldə edəcəklər. Çünki artıq bu məcburi qaydadır, Dövlət Sosial Müdafiə Fondu rüblük hesabatı “Asan imza” ilə tələb edir.

    Qeyd edək ki, cərimənin məbləği 40 manatdır. Yəni kim bu günə kimi “Asan imza” almayıbsa, artıq həmin cəriməni ödəyib, sonra bunu almalıdır.

    Əslində, 23 gün müddətində Bakı şəhərində olan 10 minlərlə fizki və hüquqi şəxslərin “Asan imza” alması çətin prosesdir. Nəzərə alaq ki, bu, Bakıda cəmi 4 “Asan imza” mərkəzində və bir də Vergilər Nazirliyində verilir.

    “Azərcell”in rəsmi saytında yerləşdirilən bu məlumat əsasında deyə bilərik ki, “Asan imza” xidmətini dəstəkləyən sim kartın əldə edilməsi – 3,54 manat, 3 illik “Asan imza” sertifikatı 18 manat, “Asan imza” xidmətinin aylıq abunə haqqı 1 manat,  “Asan imza” vasitəsilə yerinə yetirilən hər bir əməliyyat (autentifikasiya/elektron imzalama) 0,03 manatdır.

    Amma nədənsə “Azərcell”də “Asan imza” xidmətini dəstəkləyən sim kartın əldə edilməsi və sertikat alınması üçün 25 manat alırlar. Bu nəyə əsaslanır, onu deyə bilmərik. Aylıq abunə haqqını nəzərə almasaq, bu məbləğ cəmi 21.54 manat edir.

    “Bu bir məntiq çərivəsində olmalıdır və ağlabatan müddətlər təyin olunmalıdır”

    ““Tanınmış iqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı Hurriyyet.org-a bildirdi ki, hesbatlılıqda dəyişikliklər olursa, normal sivil ölkələrdə 6 ay, 1 il ərzində sınaq müddəti müəyyənləşdirilir ki, insanlar buna öyrəşsin: “Dövlət orqanın kefi istədiyi müddəti müəyyən etməsi doğru deyil. Bu, bir məntiq çərivəsində olmalıdır və ağlabatan müddətlər təyin olunmalıdır. Hətta Azərbaycan qanunvericiliyində, məhkəmə qərarlarında biz tez-tez görürük ki, bu tipli məsələlərlə bağlı ağlabatan müddət ifadəsi işlədilir.  Söhbət yüz minlərlə insanın hesabat verməsindən gedirsə, birdən-birə yüz minlərlə insanın hesabatlılıq formasının dəyişidirilib, ancaq elektron imza ilə qəbul olunmasının qısa bir müddətə sığışdırılması həm məntiqsizlik, həm də insanları incitməkdir. Normal, sivil ölkələrdə bununla bağlı 6 ay, 1 il ərzində ciddi sosial reklam çarxları olur və təbliğat  kampaniyaları keçirilir ki, insanların xəbəri olsun. Əslində, hüquqi və fiziki şəxslərə ciddi bir xəbərdarlıq olunmalı idi ki, müəyyən müddətdən sonra hesabatların verilmə qaydası dəyişdirilir, yəni insanlar öncədən bunu bilsinlər, hazırlıq görsünlər. İndi “Asan Xidmət”in o qədər işçi qüvvəsi yoxdur ki, birdən-birə 10 minlərlə müraciət edən insanın işini həll edə bilsin”.

    “Cərimələrin qoyulması məntiqə uyğun deyil, müvafiq dövlət qurumu bu qərara yenidən baxmalıdır”

    N.Cəfərlinin fikrincə, bununla bağlı əlavə cərimələrin də qoyulması məntiqə uyğun deyil: “Müvafiq dövlət qurumu bu qərara yenidən baxmalıdır. Cərimə qoymaq məqsədi də çox bəsitdir. Bilirlər ki, bu müddətdə 10 minlərlə insan bunu edə bilməyəcək, cərimə ödəyəcəklər. Cərimə də, səhv etmirəmsə, 40 manat nəzərdə tutulub. Təsəvvür edin ki, 10 minlərlə insandan əlavə cərimə kimi 40 manat yığmaq nə qədər əlavə vəsait deməkdir. Bu, doğru yanaşma deyil. Sanki insanları çərçivəyə salmaqla pul yığmaq kimi görsənir. Vətəndaş “Asan imza”  üçün müraciər edir və müəyən səbəblərə görə işi gecikirsə, həmin müddəti keçəndən sonra da 40 manat cərimə ödəməsi doğru deyil”.

    “İsifadəçilərin sayının artmasında dövlət orqanlarının özünün marağı olmalıdır”

    ““Asan imza”nın daha geniş yayılması həm biznesdə, həm də dövlət orqanlar ilə münasibətlərdə şəffaflığın artırılması üçün nəzərdə tutulmuşdur. Bu isifadəçilərin sayının artmasında dövlət orqanlarının özünün marağı olmalıdır”, – dedi iqtisadçı.

    “Əslində, “Asan imza”nın pulla olması doğru deyil”

    “Asan imza” xidmətini dəstəkləyən sim kartın əldə edilməsi 3,54 manat, 3 illik “Asan imza” sertifikatı 18 manatdırsa, bunun üçün 25 manat almaq nə dərəcədə doğrudur” sualına N.Cəfərli belə cavab verdi: “Əslində, “Asan imza”nın pulla olması doğru deyil. Yaxud çox ucuz olmalıdır. Dövlət istəyirsə, bu xidmətdən çox vətəndaş istifadə etsin və gələcəkdə şəffaflığı artırsın, rüsumları daha aşağı etməlidir. Çox güman ki, bəzi bank xidmətlərini də bunun üzərinə gəlirlər, əlavə xidmət haqqı tuturlar. Bu da qiymətin sonuc etibarilə artmasına səbəb olur. Amma bu xidmətin ya pulsuz, ya da cüzi simvolik bir ödənişlə olması daha məqsədə uyğun olardı ki, əhalinin böyük əksəriyyəti bundan istifadə etsin”.

    “Estoniyanın əhalisinin əksəriyyətinin elektron imzası var”

    N.Cəfərli onu da xatırlatdı ki, bu xidməti ilk dəfə tətbiq edən ölkələrdən biri Estoniyadır: “Təqribən 1 milyon 600 minə yaxın əhalisi var və 18 yaşından yuxarı olan vətəndaşların demək olar ki, əksəriyyətinin elektron imzası var. Onlar bütün əməliyyatlarda, o cümlədən bank və notarial əməliyyatlarda elektron imzadan istifadə edirlər. Hətta bu yaxınlarda seçikilərdə belə, elektron imza ilə səsverməsi müzakirə olunur. Yəni dövlətin öz maraqları olanda bu iş daha tez və sürətli gedir”.

    “İnsan öz imzasını elektron formada təsdiq elətdirirsə, bu, niyə 3 ildən bir olmalıdır?”

    ““Asan imza”ya 3 il müddət qoyulması təbii ki, ödəniş üçündür. Bunun başqa məntiqi izahı yoxdur. Çünki burda fkir və mövqe dəyişməsindən heç nə aslılı deyil. İnsan öz imzasını elektron formada təsdiq elətdirirsə, bu, niyə 3 ildən bir olmalıdır?”, -deyə iqtisadçı əlavə etdi.

    “3 il müddət qoyulması tamamilə məntiqsizdir”

    Cəfərli onu da yada saldı ki, əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi Naizirliyində belə bir qayda var idi ki, əngəlli insanlar, hətta həmin şəxsin bir qolu olmasa belə, hər il komissiyadan keçməli idi: “Son dövrlərdə bu biabırçılığa son qoyuldu, ləğv olundu. Bu, o demək deyil ki, qolu olmayan əngəlli adamın bir il ərzində qolu yerinə gələcək. Bu da həmin məsələyə bənzəyir. Bu sırf vətəndaşın tərəfindən əlavə vəsaitn ödənilməsinə hesablanıb. Heç olmasa 10 il müddət qoysalar, bir məntiqi olardı ki, ola bilər, yaşalaşdıqca başqa bir imza forması yaranır. 3 il müddət qoyulması tamamilə məntiqsizdir”.

    “Dövlətin üzərinə götürdüyü öhdəlikləri vətəndaşa xidmət kimi təqdim edərək, əlavə vəsait qazanması doğru deyil”

    “Nə qədər insanın “Asan imza” üçün sertifikat  aldığını öyrənib, həmin vəsaiti ümumi xərclərə vuraraq ümumi bir rəqəm çıxartmaq olar. Onu deyə bilərəm ki, “Asan Xidmət”in büdcəyə ödənişləri təqribən 5 dəfəyə yaxın artıb. Bu, həm çox sahələrin “Asan Xidmət”in tərəfindən həyata keçirilməsi, həm də rüsümların artması ilə bağlıdır. Son illərdə rüsumlarla bağlı ciddi dəyişikliklər olub. Sanki vətəndaşa edilən xidmətdən daha çox rüsum vasitəsilə həm “Asan Xidmət”in özünün maliyyələşməsinə, həm də büdcəyə əlavə vəsait cəlb olunmasına çalışırlar ki, bu da doğru yanaşma deyil. Çünki vətəndaş qarşısında dövlətin üzərinə götürdüyü öhdəlikləri vətəndaşa xidmət kimi təqdim edərək, bundan əlavə vəsait qazanması doğru yanaşma deyil”, – deyə iqtisadçı vurğuladı.

    Şamo EMİN, Hurriyyet.org