Böyük İpək Yolu – Azərbaycanın uğurlu iqtisadi strategiyasının mühüm tərkib hissəsi

    9

    Çindən Orta və Ön Asiya ölkələrinə aparan karvan yolu

    Böyük ipək yolu qədim dövrlərdə və orta əsrlərdə Çindən Orta və Ön Asiya ölkələrinə aparan karvan yolu olub. Tarixi ticarət marşrutları Çin, Yaponiya, Hindistan, Monqolustan, İran, Özbəkistan, Tacikistan, Azərbaycan və digər ölkələrdən keçmişdir. Bəzi mənbələrə görə, e.ə. II əsrdə açılıb. Lançjoudan keçməklə Siandan Dunxuanacan uzanırmış. Burada iki yerə ayrılırmış: şimal yolu Turfandan Pamirə, oradan isə Fərqanəyə və Qazaxıstan çöllərinə qədər uzanıb. Cənub yolu Lobnor gölünün yanıyla, Təklə-Məkan səhrasının cənub hissəsiylə Yarkənd və Pamirdən (cənub hissəsindən) keçməklə Baktiriyaya, oradan isə Parfiyaya, Hindistana və Yaxın Şərqə qədər uzanıb.

    İpək Yolu bizim eranın I minilliyindən başlayaraq II minilliyin ortalarına qədər Avropa və Asiyadan çarpaz şəkildə keçən marşrutlar şəbəkəsini əks etdirir. İpək Yolunun əsas hissəsi öz başlanğıcını Çinin paytaxtı Çanqandan (Xian) götürmüşdür. Eramızdan əvvəl dördüncü əsrdə Makedoniyalı İsgəndər Mərkəzi Asiya istiqamətində Hind çayını keçəndə, artıq Çin ipəyinin Aralıq dənizinə çıxışı var idi. Bu qeydlərə əsasən İpək yolunun tarixinin bizim eradan əvvələ təsadüf etdiyi məlum olur.

    VII və VIII əsrlərdə Çin, Koreya və yapon gəmiləri Şərqi Çin və Yapon dənizlərini keçərək yükləri qitədən Yaponiyaya daşıyırdılar. Çin gəmiləri həm də Hindistan və İrana, XV əsrdə isə Afrikaya da üzürdülər. XVI əsrdə isə portuqaliyalılar və digər Avropa xalqları Şərqi Asiyaya üzməyə başladılar.

    Bir çox mühüm elmi və texnoloji innovasiyalar Şərqdən Qərbə İpək yolunun vasitəsilə aparılmışdır. Barıt, maqnit kompası, çap dəzgahı, musiqi alətləri, ipək, keramik və boyalı məmulatlar kimi yeniliklərin ötürülməsi tədricən baş vermişdi. Qərbin onların yaranması haqqında heç təsəvvürü belə yox idi.

    Lakin 1492-ci ildə Amerika qitəsinin kəşfindən sonra bu yolun əhəmiyyəti xeyli azalmışdır. Bu da Çin və ona yaxın ərazilərdən gətirilən malların Amerikada olması ilə əlaqədardır. Hindistana dənız çıxışı tapıldıqdan sonra isə Böyük İpək yoluna demək olar ki, ehtiyac olmamışdır. XV əsrin sonunda Amerikaya və Hindistana dəniz yolunun kəşfi ilə öz əhəmiyyətini itirməyə başlayan Böyük İpək yolu XVI əsrdə tamamilə süquta uğramışdır.

    Böyük İpək Yolu müasir dövrdə

    İndiki dövrdə Böyük İpək Yolunun əsasını Avropa Birliyinin Yeni Müstəqil Dövlətlər üçün 1991-ci ildə tərtib etdiyi TACIS proqramı çərçivəsində “TRASEKA“ lahiyəsi təşkil edir. Bu Lahiyəni 1993-cü ilin mayında Brüssel konfrasında Cənubi Qafqaz və mərkəzi Asiyanı yeni müstəqil dövlətlərin razılığı ilə Avropa Şurası qəbul edib. Həmçinin, “Yeni ipək yolu“ adı ilə tanınır. Layihənin həyata keçirilməsi sahəsində isə 13 may 1996-cı ildə Sərəxsdə İran və Mərkəzi Asiyanın dəmir yolu magistrallarının birləşdirilməsi mühüm addım oldu.

    Layihə dövlətlər arasında iqtisadi, ticarət əlaqələrini inkişaf etdirməyi və proqramın marşurutunun Avropa-Qafqaz-Asiya (“TRASEKA“), Transavropa istiqamətinə birləşdirməyi nəzərdə tutur. Proqramın reallaşması Avropa şurasının texniki-maliyyə yardımı, Dünya Bankı, Avropa Yenidənqurma və inkişaf Bankının ayırdığı kreditlər hesabına mümkünləşir.

    2000 il ərzində qərblə şərqi birləşdirən Böyük İpək yolu öz tarixi əhəmiyyətini yenidən bərpa etməklə, 1000 il bundan əvvəl olduğu kimi müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında körpü yaratmaq imkanma malikdir. Qədim İpək Yolunun bərpası dəniz nəqliyyatını Avropa və Asiya ölkələri arasında tranzit yük axınına malik olan mühüm nəqliyyat vasitəsinə çevirmişdir.

    Azərbaycan tarixi inkişafının yeni dövrünü yaşayır

    Əlbəttə, ümumdünya miqyasında transformasiya, regional proseslərin intensivləşməsi şəraitində qlobal iştirakda dövlətin rolu və yeri dəyişir. Qarşılıqlı münasibətlərin sərhədləri və formaları dəyişmir, həm də insanlar arasında münasibətlərin yeni mədəniyyətini formalaşdırır. Azərbaycanın inteqrasiya modelinin qlobal önəm daşıyan dəyərini müəyyənləşdirməyə çalışsaq, milli dövlətin uğur və nailiyyətlərini təmin edə bilən ən mühüm resurs – bütün zamanlar üçün – lider resursudur. İnteqrasiya məkanları “açıq“ məzmunlu anlayış olsa da, bu məkanlarda əvvəlcədən məskunlaşmış ölkələr öz qapılarını heç də hamıya taybatay açmır. İnteqrasiyaya nail olmaq üçün siyasi, iqtisadi, sosial, mədəni və hüquqi məkanlarda inkişafın sürət və sürətini bir-birinə uyğunlaşdırılması lazımdır. Bunun üçün bu məkanlarda artıq kök salmış ölkələrin qət etdiyi əsrlərə bərabər mərhələləri sürətlə və keyfiyyətlə qət etmək, bütün sınaqlardan çıxmaq, Azərbaycanın mümkün tərəfdaşlar arasında ən etibarlı, optimal müttəfiq olduğuna inandırmağa qabil olan lider siyasəti çox önəmli rol oynayır.

    Böyük İpək Yolunun strateji önəmi

    Böyük İpək Yolu tarix boyu iqtisadi deyil, həm də ictimai-siyasi, mənəvi və elmi dünyagörüş baxımından fərqli sosial münasibətlərin yaranmasında önəmli əlaqələrin yoldur. Onun bəşəriyyətə verdiyi mənəvi-mədəni, sosial-mədəni töhfələrdən nəinki tranzit cəmiyyətlər, hətta qeyri-toplumların faydalanması mümkün olmuşdur. Bu marşrut quru və dəniz vasitəsilə analoji ticarət münasibətləri gerçəkləşə bilən bölgəsəl infrastrukturdur. Eyni zamanda yolun trayektoriyasının dəyişməsi onun izinin itməsini deyil, məhz yaşatmasını və inkişafını şərtləndirən amillərlə bağlı olmuşdur. İpək Yolu sadiqlik, konkret iqtisadi-maddi tələbat və ehtiyaclardan doğmuşdur. Bu zaman nəticə etibarilə toplumlararası barışıq qabiliyyətinin formalaşması, sülh şəraitinin qorunub saxlanması, cəmiyyətlərin bir-birinə bağlılığı və dinc-yanaşı yaşam tərzi qaydaları məhz ümumbəşəri mədəni parametr olaraq təsdiqini tapmışdır.

    Bu gün İpək Yolu onun özəllikləri tarixi aspektdə deyil, koqnitiv tərzdə aktual durumla hesablaşaraq dəyərləndirilir. Çağdaş dünyamızda cəmiyyətlər daxilində və cəmiyyətlərarası qarşılıqlı çoxtərtibli əlaqələr zəminində qloballaşma və inteqrasiya məzmunlu mürəkkəb münasibətlər qurulmaqdadır. Belə münasibətlərin mədəniyyət tipli olması toplumlarda əsaslı fərqliliklərin, qəfil yeniliklərin baş verməsilə bağlıdır. Müasir Azərbaycanın da XX əsrin sonunda dövlət olaraq beynəlxalq iqtisadi-siyasi məkanda Böyük İpək Yolunun bərpasında xüsusi təşəbbüslə çıxış etməsi ölkənin sosial-iqtisadi həyatının, mədəni təkamülünün yönlənməsinin təminatı kimi qiymətlidir. Dünyaya mədəni inteqrasiya, öz mədəniyyətinin dünya ilə qloballaşması əsnasında İpək Yolu Şərqə aparan və ya Şərqdən gələn yol kimi, Avrasiyanı birləşdirməklə məhdudlaşan tarixi-maddi ünsiyyət körpüsü olaraq çox önəmlidir.

    Azərbaycanın müstəqilliyinin bərpası ölkəmizin iqtisadi qüdrətinin yüksəldilməsini, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsini, dünya birliyinə daha geniş şəkildə inteqrasiyanı həyati zərurətə çevirdi. Bu xüsusda, yuxarıda qeyd etdiyimiz kimi, İpək Yolunun bərpası, “Avropa-Qafqaz-Asiya“ (TRASEKA) nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi mühüm rol oynadı. Hansı ki, bu yolun bərpası zamanı qəbul olunan “Brüssel bəyannaməsi“ də ölkəmiz üçün mühüm perspektiv vəd edir. Qeyd edək ki, proqramın əsas məqsədi aşağıdakılardır:
    – Müstəqillik əldə etmiş ölkələrin Avropa və Dünya bazarına alternativ nəqliyyat marşrutu ilə çıxışını təmin etməklə onlara iqtisadi və siyasi yardım göstərmək;
    – “TRASEKA“ proqramı iştirakçısı olan ölkələr arasında regional   əməkdaşlığın genişlənməsinə yardım göstərmək;
    – “TRASEKA“ layihələrinin reallaşdırılması üçün maksimum beynəlxalq maliyyə qurumlarının – Avropa Yenidənqurma və İnkişaf Bankının, Dünya Bankının cəlb edilməsi;
    – “Avropa-Qafqaz-Asiya“ nəqliyyat dəhlizinin Transavropa şəbəkəsi ilə inteqrasiyasına kömək etmək. Konfransda Azərbaycan tərəfi açıq şəkildə bildirdi ki, dünya iqtisadi sisteminə inteqrasiyası inkişaf etmiş nəqliyyat şəbəkəsi olmadan mümkün deyildir. Bu baxımdan “TRASEKA“ proqramı böyük əhəmiyyət kəsb edir.

    TRASEKA Şərqlə Qərbin uzlaşması strategioyası deməkdir

    Ölkəmiz Şərqlə Qərb arasında əlverişli coğrafi məkanda yerləşən, zəngin sərvətləri olan əhəmiyyətli bir ölkədir. 1993-1995-ci illər üçün TRASEKA dəhlizinin fəaliyyətində önəmli rol oynayan Bakı limanının yenidən qurulması yönündə 7,5 mlrd. manat, avtomagistral üçün 85,6 mlrd. manat, yeni texnikanın alınması üçün 36 mlrd. manat, hava nəqliyyatı ilə tranzit yüklərin daşınmasının təşkili üçün 25 mlrd. manatın lazım oldu. Çoxtərəfli əsas sazişin VII bölməsinin 9-cu maddəsinin tələbinə uyğun olaraq 2000-ci ilin martın 10-11-də Gürcüstanda keçirilmiş konfransda TRASEKA Hökumətlərarası Komitəsinin Daimi Katibliyinin Bakıda açılması qərara alındı. 2001-ci ilin fevralın 21-də Daimi Katibliyin Bakıda rəsmi açılışı oldu. Açılışda dövlət başçısı Heydər Əliyev, İsveçin xarici işlər naziri, Avropa İttifaqında sədrlik edən ölkənin təmsilçisi Anna Lind, Aİ-nin Baş katibi, Ümumi Xarici və Təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Havyer Salano və Avropa Şurasının xarici əlaqələr üzrə Komissarı Kristofer Patten iştirak elmilər. Beləliklə  1993-1995-ci illərdə həyata keçirilən layihələr başlıca olaraq Qara dəniz və Xəzər dənizi regionlarında əlaqələrin möhkəmlənməsi və regional xarakter daşıyırdısa, 1998-ci ilin Beynəlxalq Bakı konfransında “Çoxtərəfli əsas sazişin“ imzalanması ilə “TRASEKA“ proqramı Avrasiya ölkələri arasında nəqliyyat sahəsində çoxtərəfli əməkdaşlığa çevrildi. “İpək yolu“nun bərpasında respublika rəhbərliyinin əsas məqsədləri bunlar olmuşdur:
    1. Bölgədə yerləşən ölkələrin ticarət-iqtisadi əlaqələrinin inkişaf etdirilməsi;
    2. Nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi, yük və sərnişinlərin beynəlxalq daşınmasının həyata keçirilməsi;
    3. Tranzit daşımaları üçün əlverişli şəraitin yaradılması;
    4. Yükdaşıma müddətlərinin qısaldılması;
    5. Nəqliyyat sahəsində müvafiq siyasətin hazırlanması;
    6. Daşıma tarifləri və güzəştlərin müəyyən edilməsi;
    7. Müxtəlif nəqliyyat növləri arasında əlaqələrin tənzimlənməsi;
    8. Yük və sərnişin daşımaları üzrə beynəlxalq və daxili tariflər sahəsində uyğunlaşdırılmış siyasətin aparılması;
    9. Çoxmodal (birləşmiş) daşımaların təşkil olunması üzrə uyğunlaşdırılmış fəaliyyət proqramının işlənib hazırlanması.
    Bir sözlə, Yeni İpək Yolunun yaradılması Azərbaycanın uğurlu iqtisadi strategiyasının mühüm tərkib hissəsi olaraq ölkəmizin sosial-iqtisadi, inkişafında, iqtisadi və siyasi cəhətdən möhkəmləndirilməsində yeni bir tarixi mərhələ açmışdır.

    Hazırladı: Ə. Yusifoğlu