“Bütün gəmilər məhv ediləcək” – ABŞ Rusiya limanlarının işğalına hazırlaşır

    3

    Hurriyyet.org xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş qanun layihəsini şərh edən Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədr müavini Andrey Krasov bildirib.

    Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş qanun layihəsinə görə, ABŞ administrasiyası Koreya Xalq Demokratik Respublikasına qarşı sanksiyaların icrası kontekstində Rusiyaya məxsus Vladivastok, Naxodki və Vanino limanlarını xüsusi nəzarətə götürə bilər. Sənədə əsasən, ABŞ prezidenti qanunun qüvvəyə minməsindən sonra 180 gün ərzində Konqresə BMT Təhlükəsizlik Şurasının Şimali Koreya ilə bağlı qərarını pozan limanlar və aeroportlar haqqında hesabat verməlidir. Qanun layihəsində həmçinin Çin, İran və Suriyanın da dəniz limanlarının nəzarətə götürülməsi əksini tapıb.

    Rusiyalı deputat vurğulayıb ki, Rusiyanın ərazi sularına heç bir Amerika gəmisi girməyəcək.

    “Yalnız bir cavab vermək olar: Rusiya və bizim müttəfiqlərimiz barəsində ABŞ administrasiyası tərəfindən atılan istənilən düşməncəsinə addımlara simmetrik adekvat cavab veriləcək. Rusiyanın ərazi sularına heç bir halda heç bir Amerika gəmisi girməyəcək. Silahlı qüvvələrimiz və donanmamız ərazi sularımıza girməyə cəsarət edən bütün vasitələri sərt cəzalandırmaq imkanlarına malikdir”, – deputat əlavə edib.

    Onun sözlərinə görə, ABŞ administrasiyası Avropa və Yaxın Şərqdən sonra daha bir regionda Asiya-Sakit okeanı regionunda vəziyyəti gərginləşdirməyə çalışır.

    “Dünya artıq birqütblü deyil, çoxqütblüdür. Amerikalılar istəyirlər və ya istəmirlər, amma bununla barışmaq lazımdır. BRİKS-ə daxil olan Rusiya, Çin və Hindistan, həmçinin İran kimi ölkələr var. Yəni, ağırçəkili idmançılar prinsip etibarilə ABŞ-ın “bütün dünyanı idarə et!” konsepsiyası ilə razılaşmırlar”, – Dövlət Dumasının üzvü yekunlaşdırıb. /publika.az/