Soyğunçuluqla məşğul olan dəstə saxlanılıb – VİDEO

    3

    Hurriyyet.org ARB Kəpəz-ə istinadən xəbər verir ki, Gəncə sakinləri Yaşar Nağıyev və Abbas Abbasov qabaqcadan əlbir olub qrup təşkil edərək Mərkəzi Bazarın yaxınlığında səyyar şəkildə pul mübadiləsi aparan Vilayət Abbasova qarşı soyğunçuluq ediblər.

    Bir müddət Vilayət Abbasovu izləyən şəxslər onun üzərində pul olmasını bilərək zərərçəkənə məxsus külli miqdarda Azərbaycan manatını və ABŞ dollarını, eləcə də rus rublunu soyğunçuluq yolu ilə ələ keçiriblər.

    Saxlanılan şəxslərin ətrafında keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində Yaşar Nağıyevin şəhər sakini Rübayıl Əliyevlə birlikdə 2015-ci ilin dekabr ayında Gəncədə valyuta mübadiləsi ilə məşğul olan Kəmaləddin Əliyevə, eləcə də həmin ilin oktyabr ayında Goranboy sakini Rahib Rzayevə qarşı quldurluq cinayəti törətdikləri də müəyyən edilib. Həmçinin əməliyyat yolu ilə Abbas Abbasovun 2016-cı ilin yanvar ayında tanışı Arif Cəfərovla birlikdə Allahverdi Aslanova məxsus mağazadan oğurluq etməsi də aşkarlanıb.

    Araşdırmalar zamanı Abbas Abbasovun tanışları Elgün İsmayıl-Nəcat və Elnur Nəbiyevlə birlikdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində 53 yaşlı İlyas Quliyevə qarşı soyğunçuluq cinayəti törətmələri də müəyyən edilib. Əməliyyat tədbirləri nəticəsində Elgün İsmayıl-Nəcat saxlanılıb. Elnur Nəbiyevin barəsində isə axtarış elan olunub. Cinayətkar dəstənin üzvlərindən Yaşar Nağıyev əvvəllər qəsdən adam öldürmə, Rübail Əliyev isə oğurluq və narkotik vasitələrdən qanunsuz istifadə hallarına görə 4 dəfə məhkumluq həyatı yaşayıb.