Fransada prezident seçkiləri: sürprizlər mümkündürmü?

    3

    İctimai rəy sorğuları ilk turda fransız elektoratının səsvermədə 70 faizdən az hissəsinin iştirak edəcəyini göstərir. Bu, konstitusiyanın geniş səlahiyyətlər verdiyi Beşinci respublikanın dövlət başçısının seçkisinə adətən yüksək marağın olduğu Fransa üçün aşağı göstəricidir. Belə ki, 5 il əvvəl, 2012-ci ildə keçirilən səsvermənin ilk turunda seçicilərin 79,5 faizi, 10 il öncə, 2007-ci ildə isə 83,7 faizi iştirak etmişdi.

    Bununla yanaşı, tədqiqatlar göstərir ki, səsverməyə bir gün qalmış fikrini dəqiqləşdirməyən seçicilərin sayı həddən artıq çoxdur: fransızların 30 faizi hələ də kimə səs verəcəyini müəyyənləşdirməyib.

    Namizədlərə gəlincə, gənc və iddialı siyasətçi Emmanuel Makron sorğuların nominal favoritidir. O, siyasi arenaya 2012-ci ildə Fransua Olland tərəfindən Yelisey sarayının baş katibinin köməkçisi vəzifəsinə təyin olunduqdan sonra çıxıb. İki ildən sonra hakim Sosialist Partiyasının daxilində növbəti böhran zamanı Makron iqtisadiyyat nazirliyinə başçılıq edib. 2016-cı ildə “İrəli” siyasi hərəkatını qurub. Özünü müstəqil namizəd adlandırmasına baxmayaraq, Yelisey sarayının dəstəyindən də imtina etmir. Odur ki, Makronun seçiləcəyi təqdirdə rəqibləri onun Ollandın “siyasi reinkarnasiyası” olacağını deyirlər.

    Ekspertlər hesab edirlər ki, səsvermədə iştirak edəcək elektoratın azlığı “Milli cəbhə” partiyasının lideri Le Pen üçün sərfəlidir. Belə ki, onun ənənəvi elektoratı daha səfərbər və intizamlıdır. Son illər Suriya böhranı ilə əlaqədar Fransanın misli görünməyən mühacir axınına məruz qalması “Milli cəbhə” partiyasının nüfuzunu xeyli artırıb. Lakin təxminən bir ay öncə seçicilərin 28 faizinin dəstəyini qazanan siyasətçinin reytinqi son günlər azalaraq 23 faizə enib.

    Respublikaçılar Partiyasının praymerizində gözlənilməz qələbə qazanan Fransua Fiyon prezident seçkilərinin əsas favoriti hesab olunurdu. Lakin yanvar ayının sonlarında siyasətçinin həyat yoldaş üçün parlamentdə saxta iş yeri açması barədə “Le Canard enchaine” qəzetində jurnalist təhqiqatının dərc edilməsi ilə vəziyyət bir anda dəyişdi. Bundan sonra başlayan “Penelopaqeyt” adlanan qalmaqal Fiyonun nüfuzuna ciddi zərbə vurdu. Nəticədə o, lider mövqeyindən üçüncü yerə yuvarlandı. Hazırda onun reytinqi təxminən 20 faiz təşkil edir.

    Solçuların namizədi Jan-Lyuk Melanşonun seçkilərin finalına çıxması kampaniyanın əsas sürprizlərindən biri ola bilər. 65 yaşlı namizəd özünü nəinki kampaniyanın əla natiqi, həmçinin piar-texnologiya sahəsində əsl novator kimi göstərə bilib. Belə ki, onun yeniliklərindən biri seçki kampaniyasında hətta gənc Makronun qərargahının ağlına gəlməyən holoqramadan istifadə etməsidir. Bu metodun premyerası zamanı solçuların lideri Lion şəhərində seçicilərlə görüşərkən, eyni zamanda, Parisdə mitinqə toplanan insanlarda Melanşonun onlarla danışdığı təəssüratı yaranıb. Seçkiqabağı kampaniyanın sonunda isə o, müasir texnologiyaların köməyi ilə ölkənin iri şəhərlərində eyni vaxtda 6 mitinq keçirib.

    Hakim Sosialist Partiyasının namizədi Benua Amon da seçkilərdə sürprizlə yadda qala bilər. O, hazırda namizədlər arasında beşinci pillədə qərarlaşıb. Amonun finala adlaması ehtimalı az olsa da ona sadiq seçicilərin səsləri ikinci turda həlledici rol oynaya bilər. Melanşonun qərargahı kampaniyanın əvvəlində vahid namizəd barədə Amona yaxın cərəyanların nümayəndələri ilə danışıqlar apardığını, lakin razılıq əldə olunmadığını bildirib. Əgər onlar bir daha bu mövzuya qayıtsalar Melanşon özünün 19 faiz səsinin üzərinə Amonun seçicilərinin daha 8-10 faizini əlavə edə bilər. Əgər bu, baş versə, nəinki sürpriz, hətta siyasi sensasiya olacaq və Fransada siyasi paradiqmanın köklü dəyişikliyi üçün imkan yaradacaq.

    Səsvermədə seçicilərin səsləri uğrunda, həmçinin yerli mətbuatın yumşaq epitetinə layiq görülən “kiçik namizədlər” də mübarizə aparacaqlar. Lakin analitiklərin fikrincə, onların heç birinin hətta 5 faizlik göstəricini belə keçmək şansları yoxdur. /azərtac/