“Bizim daxili aktyorların çoxu savadlı olmayıb” – Ayaz Salayev

    6

    Son zamanlarda bəzi tanınmış sənət adamlarının, aktyor və ya aktrisaların savadsız olması haqda fikirlər gündəmə gəlir. Hurriyyet.org bildirir ki, sənətçilər nəinki intellektual səviyyəli primitiv suallara, hətta öz sahələri ilə bağlı klassik suallara cavab verə bilmir, özlərini çətin vəziyyətdə qoyurlar. Bəs aktyor, aktrisanın savadı hansı səviyyədə olmalıdır? Sənətçilər kino sahəsi ilə bağlı dünyada baş verən yenilikləri izləməlidirlərmi?

    Əməkdar incəsənət xadimi, tanınmış kinorejissor və kinoşünas Ayaz Salayev məsələni bu cür şərh etdi: “Eşitdiyimə görə, tarixdə bir çox dahi aktyorlar o qədər də savadlı olmayıb. Aktyorun daxili məzmunu savadlı olmalıdır, savad əsas deyil. Yəni şəxsən mən düşünmürəm ki, aktyorda mütləq savad və ya bilik olmalıdır. Elə aktyorlar var ki, böyük şəxsiyyətlərdir, onların daxili məzmunu var ekranda, amma baxanda görürsən ki, tam savadsızdırlar. Adını qeyd etmək istəmədiyim məşhur aktyor var, hazırda dünyasını dəyişib, bütün Azərbaycan filmlərindəki ziyalı obrazlarını məhz həmin aktyor yaradıb. Halbuki çox savadsız adamlardan biri olub. Həqiqətən ekrandan onun savadsız olduğunu müəyyən etmək olmurdu”.

    “Image

    Əməkdar incəsənət xadimi, tanınmış kinorejissor Əbdül Mahmudbəyov isə qeyd etdi ki, aktyor, sənətkar mütləq ziyalı, savadlı olmalıdır: “Bu gün dünya hər kəsə açıqdır. Texnoloji vasitələrin inkişafı bizə imkan verir ki, dünyada baş verənləri anındaca öyrənək, məlumat alaq, maariflənək. Əgər dünyaya inteqrasiya ediriksə, lazımdır ki, az da olsa yeniliklər haqqında məlumatımız olsun. Təbii ki, aktyor böyük bir mədəniyyətin, ideologiyanın daşıyıcısı, bədii obraz yaradan insandır. Bədii obrazı yaradanlar elə-belə insanlar deyil ki, ustadlar, sənətkarlar, şöhrətli yazıçılar, kinodramaturqlar var. Və bütün bunları ekranda lazımi səviyyədə canlandırmaq üçün ən azı onların yaradıcılığından, dünya görüşündən, ədəbi mühitdəki səpkilərdən mütləq xəbərdar olmalıdır”.

    Müsahibimizin sözlərinə görə, sovet dönəmində üç cür aktyor məktəbi olub: “Onların birinci sırasında yüksək səviyyəyə malik aktyorlar, ikinci hissəsində sırf koloritli, yəni təbii istedadın hesabına tanınan, məsələn, Nəsibə Zeynalova kimi aktyorlar, üçüncü hissədə isə 2-3-cü rolları oynayan aktyorlar olub. Aktyorların hamısından yüksək səviyyədə intellektuallıq istəmək nə dərəcədə doğrudur deyə bilmərəm, amma xatırlayıram ki, biz tələbə olanda Adil İsgəndərov mütəmadi olaraq soruşurdu ki, ”qadam, filan filmdə bir monoloqu deyən aktyor var ha?“, o saat deyirdik ki, “filan aktyordur, filankəsin filmidir”. Bunlar istər fərdi şəkildə, istərsə aktyor, aktrisanın öz intellektual səviyyəsini inkişaf etdirmək, zənginləşdirmək üçün müəyyən biliklərdir. Mən həmişə demişəm ki, dünya mədəniyyətində baş verənlərdən xəbərdar olan, öz üzərində işləyən, intellektual, ziyalı aktyorlar ekranda baxan kimi seçilir, tanınır. Ekranda görürsən ki, hə, filan aktyor düşünə, danışa, intonasiyaları edə bilir, danışdıqlarını dərk edir, tərəf müqabilini hiss edə bilir. Aktyor var ki, mexaniki olaraq obraz yaradır və bu, ekranda hiss olunur. Bu baxımdan, o əqidədəyəm ki, bəli, dünya dəyişir, mütləq savadlı, ziyalı olmaq lazımdır“. /musavat.com/