Orijinal yazı ədası, şair qəlbinin əks-sədası

    15

    Sözlə yaşamaq, sözə yeni bədii nəfəs vermək, sözü özünüifadənin lirik formasına çevirmək Sərdar Zeynalın fitrətindədir. Onun fikri – intellektual axtarışları, gerçəkliyin, şeiriyyəti və emosional təhlili, qəlb dünyasının sehri və möcüzəsi, lirik etirafları, narahat ruhunun ən ali və yüksək təzahürü öz əksini çoxsaylı kitablarında tapmışdır. Elmi və poetik idrak üfüqlərinin genişliyi Sərdar Zeynal qələmindən süzülən elmi və bədii kontekstin ruhundadır və bu kitablar müəllifin yaradıcılıq əhval–ruhiyyəsinin ayrılmaz xüsusiyyətləridir. Çünki Sərdar Zeynal təbiətən şairdir, alimlik də onun xislətindədir. Onun poeziyasının mayası zəngin könül dünyasından, məntiqi və elmi mühakimələri isə dərin zəkasından qaynaqlanır. Estetik və fikri dərinliyi ilə diqqət çəkən “Qədrimi bilmədin” adlı kitabında da müəllif öz poetik simasını, şair mənliyini, fərdi dəsti–xəttini nümayiş etdirmiş, fəal həyat mövqeyini vəsf etmək xüsusiyyətlərinə sadiq qalmışdır. Əlvan ifadə vasitələri, obraz və forma çalarlarının axtarışları və orijinal kəşfləri bu kitabın bədii dəyərini təmin edən əsas amildir. Dərin fikir və zəngin emosiyaların, bədii sözün maksimum təsir qüvvəsi ilə ifadəsini tapa bilməsi ilə Sərdar Zeynal öz sənətkarlıq məharətinin əsas məziyyətlərini,  poetik simasına sədaqətini bir daha təsdiq etmişdir.

    (Əvvəli bu linkdə: http://hurriyyet.org/xeberlenti/25545-orijinal-yazi-dasi-sair-qlbinin-ks-sdasi.html)

    Bütün sosial duyğular, bəşəri düşüncələr onda şəxsi qənaətlər kimi təzahür edir ki, bu da müəllifi deyim və duyum boyatlığından, streotip düşüncə tərzindən xilas edir. Müəllifin qələm məhsulları bədii keyfiyyət və sənətkarlıq tələblərinə maksimum cavab verdiyi üçündür ki, S. Zeynalın bədii düşüncəsinin əks – sədası olan hər sözündə təzə mənalar, təsirli ekspressivlik tapırsan, oxucu təəssüratlarına geniş üfüqün açan, sözlərin dəqiqliyinə, işlənmə sərrastlığına heyran qalırsan. Söz sənətkarının həyata baxışının, onu qavramağın özünəməxsusluğu və dərinliyi bədii konkretlik qazanır, ən önəmlisi odur ki,bu bədii konkretlik məzmun səviyyəsində təzahür edir. Bu da belə deməyə haqq verir ki, S.Zeynalın hər bir şeiri həyat, gözəllik haqqında mütəfəkkir düşüncələrinin, qənaətlərinin ümumiləşmiş yığcam poetik fraqmentləridir. Fikrimiz predmetsiz olmasın deyə “Sonradan külümlə oynamağın nə?!” əsərindən aşağıdakı şeir parçasına diqqət yetirək:

    Duruşun nisgilli, baxışın qərib

    Gözündən alışıb qaynamağın nə?!

    Yandırıb, odlayıb, külə döndərib,

    Sonradan külümlə oynamağın nə?!

     

    Min yerdən dağladın, “dayan” demədim,

    Sevindim, “canıma qıyan” demədim

    Yad sözə aldanıb uyan demədim

    Payıma böldüyün zəhər – ağın nə?!

     

    “Can” dedin, min dəfə qadanı aldım,

    Gözümdə göylərə qalxdın, ucaldın,

    Sanıram həsrətin vüsalı baldı,

    Sinəmə çəkdiyin çarpaz dağın nə?!

    Sevgimdən bezmisən, burax qoy gedim,

    Əlini qaldırıb “bir …. üç” say, gedim,

    Sən yad ol, kiməsə burax pay gedim,

    Hər addımbaşında qınamağın nə?!

    Şeirdəki sual–nida intonasiyası bədii qayənin qavrama imkanlarını intensivləşdirir, poetik – üslubli fənd kimi şeirin dilini məzmununa uyğun mənalı bir poeziya dilinə çevirir. Hər bəndin son misrasındakı sual və həyəcanlı tələffüz psixoloji vəziyyətin yaratdığı bədii ovqatla birlikdə ritm və intonasiya faktoru kimi fəal mövqe nümayiş etdirir. Beləliklə, intonasiya zənginliyində müəllifin poetik nəfəsi duyulur. Təsvir obyektinə həyəcanlı, qayğılı müraciət S. Zeynal şeirlərinin əsas poetik forma ünsürüdür. Bu müraciət mövzunun, bədii mətləbin poetik həlli və üslubi şərhi kimi tətbiq olunur. Beləliklə, lirik formanın estetik tərtibində iştirakçısı olan hər bir linqvistik ünsürün semantik tutumluluğu artır, müfəssəl miqyas alır. Şairin poetik hisslərinin predmetləri şeiriyyət, obrazlılıq cəhətdən canlı ştrixlərlə təcəssüm etdirilir. Şeirin ideya – emosional məğzi, ideya pafosu sərrastlıq qazanır, poetik mətnin ideya – estetik qüdrəti bədii ümumiləşdirmə genişliyi ilə çulğalaşır. Şeir toplusunda yer alan hər bir əsəri müəllifinin şair mənliyini, onun fərdi poetik dünyasını oxucuya bütün incəlikləri ilə təqdim edir. Çünki S. Zeynal şeirlərində təsvir və tərənnüm obyektinə verilən poetik dəyər, aşılanan ruh və məna o qədər dərin olur ki, biz onları ciddi yaradıcılıq kəşfi səviyyəsində qavrıyırıq.

    Zeynalın şeirlərinə sənətkarlıq ölçüləri ilə, bədii keyfiyyət meyarları ilə yanaşdıqda aydın görünür ki, onun sətirlərindəki üslubi saflıq və təmizlik müəllifin üzərində çəkdiyi söz əzalarından gəlir. Canlı həyatı cizgiləri ilə zəngin olan lirikası ona görə müasir şeirimizin parlaq və orijinal bir səhifəsidir ki, onlar ilk oxunuşdan poetik yaddaşa köçür və hər misrasında həqiqi şair qəlbinin çırpıntılrı səslənir.

    Zeynalın deyim tərzindəki təravətlilik daha çox poetik – üslubi əməliyyat səviyyəsi qazanır ki, bu da şeirdə böyük qüsur sayılan özünü təkrarı, streotip düçüncəni, semantik avtomatizm təhlükəsini aradan qaldırır. Ən önəmlisi odur ki, bu proses bədii təfəkkürün fəallaşması, təsvir predmetinin daha dərin guşələrinə nüfuzu ilə müşaiyət olunur. Məhz bunun sayəsində bədii təhlil və obrazlı düşüncə obyekti oxucu marağının mərkəzində dayanır. “Məni” rədilli şeirin ümumi ruhu və məzmunundan doğan deyim tərzi, onun hər bir misrası poetik təəssürata həssas münasibət təlqin edir, estetik idrakın tutumluluğuna bizi inandırır:

    Dağıtdın, qalmadı daşım daş üstə,

    Sən yenə eylədin özümdən məni.

    Mehrini görmədim mən bircə kəsdə

    Çox uzaq eylədin dözümdən məni.

    Göstərib özünü naşıdan naşı,

    Min yara vurursan hər addımbaşı,

    Bircə yol ətəkdən tökmədin daşı,

    Çarmıxa çəkirsən sözümdən məni.

     

    …Tanrımız yazıbmı belə yazını?!

    Ömürlük mən çəkim sənin nazını,

    Od vurdun yanacam ömrüm uzunu,

    Üfüqlər yanacaq közümdən mənim.

    Göründüyü kimi, S. Zeynalın hər bir şeiri insan, həyat, məhəbbət haqqında dərin düşüncələrin, bədii qənaətlərin ümumiləşdirilmiş, yığcam poetik fraqmentlərdir. Sərdar Zeynalın misralarının estetik özülündə poetik çizgilərin həyatiliyi dayanır. Bu məziyyət şeirlərinin həyati rişələrinə dərinlik verir, müəllifin poetik nəfəsinin genişliyini və təravətini mühafizə edir. Qələmə aldığı mövzularla əlaqədar bədii qayənin təlqininə tətbiq etdiyi ifadə üsullarını yeni keyfiyyətlərlə zənginləşdirir. Şeirə, şeiriyyətə, poetikanın qızıl qanunlarına hörmət və ehtiram onun hər kəlməsində, yaradıcılıq ədasında görünür. S. Zeynalın bədii mətnlərində yaratdığı üslubi şəbəkə kontekstə nüfuz edən hər bir sözə yeni və geniş üfüqlər açır. Şair qəlbindən süzülüb gələn hər bir söz müasir və qabaqcıl şeir sənətimizin ritminə uyğunlaşmaq, poetik qayənin mahiyyətini işıqlandırmaq iqtidarındadır. Qadir qələminin hər bir məhsulu həm məzmun, həm də ifadə planında onun poetik təfəkkür enerjisinin gücünü təcəssüm etdirir, orijinal üslubi istiqamətinin tipologiyasını müəyyənləşdirir. S. Zeynalın hər bir nəzm əsəri onun bənzərsiz bədii təfəkkürünün ifadə formasıdır, dərin fəlsəfi – psixoloji düşüncələrinin, həyəcanlanmasının tərcümə anıdır. Gözəl cəhət kimi xüsusi qeyd olunmalıdır ki, onun fikir və duyğularının təsvirində məhdudluq və qapalılıq hiss olunmur, bütün misralar estetik prinsiplərlə qurulur.  S. Zeynalın poetik üslubunda deyim zənginliyi yaratmaq meyli çox güclüdür. O, heç vaxt qəliz, bayağı və mücərrəd söz və ifadə işlətmir. Doğma dilin bütün poetik – üslubi imkanları onun qələmində incəliklərinə qədər nümayiş etdirilir. Xalq dilinə, folklor üslubuna yaxınlıq fikrin maksimum aydınlığında müstəsna rol oynayır. Poetik leksika bütünlüklə xalqın canlı, koloritli, təbii və dərhal ürəklərə hakim olan danışıq tərzindən doğur. Ona görə də Sərdarın misraları ana laylası kimi halal və təmizdir, aydın xalq müdrikliyinin, natural həyat fəlsəfəsinin coşqun ifadəsidir. Bütün bunlar Sərdarı öz üslubu,poetik diapozonu, zəngin dünyagörüşü olan bir yaradıcı qələm sahibi kimi təqdim edir. Onun poetik deyimi tərzində folklor sadəliyi ilə müdrikliyi mükəmməl şəkildə qovuşur, təsvir predmeti mənalı bədii şərhini tapır ki, bu da lirik mətnlərə estetik sanbal və əzəmət gətirir. “Gəlmişəm dünyaya nə vermişəm ki…” şerinin timsalında görmək olar ki, əbədi mövzularda da yeni hüdud, məxsusi çalarlar axtaran şairin lirik etiraflarında klassik ənənələrə söykənən poetik kateqoriyalar olduqca fəaldır.

    Ömür də qurtarır, gün də qurtarır,

    Bir daşı qoyan yox daşımın üstə,

    Üz tutub gedirəm yoxluğa sarı,

    Min qılınc dolanır başımın üstə.

     

    Yamanca vermişəm yelə ömrümü

    Yarısı payızam, yarısı qışam,

    Keçirdim mən elə – belə ömrümü,

    Umduğum hər kəsdən yarımamışam.

     

    Yoluma düzüldü namərdin daşı,

    Yüz yerdə ləngidim, düşdüm çətinə,

    Döyüşə çəkdilər hər addımbaşı,

    Yetmədim ömrümün səadətinə.

     

    Ömür də qəribdir, söz də qəribdir,

    Ən adi kəlmənin üstündə əsdim,

    Kədəri düşməndən çox çəkdiribdir,

    Bəlkə də ömrümün özünə qəsdi.

    Şeirlərindən dərhal sezilir ki, S. Zeynalın şəxsi dünyasında  kainatın, dünyamızın, bəşəriyyətin qayğı və problemləri cəmləşir. Onun ayrı – ayrı lirik məqamlarında insanın mürəkkəb və təzadlı sarsıntıları, fırtınalı taleyi, məişət və həyat idealları ilə bağlı asossasiyalar doğulur. Poetik dünyagörüşünün mərkəzində və məğzində dövrün, zamanın, müasirlərinin müqəddaratına həsasslıq, mənəvi dəyərlərə diqqət dayanır. Onun lirikası bütövlükdə bəşəri qayğılarla, narahat düşüncələrlə yüklənmişdir ki, bu da S. Zeynal şeirlərinin daxili ideya xüsusiyyətlərini açır.

    Müasir poetik prosesin fəal və məhsuldar iştirakçısı S. Zeynalın lirik həyəcanları daha çox xalq poetik təfəkkürünün dərin qaynaqlarından süzülüb gəlir. Lirikasının bədii dəyərini təmin edən yaradıcılıq amili kimi ənənəvi poetik formalarda yeni fikir və məzmun ifadə etmək qabiliyyəti çox güclüdür. Əsərlərini xüsusi təmkin və diqqətlə nəzərdən keçirilib mənalandırılması onun bütöv yaradıcılıq siması haqqında orijinal düşüncələr doğurur. Şairin yazı tərzində ən əhəmiyyətli fakt kimi poetik idrak genişliyi, həyat hadisələrinin ən xarakterik cizgilərini duyub mənalandırmaq  xüsusiyyəti, təsvir – tərənnüm obyektlərinə bədii keyfiyyət meyarları ilə sənətkarlıq ölçülərilə yaşamaq qabiliyyəti diqqət çəkir. Zəngin elmi və ədəbi təcrübəsi, incə estetik zövqü, həssas müşahidə və ifadə qabiliyyəti Sərdar Zeynala həyatın fəlsəfi mənasına dərindən nüfuzunu stimullaşdırır. Emosional təhlilin güclü olduğu şeirlər rəngarəng fikir və həyəcanların geniş spektlərini əhatə edir. Şairin şəxsiyyət zənginliyindən, poetik təbiətinin siqlətliliyindən asılı olaraq lirik mətnlər məzmunlu və tutumlu bir şəkildə meydana çıxır. Məhz bu səbəbdən də S. Zeynalın əsərləri poeziyamızın ən qabaqcıl ənənələrinin davamı, poetik gücünün təsdiqi kimi əhəmiyyətlidir.

    Məhərrəm Abbasəli oğlu Hüseynov,

    filologiya elmləri doktoru, professor.

    31. 03. 2017.