“Azərbaycanın qaçqın probleminin necə yaranması heç kəsi maraqlandırmır“

    6

    “Son illər qaynar nöqtələrin, terror təşkilatlarının sayı artıb. Bu niyə belədir. Bu qədər işlər görülür, toplantılar keçirilir. İndi beynəlxalq gərginlik əvvəlki dövrlərdən tam fərqlənir“.

    Hurriyyet.org xəbər verir ki, bunu Azərbaycan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəniyyətlərarası dialoq yolu ilə sülh münasibətlərinin inkişaf etdirilməsi“ mövzusunda panel müzakirələrdə deyib.

    O qeyd edib ki, son illər Azərbaycanın həyata keçirdiyi fəaliyyətlər heç bir dövlət tərəfindən edilməyib: “Bu forumun da çox böyük əhəmiyyəti var. Amma müzakirə olunan problemlərin həlli üçün münbit şərait yaradılmalıdır. Buna mane olurlarsa, bu tədbirlərin mənası olmayacaq“.

    N.Məmmədov bildirib ki, bu gün dünyada aktorların sayı artıb və bunları Azərbaycan kimi kiçik dövlətlər yaratmayıb. PA rəsmisi qeyd edib ki, Azərbaycan 1 milyon qaçqınla müstəqil dövlət qurub: “Bu qaçqın probleminin necə yaranamsı heç kəsi maraqlandırmır. Azərbaycanın torpaqları 25 ildən artıqdır işğal altındadır. Lakin heç bir dövlət bununla bağlı konkret mövqe bildirmir. 20- 30 il əvvəlki sənədlər arxivə qoyulur. Böyük dövlətlər öz aralarında problemləri həll etməyə çalışırlar, kiçik dövlətlər isə gözləyir ki, görəsən 1 aydan sonra nə baş verəcək? Bir adam da həqiqət uğrunda çalışırsa, deməli optimist olmağa dəyər. Ətraflı yanaşma olmasa, beynəlxalq hüquq mümkün deyil. Belə olmasa, dünyamız gərginliklə davam edəcək“.Trend/