Kürd məsələsi: toqquşmalar yenidən qızışır – FOTO

    9

    Ötən həftə Türkiyə aviasiyasının İraqın və Suriyanın şimalında kürdlərin mövqelərinə güclü aviazərbələr endirməsindən sonra türk ordusu ilə kürd yaraqlı qruplaşmaları arasında toqquşmaların yeni fazası başlayıb. Və son məlumatlara görə bu toqquşma getdikcə qızışmaqdadır.

    Xəbər verildiyi kimi, Türkiyə aviasiyası aprelin 25-də Suriyanın şimalında YPG kürd qruplaşmasının mənzilləndiyi Derik şəhəri ətraflarına, İraqın şimalında isə yezidi kürdlərin məskunlaşdığı Sincar bölgəsinə güclü hava zərbələri endirib. Əslində, Türkiyə aviasiyasının hədəfi birbaşa yezidi kürdlər deyil, PKK-ya bağlı PYD qruplaşmasının yezidi kürdlərdən təşkil etdiyi silahlıların bazası olub. Bu zərbələrdə İraq Kürdüstanının peşmərgə dəstələrinin 6 döyüşüsü də təsadüfən hədəfə çevrilib. Türkiyə komandanlığı hava zərbələri nəticəsində 70-dən çox terrorçunun öldürüldüyünü bildirir.

    Bu hava zərbələrinin ardınca Türkiyə-Suriya sərhədində və Türkiyənin cənub-şərqində kürd silahlıları ilə türk ordusu arasında yeni toqquşmalar vüsət alıb. Kürd mənbələri iddia edir ki, hava zərbələrindən sonrakı üç gün ərzində Suriyadan YPG silahlıları Türkiyə ordusunun 3 “Leopard“ tankını vurub, türklər azı 17 əsgər itirib. Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı bu itkiləri təsdqiləməsə də sosial şəbəkələrdə kürdlərin Amerika istehsalı olan TOW tank əleyhinə raketi ilə Türkiyə ordusunun bir tankını vurduğuna dair görüntülər yayılıb. Hurriyyet.org virtualaz-a istinadən xəbər verir ki,osial şəbəkələrdə yayılan digər xəbərlərə görə türk xüsusi təyinatlıları bir neçə dəfə Suriya ərazisinə uğursuz həmlə cəhdi edib. Habelə xəbər verilir ki, Birləşmiş Ştatlar ordusunun çoxsaylı zirehli texnikası və xüsusi təyinatlıları Türkiyə ordusunun YPG-yə yeni zərbələrini önləmək üçün sərhəd boyu cəmləşdirilir.

    Məsələnin siyasi tərəfinə gəldikdə isə Suriya məsələsində bir-birinə diametral zidd siyasət aparan ABŞ və Rusiya kürdləri dəstəkləməkdə tam həmrəylik nümayiş etdiriblər. Rusiya XİN “İraqda və Suriyada İŞİD-ə qarşı döyüşən əsas yerüstü güc olan“ kürd birləşmələrinə Türkiyənin zərbə endirməsindən narahatlıq ifadə edib. Bunun terrora qarşı mübarizəyə zərbə vurduğunu bildirib. Eləcə də ABŞ Türkiyənin aviazərbələrini tənqid edib və bunun koalisiya qüvvələri ilə razılaşdırılmadığını ifadə edib. Habelə ABŞ İraqda və Suriyada kürdlərə dəstəyini davam etdirəcəyini bildirib. Başqa sözlə, kürd məsələsində iki super güc Türkiyəyə qarşı çıxıb və bəllidir ki, onların hər birinin kürdlərlə bağlı öz maraqları var. Bu maraqla Türkiyənin maraqları və onun PKK-ya bağlı kürd dəstələrini sərhəddən mümkün qədər uzaq tutmaq səyləri ilə uzlaşmır.

    Bölgədəki hərbi qaynaqlar “Sözçü“ qəzetinə bildirib ki, ABŞ ordusu Suriyanın şimalında YPG-ni birbaşa mühafizə altına almayıb. Lakin bu qruplaşmaya yeni silahlar və texnika verib. Mənbələr deyiblər ki, hazırda YPG-nin əlində “Stinger“ daşınan zenit-raket sistemləri və tank əleyhinə TOW raketləri, hətta ən müasir “Javelin“ raketləri var. Bu silahlarla YPG Türkiyə ordusunun sərhəddəki mövqelərini atəşə tutur.

    Türkiyə mətbuatının yazdığına görə hazırda prezident Ərdoğan Suriyaya yeni hərbi müdaxilə variantını nəzərdən keçirir. Lakin analitiklərə görə Türkiyə ordusunun Suriyanın şimalında yeni irimiqyaslı hərbi əməliyyatlar keçirməsi siyasi və hərbi baxımdan olduqca mürəkkəb məsələdir. Çünki bundan əvvəlki “Fərat qalxanı“ əməliyyatında Türkiyə ordusu və onun dəstək verdiyi Azad Suriya Ordusu aylarla sürən döyüşlərdən sonra ancaq Əl-Baba qədər irəliləyə bildi. Bundan o yana irəliləmək isə ABŞ və Rusiya ordularının postları, habelə Bəşər Əsədin ordusu ilə birbaşa qarşıdurma riski yaradır. Bu baxımdan Ərdoğan kürdləri Türkiyə sərhədlərindən aralı tutmaq və YPG ilə PYD-nin nəzarət etdiyi ərazilərin birləşdirilməsi nəticəsində sərhədboyu “kürd zolağının“ yaradılmasına imkan verməmək üçün ABŞ prezidenti Donald Trampla anlaşmağa cəhd edəcək.

    Yaxın günlərdə Ərdoğanın ABŞ-a səfəri gözlənilir və şübhə yoxdur ki, danışıqların əsas mövzusu məhz kürd məsələsi olacaq. Ancaq Tramp administrasiyası da kürdləri İraq və Suriyada İŞİD-ə qarşı özünün əsas hərbi müttəfiqi kimi tanıyır. Amerika ordusu məhz Trampın əmri ilə bu yaxınlarda kürdlərlə birlikdə əməliyyat keçirib Raqqanın arxasına qəfil desant çıxarmışdı. Bu baxımdan Ərdoğanın “ABŞ kürdlərə dəstəyi kəsməlidir“ tələbi əlbətdə, real deyil. Ən yaxşı halda ABŞ kürdləri Türkiyə üçün kritik bölgələrdən aralıda saxlaya bilər.

    Sərhədboyu toqquşmalarla bərabər Türkiyənin cənub-şərqində də PKK terrorçuları ilə türk ordusu arasında toqquşmaların qızışdığı haqda xəbərlər gəlir. Son məlumata görə Türkiyə ordusunun Tunceli bölgəsində həyata keçirdiyi əməliyyatda 8 PKK terrorçusu öldürülüb. PKK-çıların türk ordusunun zastavalarına hücumları və yollarda pusqu qurması yenidən intensivləşib. Bu, Türkiyə ordusunun bölgədə yeni irimiqyaslı əməliyyatlara başlamasına səbəb ola bilər.