NAXÇIVANDA ŞOK OLAY – “İnterna”ya gələn tələbə qız həkimi bıçaqladı, özünü isə 3-cü mərtəbədən atıb öldürdü

    6

    Naxçıvan Muxtar Respublikası Diaqnostika-Müalicə Mərkəzində müdhiş olay baş verib. Bu haqda “Hürriyyət” qəzetinə daxil olan ilginc məlumata görə, həftəsonu baş verən hadisə şəxsi münasibətlər zəminində yaranan problemlə əlaqədar olub.

    Mənbə bildirir ki, olay Diaqnostika-Müalicə Mərkəzində ürək cərrahı olan həkimin kabinetində baş verib. Belə ki, rezidentura mərhələsində təhsil alan, praktika keçmək üçün ürək həkiminin kabinetində olan gələcəyin həkimi arasında hansı səbəbdənsə mübahisə yaranıb. Münaqişəyə çevrilən söhbət kriminal hadisə ilə nəticələnib. Qız ürək həkiminə 4 bıçaq zərbəsi endirib. Bir zərbə arxadan, 3-ü isə qarın nahiyəsindən vurulan xəsarətdən həkimin hazırda koma vəziyyətində olduğu bildirilir.

    Gənc rezident isə vurduğu bıçaq zərbələrindən sonra şok vəziyyətində özünü 3-cü mərtəbədən ataraq, yerindəcə dünyasını dəyişib.

    Mənbədən verilən məlumatda gənc qızın əslən Babək rayonunun Nehrəm kəndindən olduğu bildirilir. Şəxsi münaqişə zəminində baş verən hadisənin namus üstdə olması ehtimal edilir.

    Ötən həftənin sonunda baş verdiyi bildirlən hadisənin nə qədər həqiqətə uyğun olub-olmadığını öyrənmək üçün Naxçıvan MR Daxili İşlər Nazirliyilə gün ərzində əlaqə saxlamağa cəhd etsək də, cəhdlərimiz baş tutmadı.

    Naxçıvan MR Səhiyyə Nazirliyilə də əlaqələrimiz mümkün olmadı.

    Yeri gəlmişkən, qeyd edək ki, blokada şəraitində yaşayan Naxçıvan MR ilə informasiya blokadası problemləri də yaşanır. Belə ki, internet üzərindən araşdırmamızda muxtar respublikanın əksər rəsmi qurumlarıyla əlaqə yaratmaq üçün saytlarında telefon nömrələri yazılmır. Bəzi qurumların, ümumiyyətlə, saytları yoxdur. Bəzilərində isə elektron müraciət forması olsa da, e-maillərimizə cavab ala bilmirik.

    Hətta aylar öncə Naxçıvan MR Milli Məclisinin saytındakı elektron ünvana dəfələrlə etdiyimiz müraciətə bu günədək cavab almamışıq, üstəlik Naxçıvan Milli Məclisinin mətbuat xidməti Ülvi Hüseynlinin mobil telefonuna zəng etdikdə “Hürriyyət”dən olduğumuzu bilincə telefonu söndürmüşdü.

    Elə əməkdaşımızın Naxçıvan MR Səhiyyə Nazirliyinin [email protected]  emailinə ünvanladığı sorğuya da cavab verilməyib. Sanki Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasına aidiyyəti yoxdur. Əslində isə “KİV haqqında” qanunun tələblərinə görə, jurnalist istənilən dövlət qurumundan informasiya almaq hüququna malikdir. Ona görə də, Naxçıvan MR-nın rəsmi qurumları informasiyaya açıq olmaq üçün nəinki maneələr yaratmalıdır, əksinə media üçün açıq olmalıdır. Nə qədər Naxçıvan MR-nın rəsmi dairələri informasiyaya qapalı olacaq, o qədər Naxçıvanla bağlı dezinformasiyalar olacaq.

    Bu səbəbdən də biz “Hürriyyət” qəzeti və Hurriyyet.org saytı vasitəsilə Naxçıvan Ali Məclisinin sədri, cənab Vasif Talıbova müraciət edirik: “Cənab Talıbov, Naxçıvanda baş verən hadisələri operativ işıqlandırmaq üçün rəsmi qurumlarla  əməkdaşlıq cəhdlərimiz baş tutmur. Yaxud da redaksiyamıza daxil olan məlumatların gercək və ya yalan olduğunu təsdiqləmək üçün səlahiyyətli qurumlarla əlaqə yarada bilmirik. Odur ki, sizdən xahiş edirik, aidiyyəti qurumların mediayaya diqqət ayrımasına və olayların mətbuatda düzgün işıqlandırılması üçün  şəriat yaradılmasına yardımçı olasınız”.    

    Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidova telefon açdıq. DİN rəsmisi də xəbərlə bağlı Naxçıvan MR-nin əlaqədar rəsmi qurumlarına müraciət etməyimizi tövsiyə etdi. Onu da bildirdi ki, iş vaxtı bitdiyinə görə, məlumatı araşdırmaq səlahiyyəti yoxdur.

    Axşam saatlarında əldə etdiyimiz məlumata görə, bıçaqlanan ürək həkiminin adı Nizamidir.

    Mövzunu diqqətdə saxlayacağıq.

    NİGAR, Hurriyyet.org