Fiziki şəxslərin bankdakı vəsaiti niyə sığortalanmır?

    3

    “Nağdlaşdırma ilə bağlı tətbiq edilən qadağalardan sonra sahibkarlar vəsaitlərinin əhəmiyyətli hissəsini bank hesablarında saxlamaq məcburiyyətindədirlər”.

    Hurriyyet.org xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri (CESD) Vüqar Bayramov bildirib: “Sahibkarların prosesə hansı səviyyədə hazır olması və eləcə də mövcud infrastrukturun bu prosesi necə dəstəkləməsi məsələlələri artıq müzakirə edilib. Amma nə qədər maraqlı və qəribə olsa da mövcud qaydalara əsasən, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri sığortalanmır. Yəni bir tərəfdən mövcud limitlər sahibkarları məcbur edir ki, pullarını bankda saxlasın, digər tərəfdən həmin bank müflis olarsa, onun pulu özünə qaytarılmır. Yalnız 1 il ərzində 10-dan artıq bankın bağlandığını və eləcə də bir sıra banklarda müflisləşmə riskinin qaldığını nəzərə aldıqda vəsaitlərinin nağdlaşdırılmasına imkan verilməyən sahibkarların pullarının qorunmamasının onlar üçün yaratdığı əlavə riskləri təsəvvür etmək çətin deyil”.

    “Maliyyə Bazarlarına Nəzarət Palatası sahibkarların pullarını bankdan çıxarmasına qadağalar tətbiq edir”

    İqtisadçı hesab edir ki, sahibkar pulunu bankda saxlamağa sövq edilirsə, o zaman onun vəsaitinin qorunması həyata keçirilməlidir: “Əks halda, belə görsənir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası sahibkarların pullarını bankdan çıxarmasına qadağalar tətbiq edir, amma o vəsaitlərin bankdakı taleyinə zəmanət vermir. Bu təbii ki, sahibkarların banklardakı pulları üçün əlavə risk yaradır. Bu baxmdan, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitlərinin də qorunan vəsaitlər sırasına daxil edilməsinə ehtiyac var. Nağdsız islahatlar yalnız inzibati deyil, həmçinin sahibkarlara zəmanətlərin verilməsi formasında həyata keçirilməlidir”.

    Şamo, Hurriyyet. org