İntihar edən polkovnikin şok ifadəsi: O, Eldar Mahmudov haqda danışıb, intihar edibmiş

    3

    MTN-in ləğvindən sonra baş verənlər arasında heç şübhəsiz ki, ən diqqəti çəkən hadisə polkovnik İlqar Əliyevin intiharı oldu. MTN polkovnikinin həbs edildikdən bir müddət sonra saxlanıldığı həbsxanada intihar etməsi “MTN işi” ətrafında bir çox qaranlıq məqamların olması ilə bağlı şübhələri ortaya çıxardı. Hətta həbsdə olan general Akif Çovdarov vəkili vasitəsi ilə mətbuata İlqar Əliyevin öldürülməsi ilə bağlı məlumatlar da çatdırmışdı.

    MTN polkovnikinin adı indi də ləğv edilmiş nazirliyin vəzifəli şəxslərinin cinayət əməllərində çəkilməkdə davam edir. Hazırda cinayət işi üzrə məhkəmə prosesi davam edən MTN-nin Antiterror Mərkəzinin rəisi, general Elçin Quliyev və 3 MTN zabitinin işində də bir çox epizodlarda İlqar Əliyevin adı hallanır.

    İlqar Əliyev Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışırdı. Mərhum polkovnikin MTN-in vəzifəli şəxsləri, onların əməlləri barədə bildikləri sirr olaraq qaldı. Ancaq məlumdur ki, İlqar Əliyev də digər həbs edilən MTN zabitləri kimi saxlanıldıqları ilk gündən istintaqa ifadə veriblər.

    Musavat.com polkovnikin intihar etməmişdən əvvəl Bakı istintaq təcridxanasında verdiyi ifadəsini əldə edib. Bu işdə maraqlı olan məqam isə polkovnikin bu ifadədən cəmi 5 gün sonra intihar etməsidir.

    2015-ci il dekabrın 15-də ifadə verən İlqar Əliyev dekabrın 20-də özünü saxlanıldığı kamerada asıb. Bəs İlqar Əliyev həmin ifadəsində nə demişdi?

    Polkovnik təqsirləndirilən şəxs qismində ifadə verərkən sabiq nazir Eldar Mahmudovun əməllərini ifşa edib.

    O, zərərçəkmiş Maqsud Mahmudovun epizodu üzrə ifadə verərkən deyib ki, sabiq nazir Eldar Mahmudov Tərlan adlı şəxs barəsində təqsirləndirici material toplanması barədə baş idarə rəisi Elçin Quliyevə şifahi göstəriş verib. Elçin Quliyev də bu məsələ ilə məşğul olmağı ona tapşırıb.

    İlqar Əliyev sabiq nazirin əmrini necə yerinə yetirmələrini belə izah edib: “Mən də Tərlan adlı şəxsin istifadəsində olan telefon danışıqlarına dair məlumatları əldə edərkən, onun Mark Şamilov adlı bir şəxslə konfliktinin olduğunu müəyyən etdim. Bundan sonra Markı MTN-ə dəvət edərək Tərlanın qanunsuz əməlləri barədə məlumat əldə etdik. Bu barədə sabiq nazirə məruzə edildi. Daha sonra Tərlan adlı şəxs Bakı şəhər prokurorluğunda aparılan cinayət işi üzrə həbs olundu. Sonra bizə kömək edən Mark Şamilov isə Maqsud Mahmudov adlı şəxsin onun torpaq sahəsini zəbt etdiyini bildirərək köməklik etməyimizi xahiş etdi”.

    MTN-də iş adamı Maqsud Mahmudovdan hədə-qorxu ilə pul alındığını etiraf edən İlqar Əliyev ifadəsinə bunları əlavə edib: “Daha sonra Elçin Quliyevə məruzə edərək razılığını aldıqdan sonra Maqsud Mahmudovu MTN-ə dəvət etdik. Bu işi Antiterror mərkəzinin əməkdaşı Azər Mehdiyevə tapşırdım. Sonra Antiterror mərkəzinin zabiti Ayaz Gərayzadə Maqsudun onun tanışı olduğunu deyərək kömək etməyimizi xahiş etdi. Azər Mehdiyev Maqsudu dəvət etdikdən sonra xidməti otağında ona hədə-qorxu gəlmişdi. Buna görə də Maqsudun otaqda halı pisləşmişdi. Azər yanıma gələrək Maqsudun 50 min dollar vermək istədiyini bildirdi. Mən də bu barədə Elçin Quliyevə məruzə etdim. Elçin Quliyev isə 50 min dolların az olduğunu, 200 min verilməsini tələb etdi. Azər yenidən gələrək Maqsudun 150 min dollardan artıq pul verə bilməyəcəyini dedi. Elçin Quliyev də mənim yanımda sabiq nazirə məruzə edərək çağırdıqları Maqsud adlı şəxsin 150 min dollar verə biləcəyini bildirdi. Sabiq nazir də razılıq verərək Maqsudun MTN-dən çıxmasına icazə verdi. Mən də bu barədə Azərə bildirərək Maqsudun MTN-dən çıxmasına icazə verdim. Maqsud ödəməli olduğu pulları bir neçə dəfəyə gətirərək Azərə verdi. Azər də öz növbəsində mənə verdi. Hətta bəzi vaxtlarda Maqsud pulları vaxtında verə bilməyəndə pulun əvəzinə Ayaz Gərayzadə vasitəsi ilə brilliant və ya digər qızıl-zinət əşyaları göndərirdi. Mən isə hər dəfə həmin əşyaları Ayazın özünə qaytararaq, Maqsudun söz verdiyi pulları gətirməsini tələb edirdim. Maqsudun pulları gətirməyəcəyindən ehtiyatlanaraq onun ölkədən çıxışına qadağa qoymuşduq”.

    Polkovnik qeyd edib ki, iş adamı Maqsud Mahmudov iki ay ərzində 150 min dolların cəmi 120 minini verib. İlqar Əliyev iş adamından alınan 120 min dolların necə bölünməsi haqda da danışıb.

    O, ifadəsində deyib ki, general Elçin Quliyevə, Eldar Mahmudova 120 min dolları məruzə edib. Sabiq nazir həmin puldan 70 min dolların köməkçisi Vüqar Mahmudova verilməsini, qalan 50 min dolların isə baş idarə daxilində bölünməsini tapşırıb.

    “Elçin Quliyev 70 mini Vüqar Mahmudova göndərdi. 20 mini özü götürdü, 10 mini mənə verdi, 10 mini isə öz aralarında bölmələri üçün Azər Mehdiyev və Ramil Hümbətova verdi. 10 min dollarını isə ərizəçi Mark Şamilova verməsi üçün Ramil Hümbətova verdi” – deyə İlqar Əliyev ifadəsinin sonunda deyib.

    Qeyd edək ki, İlqar Əliyev intihar edəndən sonra onun barəsində olan cinayət təqibinə xitam verilib./musavat.com/