SABİQ NAZİRİN QOHUMU SİLAHLI MÜNAQİŞƏ HAZIRLAYIRMIŞ? – MTN-ə niyə aparılıb?

    6

    Ləğv edilmiş MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinə hazırda Bakı Hərbi Məhkəməsində baxılır. Həmin qrupun işi üzrə zərərçəkənlər siyahısında yer alan, istintaq sənədlərində “Bakı şəhər sakini Allahverdi Dəmirov” kimi göstərilən şəxs keçmiş təhsil naziri Misir Mərdanovun qohumudur, deyilənlərə görə onunla xalaoğludur, yaxud ana xətti ilə hansısa qohumluq əlaqələri var. Virtualaz.org bundan əvvəl xəbər vermişdi ki, MTN qanqsterləri Allahverdi Dəmirovu 2015-ci ilin oktyabr ayında-Eldar Mahmudovun işdən azad edilməsinə sayılı günlər qaldığı bir vaxtda saxlayıblar.

    Dəmirov Allahverdi Hüseyn oğlu ifadəsində göstərir ki, 2005-ci ildə “Dəmirli Yol tikinti” MMC-ni təsis edib. Həmin cəmiyyətin fəaliyyəti yolların təmiri və tikintisini həyata keçirməkdən ibarət olub. “2015-ci ilin oktyabr ayının 6-da saat 15 radələrində “Amor” şadlıq evinin altında yerləşən restoranda oturub yemək yeyərkən 3 şəxs mənə yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini MTN əməkdaşları kimi təqdim etdilər. Mənə dedilər ki, onlarla birlikdə nazirliyə getməliyəm. Məni MTN-nin 2-ci mərtəbəsinə apardılar, otaqların birinə salıb hədə-qorxu gəlməyə başladılar”-keçmiş nazirin qohumu ifadəsində göstərir.

    Bəs Allahverdi Dəmirovu nədə ittiham ediblər və ya nəylə qorxudublar?İfadəsindən məlum olur ki, MTN-də onu kifayət qədər ciddi əməldə-ölkəyə qaçaqmalıçılıq yolu ilə külli miqdarda silah gətirib seçkiqabağı silahlı münaqişə hazırlamaqda günahlandırıblar. (Görünür söhbət 2015-ci ilin parlament seçkilərindən gedirdi.-red)

    Sitat: “Otaqda olan şəxs mənə hədə-qorxu gələrək bildirdi ki, Gürcüstana qeyri-qanuni yolla pul aparmışam. Həmin pulla külli miqdarda silah alıb Azərbaycan ərazisinə gətirmişəm və guya seçkiqabağı silahlı münaqişə törətmək fikrində olmuşam. Mən həmin şəxsə cənab Prezidenti dəstəklədiyimi, dövlətimizin və dövlətçiliyimizin müdafiəsində olduğumu, MTN-in dövlətə qarşı çıxdığını, vətəndaşları incitdiyini, mənə qarşı edilmiş qanunsuzluqlar barədə ən yüksək səviyyədə şikayət edəcəyimi bildirdim”.

    Dəmirov deyir ki, onu MTN-ə aparan şəxslər Nazirliyin Anti-Terror Mərkəzinin əməkdaşları idilər. Biznesmen otaqda saxlanılarkən masanın üzərində məktub olduğunu görüb və məktuba diqqətlə baxdıqda orada MTN-in Anti-Terror Mərkəzinin rəisi Elçin Quıliyevin imzası olduğunu, məktubun mətnində adının qeyd olunduğunu dəqiq görüb. Lakin məktubun məzmununu dəqiq oxuya bilməyib.
    Dəmirovu nazirlikdə təxminən 4 saat saxlayıblar, saat 20 radələrində buraxıblar. Milli Təhlükəsizlik Nazirliyinə qanunsuz aparıldığı vaxt ondan heç bir məbləğdə pul istənilməyib, nə də ki, onun özü pul verməyib. Dəmirov deyir ki, MTN əməkdaşları ondan pul tələb etmək fikrində olublar, lakin görünür cəmiyyət içərisində yüksək nüfuza malik olduğunu, öz hüquqlarını müdafiə edib qanunsuz hərəkətlərdən şikayət edəcəyindən çəkinib bundan vaz keçiblər.

    Qeyd edək ki, Allahverdi Dəmirov Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin keçmiş rəisi olub. 2011-ci ildə həmin vəzifədən çıxarılıb. Bu vəzifədə işləyərkən Təhsil Nazirliyinin xətti ilə həyata keçirilən tikintilərdə ciddi korrupsiya hallarının baş verdiyi barədə mətbuat uzun müddət yazıb. Hətta Dəmirovun vəzifədən çıxarılandan sonra “Bandotdel” tərəfindən saxlanıldığı da bildirilirdi.