Türkiyəyə qarşı məkrli plan işə salınıb – Avropa öz dəyərlərini itirir…

    3

    Türkiyədəki 16 aprel referendumunun nəticələrini türk xalqı qəbul eləsə də, belə görünür ki, “Köhnə qitə” hələ də heç cür həzm edə bilmir. Hurriyyet.org bildirir ki, öncə Avropa Birliyinin (AB) bəzi rəsmiləri “evet”çilərin kiçik üstünlüklü, lakin legitim qələbəsini şübhə altına alan mövqe sərgiləmişdilərsə, qardaş ölkənin quruma üzvlük yolunun bağlanacağı ilə hədələmişdilərsə, artıq indi Avropa Şurası Parlament Assambleyası (AŞ PA) da anti-Türkiyə kampaniyasına qoşulub.

    Belə ki, AŞPA-nın bugünkü sessiyasında “Türkiyədə demokratik təsisatların” fəaliyyəti adlı sənəd layihəsi müzakirə edilib və qardaş ölkənin qurumun monitorinqi altına almaq haqda olduqca ədalətsiz bir qərar çıxarılıb. Ona görə ədalətsiz ki, bu monitorinq 2004-cü ildə bitib və Türkiyə 13 il idi ki, post-monitorinq mərhələsində idi.

    Beləcə, Avropa təsisatlarından biri kimi indi də AŞPA guya qardaş ölkədə demokratiyaya, təməl insan haqlarına, ifadə azadlıqlarına ciddi təhlükə olması barədə israrla rəy yaratmağa girişib. Yəni təəssürat yaratmaq istəyirlər ki, Türkiyə demokratiya və təməl insan haqları məsələsində geri gedib.

    “avropa

    Bununla heç sübhəsiz, Avropadakı məkrli anti-Türk çevrələri, daha dəqiqi, türk düşmənləri Türkiyə kimi böyük bir dövləti, regional supergücü fakt qarşısında qoymaq, ona qarşı yeni təzyiq rıçaqı əldə eləmək, onu gözükölgəli və sözəbaxan edib təzyiqlərə qarşı daha həssas duruma gətirmək, qısacası, “ikinci sort” dövlətə çevirmək məramı güdürlər.

    Əsas hədəf zatən – bu. Nədəni də bəlli: qardaş ölkə xüsusən də son illər bir sıra regional problemlər, o sırada Yaxın Şərq (Suriya) məsələsində, qaçqınlar məsələsində Avropadan, Qərbdən fərqli, müstəqil xarici siyasət kursu yürüdür. Avropa ilə faktiki, bərabər güc kimi dialoq aparır.

    Sözsüz ki, Ankaranın Moskva ilə istiləşən münasibətləri də Rusiyaya qarşı sanksiyalar siyasətinə üstünlük verən Avropanın, AB-nin xoşuna gəlmir və sonuncu bundan bərk qıcıqlıdır. Ancaq Türkiyəni Rusiya ilə yaxınlaşmasının əsas baiskarı da elə Avropanın özü deyilmi? On illərdir qardaş ölkəni, müsəlman Türkiyəsini ən müxtəlif, absurd bəhanələrlə AB-nin qapısı arxasında saxlayan, özündən itələyən Avropa, xristian klubuna çevrilmiş Avropa Birliyi deyilmi?

    Yoxsa ki, demokratiya gerçəkdən də çoxluğun hakimiyyətidirsə, çoxluğun iradəsi deməksə, Türkiyədəki referendumda da məhz bu iradə ortaya qoyulubsa, o zaman nədən 16 aprel səsverməsi demokratiya dəm vurmağı sevən Avropa “demokratiya paytaxtları”nı bunca əndişələndirsin? (Maraqlıdır ki, Avropa liderlərindən fərqli olaraq, ABŞ prezidenti Donald Tramp referendumla bağlı Ərdoğana zəng vuraraq, onu təbrik edib).

    Avropa təsisatları isə ATƏT müşahidəçilərinin rəyi əsasında nəticələrə müdaxilə edildiyi görüntüsü yaratmaq istədilər. Amma axı, hakim qüvvə, Ərdoğan doğrudan da nəticələri saxtalaşdırmaq istəsəydi, faizi 51,3 yox, tutaq ki, 60-65% edə bilməzdimi? Bal kimi edərdi. Fəqət, buna gedilmədi. İndi əgər qələbə minimal fərqlədirsə, demək, hiylədən söhbət gedə bilməz də. Bu – cığallıqdır.

    “türkiye“de

    Sözü ona gətiririk ki, referendum əlbəttə ki, bəhanədir. Bir daha vurğulamaq zərurəti var ki, Avropanı narahat edən – qardaş ölkənin referendumdan daha güclü, daha müstəqil siyasət aparacaq, legitim mərkəzi hakimiyyəti möhkəmlənmiş bir dövlət kimi çıxmasıdır. Yəni Ərdoğan sadəcə, bir bəhanə. Hər şeyi öz adı ilə çağırsaq, hədəf – Türkiyə dövlətinin özüdür! Bu dövləti amorf vəziyyətə, parçalanmağa hazır hala gətirmək amacıdır!

    Ərdoğana qarşı güclü antipatiyanın arxasında duran tək səbəb zatən – bu. Təsadüfi deyil ki, özünü demokratiya örnəyi kimi təqdim edən Avropadan iki gün öncə qanuni prezident Ərdoğanı silah gücünə devirməyə belə çağırış edildi…

    ******

    Beləcə, Avropa öz dəyərlərini də, ruhunu da itirir, faktiki türk, müsəlman düşmənçiliyinə yuvarlanır. Türkiyəyə münasibətdə qucaqlayıcı deyil, itələyici amilə çevrilir. Türkiyə ətrafında Qərbdə, xüsusən də “Köhnə qitə”də yaradılan isterikanın adı yalnızca bu.

    “erdoğan

    Əfsus ki, “hədəf vasitəni doğruldur” prinsipi indi bütün dolağı ilə qardaş ölkəyə qarşı işə salınmış kimi görünür. Odur ki, Azərbaycan da vəziyyətin ciddiliyini nəzərə alıb, durumu obyektiv qiymətləndirməli, qeyd-şərsiz qardaş ölkənin yanında yer almalı, Türkiyəmizi tək qoymamalıdır – cəmiyyət, hakimiyyət, müxalifət olaraq. Zira, Türkiyəni zəiflətmək planı Azərbaycanı zəiflətmək planıdır, Azərbaycanı da hədəf almaq planıdır.

    Heç təəccüblü deyil ki, qardaş məmləkətə qarşı bu iyrənc kampaniyanın başında gedənlər arasında Avropadakı erməni lobbisinə bağlı dairələr də var. Türkiyəyə, Azərbaycana belə Avropa lazım deyil. Ssenarisi uzaq Avropada cızılan belə məkrli planlara qarşı diqqətli və ayıq olmamız lazım. /musavat.com/

    Allah Türkiyəmizi qorusun.