“Qara bazar”da “exchange” həyəcanı başladı

    6

    “Exchange”lərin yenidən bərpa edilməsi ilə bağlı Milli Məclisdə müzakirələrə başlanması “qara bazar”da həyəcana səbəb olub.

    Hurriyyet.org-un məlumatına görə, fərdi qaydada dollar satışı ilə məşğul olan şəxslər fins.az-a bildirirlər ki, “exchange”lərin yenidən bərpası “qara bazar”ın fəaliyyətinə tamamilə son qoya bilər. Belə ki, indiyə qədər bankların dolların alışı ilə satışı arasında fərq yaratması, eyni zamanda valyuta mübadiləsi ilə bağlı tələbatı tam ödəyə bilməməsi, “qara bazarın çiçəklənməsinə” səbəb olmuşdu. Dollar alverçiləri bildirirlər ki, manatın məzənnəsinin stabilləşməsindən sonra son bir neçə ayda onsuzda “qara bazar”a müraciət edənlər xeyli azalmışdı. “Exchange”lərin bərpası isə “qara bazar”ın sonu deməkdir: “Exchange”lərin banklara nisbətən daha sərfəli məzənnə ilə çıxış etməsi “qara bazar”a marağı tamamilə azaldacaq”.

    Qeyd edək ki, iqtisadçı-ekspertlər də “Exchange”lərin bərpasının “qara bazar”a böyük zərbə olacağını bildirirlər. Ekspert Samir Əliyev fins.az-a deyib ki, valyuta dəyişmə məntəqələrinin yenidən fəaliyyət göstərməsi “qara bazar”ı sıradan çıxara bilər: “Valyuta dəyişmə məntəqələrinin yaranması “qara bazar”ın aradan qalxmasına təsir edəcək. Əlbəttə “qara bazar”ın yaranmasının başqa səbəbləri var. Belə ki, dollar qıtlıq olan vaxt əldə olan məhdud dollar kütləsi “qara bazar”a yönəlir. Əgər ölkədə dollar qıtlığı olmasa bu halda “qara bazar”ı valyuta dəyişmə məntəqəsi əvəz edəcək. İstisna halları çıxsaq hesab edirəm ki, “qara bazar” aradan qalxacaq”.