Yeni səfir təyinatının pərdəarxası: Ruhani SEPAH zabitlərinin diplomat təyinatının qarşısını niyə alır? – TƏHLİL

    3

    Əli Əlfone

    “Atlantic Council“ 

    İranın Suriyadakı yeni səfiri Cavad Turkabadi etimadnaməsini Suriya baş nazirinin müavini və xarici işlər naziri Vəlid Müəllimə təqdim etdi. Bununla da İran prezidenti Həsən Ruhani ekstraterritorial əməliyyatlar keçirən İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK – “Sepah“) “Qüds“ qvardiyası üzərində kiçik, lakin mühüm və çox lazımi taktiki qələbə qazandı.

    Səfir Məhəmməd Rza Rauf Şeybaninin 2016-cı il oktyabrın 6-da missiyası qəfil dayandırıldığından “Qüds“ün rəhbərliyi Ruhaniyə öz namizədini qəbul etdirməyə çalışırdı. 

    2016-cı il dekabrın 7-də “Qüds“ parlamentdəki tərəfdarlarını aktivləşdirdi. Seyyid Sadiq Təbatəbainejad və doqquz digər millət vəkili kürsüdən xarici işlər naziri Zərifə xitabən niyə Dəməşqə yeni səfirin təyin olunmadığını soruşdu. Dekabrın 11-də deputatların eyni qrupu açıq məktubda hücumun ikinci dalğasını başladı, Zərifini səfir Şeybanini “Suriya cəbhəsinin səngərlərini“ tərk etdirməkdə suşladılar.

    Dəməşqdə İslam Respublikası səfirinin yoxluğu Ruhani və İİKK arasında mübahisənin yeganə səbəbi deyildi və buna bəzi sübutlar var.

    2014-cü ilin dekabrında Seyyid Hüseyn Niknamİslam Respublikasının Bağdaddakı səfirliyinin keçmiş müvəqqəti işlər vəkili Yəmənə səfiri təyin edilmişdi. Niknam Yəmənə gedə bilmədi, çünki “bu ölkəyə səfər mümkün olmadı“, Sənadakı səfirlik də müvəqqəti işlər vəkilinin ixtiyarına verildi. İran mətbuatı səfirin Sənaya ardıcıl səfərləri və fəaliyyət qabiliyyətsizliyi barədə xəbərlərlə tapmacaya cavab axtarırdı.

    Bundan əlavə, İslam Respublikasının Oman səfirliyi qarşısında da bənzər bir problem durur. Bu səfirlik Tehran və Vaşinqton arasında gizli diplomatiyaya cəlb edilib. Səfir Əli Əkbər Sibeviyənin fəaliyyəti başa çatandan bəri missiyaya müvəqqəti işlər vəkili rəhbərlik edir.

    Ola bilsin ki, “Sepah“la rəqabətdə Ruhani müvəqqəti işlər vəkilini bilərəkdən təyin edir ki, səfirliklərə “Sepah“ zabitlərinin təyinatının qarşısını alsın.

    Nəhayət, 2016-cı il dekabrın 31-də, Ruhani Turkabadini Dəməşqə səfir təyin etdi, lakin seçim baha başa gəldi: 2017-ci il yanvarın 15-də Ruhani “Qüds“ün baş komandanı, general-mayor Qasim Süleymaninin baş məsləhətçisi general İrəc Məscidini İraq səfiri təyin etməli oldu.

    Turkabadi Tehrandakı texnokratik düşərgədə Ruhaninin mühüm aktividir. İlk baxışdan, Turkabadi əvvəllər Küveyt, Bəhreyn, Nigeriya və Sudanda xidmət etmiş İranın peşəkar diplomatdır. Həm də İran diplomatlarının bütün nəslini səciyyələndirən radikal praqmatik metamorfozadan keçib.

    1979-cu ildə o, Elm və Sənaye Universitetinin mexanika mühəndisliyi fakültəsinin tələbəsi idi. Universitetdə inqilabçı tələbələrin lideri, gələcək prezident Mahmud Əhmədinejad kimi, eyni tələbə qrupunda siyasətlə məşğul idi. Müxtəlif universitetlərin tələbələri Tehranda Amerika səfirliyini ələ keçirməyi planlaşdırarkən, Əhmədinejad və Elm və Sənaye Universitetinin tələbələri Sovet səfirliyini ələ keçirməyi təklif edirdi, çünki imperialistlərlə müqayisədə, sovetlər həm də “dinsiz“ idi.

    Lakin Amerika səfirliyi zəbt olunduqda, Turkabadi bu işə cəlb olundu və girov götürülməsində iştirak edərək özü üçün karyera yolu açdı. O vaxtdan bəri Turkabadi Tehranda Amerika diplomatlarının girov götürülməsi ilə bağlı keçmişini gizlətməyə çalışıb.

    Turkabadinin diplomatik karyerasının erkən mərhələləri barədə təfsilat azdır, lakin o zamankı parlament spikeri, sonrakı prezident Əli Əkbər Haşimi Rəfsəncaniyə sədaqət andı içdikdən sonra o, 1989-cu ildə İranın Küveytdəki səfiri oldu. İran-İraq müharibəsi zamanı Küveytlə çox pis münasibətləri vardı və Rəfsəncaniyə müharibədən sonra bu ölkə ilə əlaqələri inkişaf etdirmək üçün peşəkar İran diplomatı lazım idi.

    Səfir Turkabadinin Rəfsəncani və Ruhani arasında əlaqələndirici olmasının aydın dəlili də var. Rəfsəncaninin xatirələrində iki dəfə Turkabadi barədə mahir“ərəb dili tərcüməçisi“ kimi istinad qeydi var. Hətta Turkabadi Bəhreyndə səfir olanda Hafiz Əsəd ilə gizli danışıqlarda iştirak etmək üçün Rəfsəncani onu Dəməşqə yollanan nümayəndə heyətinə daxil etmişdi. Bu görüşdə Ali Milli Təhlükəsizlik Şurasının katibi qismində Ruhani də iştirak edib.

    Turkabadi səmərəli səfir olub, Nigeriya və Sudan ilə münasibətləri yaxşılaşdırıb və həmin ölkələrə prezident səviyyəli bir neçə səfər təşkil edib. Suriyada o, yalnız diplomat kimi xidmət etməyəcək, həm də çox güman ki, rəqib dəstə – İnqilab Keşikçiləri barədə prezidenti məlumat təmin edərək Ruhaninin gözü və qulağı olacaq.

    Səfir təyinatı müstəvisində Prezident Administrasiyası və “Sepah“ arasında Beynən-nəhreyndəki (İkiçayarasıtərc.) rəqabət özü-özlüyündə yenilik deyil. Cəfər Şirəli Nianın 2016-cı ildə işıq üzü görən monumental “Rəvayat-e əz zendegi va zamane-ye Ayətullah Əkbər Haşemi Rəfsəncani“ (“Ayətullah Əkbər Haşimi Rəfsəncani həyatı və dövrü“) kitabında Məsləhət Şurasının mərhum sədri açıq şəkildə şikayətlənir ki, “Qüds“ öz zabitlərini Yaxın Şərq regionunda səfir təyin etdirir və bu, onu fikrincə, “bizim diplomatiyaya mane olur“.

    Bu əsnada Ruhaninin Turkabadini Suriyaya səfir təyin etməsi taktiki qələbə kimi görünür. İranın ümumi xarici siyasəti ilə bağlı qərar qəbulunda Ruhani, yəqin ki, “Sepah“ı üstələyə bilmir, lakin strateji əhəmiyyətli səfir təyinatı ilə mübarizədə iştirak edərək missiyasının rəhbərliyinə öz adamını oturtmağı bacarıb.

    Tərcümə: Strateq.az