Ankara və Tehranın uzlaşdığı nöqtə: İransız Yaxın Şərq topal qalar – TƏHLİL

    3

    Ece Göksedef

    “Al-Jazeera“

    Yanvarın 20-də vəzifəsinin icrasına başlayan ABŞ prezidenti Donald Tramp Suriya və ümumən Yaxın Şərqdə daha fəal siyasət yürütməyə başlayıb. Prioritetin hələ də İŞİD-lə mübarizə olduğuna dair açıqlamalar gələrkən, ABŞ müharibənin əvvəlindən bu yana ilk dəfə aprelin 7-də Əsəd rejiminin obyektlərinə raket zərbələri endirib. Bunun ardınca Moskva və Vaşinqtondan qarşılıqlı sərt şərhlər eşidilir.

    Aprelin 12-də ABŞ-ın dövlət katibi Reks Tillerson Suriyada Rusiya ilə son illərdə ən böyük gərginliyin yaşandığı dövrdə Moskovada idi.

    Tillerson Moskvaya İran “Hizbullah“la etdiyi əməkdaşlığı bir daha düşünmək mesajını çatdırdı. Vaşinqtonun Suriyadakı əsl hədəfi İranın təsirinin qırılması, Rusiya ilə ortaq bir platformada Suriya mövzusunda əməkdaşlığa getmək və bu şəkildə İranı və Əsəd rejimini yalqız qoymaqdır.

    Rejimin İrandan aldığı dəstəkdən və “Hizbullah“ın da bunun sayəsində güclənməsindən narahat olan Tramp administrasiyası Rusiyanın Suriyada əhəmiyyətli bir aktyor olmasına qarşı çıxmır.

    “İransız həll topal qalar“

    Eyni günlərdə xarici işlər naziri Mövlud Çavuşoğlu Suriya ilə bağlı sıx bir telefon trafikini icra edib. Bu yöndə danışıqlar apardığı son iki şəxs rusiyalı vəzifədaşıSergey Lavrov və iranlı Cavad Zərif olub.

    Danışıqları izləyən türk rəsmilərinin “Al Jazeera“ya verdiyi məlumata görə, Ankara, Trampın Suriya rejimini ilk dəfə hədəf almasının ardınca Əsədsiz Suriyaya doğru keçid müddəti üçün Vaşinqtonla sıx şəkildə işə başlayıb. Keçid prosesi və ondan sonra Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyi də vurğulanır.

    Ancaq Ankara bunun üçün Astana prosesinin davam etdirilməsinə və İranın da müzakirələrdən kənarda qalmamasına tərəfdarıdır.

    Mövzunun həssaslığı ucbatından adının çəkilməsini istəməyən türkiyəli diplomatik qaynaqlar “İransız həll topal qalar“ ifadəsini işlədir. “Rusiyanın maddi gücü varsa, İranın da bundan daha təsirli olan insan gücü var. Yeni “dəyirmi masa“ qurub müddəti başladığımızda, Suriya üzərində ciddi təsiri olan İran orada olmazsa, masa topal olar“, – deyən qaynaqlara görə şiddətin dayanması üçün əvvəlcə İranın razılığı lazımdır.

    “ABŞ əvvəl bizə PYD siyasətini bildirsin“

    Ankara İranın masada qalması üçün diplomatik səylər icra edərkən, ABŞ-ın müdafiə naziri Ceyms Mettis Körfəz ölkələrilə İranın gücünü qırmağa istiqamətli addımlar atır.

    Yenə eyni günlərdə Tillerson Vaşinqtonun İrana yönəlik siyasətini dəyişəcəyini, İranın ABŞ-ın maraqlarına ziddiyyət təşkil edən Suriya, İraq, Yəmən və Livan başda olmaqla bölgədəki siyasətini da nəzərdən keçirəcəyini açıqlayıb. Amerikalı dövlət katibi açıqlamasında “Əhatəli bir İran siyasəti İranın təşkil etdiyi bütün təhlükələri nəzərə alacaq. Məlumdur ki, bu təhlükələr də xeyli çoxdur“ – ifadələrini işlədib.

    Vaşinqtonun bu sərt yanaşmasını xatırladıb, Tramp administrasiyasının İranın masada qalması məsələsində necə razı salınacağını soruşduqda, yüksək mənsəbli bir türk diplomatı bu cavabı verir: “Əvvəlcə ABŞ bizə PYD siyasətini izah etsin. Raqqa əməliyyatını PYD ilə edəcəkləri aydın görünür. Suriyadakı İran təsirinin qırılması ilə məşğul olarkən, Raqqadaki sünni-ərəb əhalisini PYD ilə əvəz edəcəklər. ABŞ onun istədiyi xəttə yönəltmək üçün Rusiyanın Suriyadakı gücünü tarazlamağa çalışır. Buna görə də, Rusiyanın gücünə qarşı PYD üzərindən oynayır. Rusiya da PYD kartını itirmək istəmir və bu qrupla eşqbazlıq edir“.

    “Sərhədimizdə bizə düşmən olan İran görmək istəmirik“

    “Əlbəttə ki, bu güclərlə əməkdaşlığı davam etdirəcəyik. Ancaq bütün bunlar varkən, milli maraqlarımızı, sabitliyimizi düşünmək və qorumaq lazımdır. Buna görə də, yaxın gələcəkdə sual doğursa da, bu güclərin yanında, bölgədə gücü və təsiri olan qonşularımızla yaxın təması davam etdirmək məcburiyyətindəyik. Bölgənin təhlükəsizliyi ancaq bu şəkildə təmin oluna bilər, onları öz ixtiyarına verə bilmərik.

    İdarə edilə bilməyən güc – güc deyil. İran, Suriya sahəsində rejimdən sonra maddi və insani olaraq ən çox itki verən ölkə oldu. Yenə də bundan çəkilmir. Çünki təsirini artırmaq istəyir, bunu da hərbi öhdəlik altına girən mülki və yerli ünsürlər vasitəsilə davam etdirir. Biz də bu fəaliyyəti bildiyimiz üçün bu müddətdə Tehranın masadan kənarda qoymamağı düşünürük. İrana da əlindən gələni etməsinin lazım olduğunu söyləyirik. Vaşinqtonun, Moskvanın fəal olaraq iştirak etdiyi bu prosesin sonunda bölgədə, sərhədlərimizdə bizə düşmən olan İran görmək istəmirik. İran kimi güclü bir diplomatiya ənənəsi olan qonşumuzun simasında özümüzə düşmən qazanmaq bir şey, tərəfsiz qazanmaq başqa şeydir“.

    Ərdoğanın İrana yönəlik açıqlamaları 

    İran, İraq və Suriya üzrə çalışan diplomatik qaynaqlar, Ərdoğanın son dövrdə “Fars şovinizmi“ deyərək İrana yönəlik sərt bəyanatları ilə bağlı bunları deyib: “Bu bəyanatlar daha çox İraqda mənfi təsirini göstərir. Çünki İraq üçün qurulmuş bir mexanizm yoxdur. Amma Suriya elə deyil. Rusiyanın da daxil olduğu üçlü mexanizm qurulub. Çox güclü şəkildə işləyən bu təmas xətti siyasətçilərin bu tərz şərhlərindən təsirlənmir. Biz Suriyada Rusiya və İranı içinə alacaq şəkildə yüksək səviyyəli diplomatik danışıqları davam etdiririk“.

    Ərdoğan aprelin 19-da “Al Jazeera“ya verdiyi müsahibədə “Görürsünüz, İranın fars şovinizmi anlayışı son zamanlarda xeyli baş ağrıtmağa başladı. Məsələn, bu, İraqda İŞİD-lə mübarizədə gözə çarpan şeydir“ demişdi.

    Uçuşa qadağan bölgə gündəmdədir

    Ərdoğan rus və amerikalı liderlərlə may ayında görüşəcək. Son dəfə martın 10-da Moskvada bir araya gələn Ərdoğan və Putin mayın 3-də Soçidə yenidən görüşəcək.

    Türkiyə prezidenti Putinlə görüşündən iki həftə sonra, mayın 16-17-də Vaşinqtonda Trampla bir araya gələcək. Bu, Tramp prezident olduqdan sonra Ərdoğanla ilk üz-üzə görüş olacaq.

    Bu görüşlərdə də Suriyanın ərazi bütövlüyü və PYD ilə əməkdaşlıq gündəmə gələcək. Xüsusilə ABŞ və Rusiyanın uçuşa qadağan bölgə mövzusundakı uzlaşma səyini Ankara yaxından təqib edir. Çünki Trampın təhlükəsiz zonalar fikrinə Moskva dəstək verir, ancaq bir şərtlə: rejimlə əməkdaşlıq edilməsi.

    Tillersonun Moskva səfərindən sonra Suriya mövzusunda əməkdaşlığa davam edəcəyini açıqlayan ABŞ və Rusiyanın uçuşa qadağan bölgə mövzusunda razılığa gəlməsi vəziyyətində, Ankaranın ciddi bir qayğısı var: uçuşa qadağan bölgənin Suriyanın şimalındakı bütün bölgələrdə elan edilməsi.

    “Al Jazeera“ya danışan türk diplomatlar PYD-nin kantonlarını da əhatə edəcəyi üçün bunun məqbul olmadığını söyləyirlər. Belə bir uçuşa qadağan bölgənin ölkənin ərazi bütövlüyünü təhlükəyə atacağı iddia olunur.

    Tərcümə: Strateq.az