Ruhaninin ən güclü rəqibi kim olacaq: “Qorxulu Tehran“da oturan bələdiyyə sədri, yoxsa sirli Məşhəddən gələn seyid?! – TƏHLİL

    6

    Bu ilin may ayının 19-na təyin olunmuş İrandakı prezident seçkiləri, ənənəyə uyğun olaraq, həm ölkə daxilində, həm də xaricdə diqqətlə izlənilməkdədir. Üç həftədən az zaman qalsa da, İrandakı seçkilərlə bağlı xüsusiyyətlərinə və özünəməxsusluğuna görə olduqca qısa olan seçkiqabağı kampaniya hələ yeni başlayır.

    İslam Respublikasının siyasi sistemini öyrənən bir sıra araşdırmaçılar kampaniya müddətinin qısalığını dini-siyasi elitanın seçkini mümkün olduğu qədər dar siyasi çərçivəyə salmaq marağı və xoşagəlməz proseslərin asanlıqla idarə olunması istəyi ilə izah edirlər. Amma bu fikirlər gerçəkliyi tam əks etdirmir.

    Əslində İranın siyasi sistemində əhəmiyyətli iki siyasi aktor olan mühafizəkarlarislahatçılar, eyni zamanda onlara qoşulan və yenicə formalaşmağa başlayan, şərti olaraq modernistlər adlandıra biləcəyimiz üçünçü qüvvə hələ keçənilki parlament seçkilərindən dərhal sonra prezident seçkilərinə hazırlaşmağa başlamışdılar.

    İndiki mərhələdə isə sırf hüquqi prosedurlar həyata keçirilir. “Vilayət-e fəqih“deyilən, mahiyyət etibarı ilə teokratik bir sistemlə ənənəvi demokratik sistemlərin sintezindən əmələ gələn İran siyasi sistemində seçki institutunun olduqca maraqlı bir yeri olduğu faktını nəzərə alsaq, sonradan qeyd edəcəyimiz bəzi anlayışların(məsələn, sağ-sol, mühafizəkar-islahatçılar və s.) ənənəvi terminləri, standartları və meyarları aşdığını yaddan çıxarmamalıyıq.

    Əsas və texniki namizədlər

    Aprelin 20-də İranın Konstitusiyaya Nəzarət Şurası (Şura-ye Negahban-e Qanun-e Əssasi) seçkilərə qatılmaq istəyən bir çox namizəd arasından 6 siyasətçinin namizədliyini təsdiqləyərək, onları seçkinin sonuncu mərhələsinə buraxıb. Bunlar hazırkı prezident Həsən Ruhani, Məşhəddəki Astan-e Quds-e Rezavi fondunun rəhbəri İbrahim Rəisi, Tehran Bələdiyyəsinin sədri MəhəmmədBaqir Qalibaf, hazırkı birinci-vitse prezident İshaq Cahangiri, 90-cı illərdə ölkənin mədəniyyət naziri olmuş Mustafa Mirsəlim və nəhayət, yenə də digər bir sabiq vitse-prezident və nazir olan Mustafa Haşimitəbadır.

    Seçkilərin son fazasına buraxılan bu altı namizədin üçü islahatçıları (Ruhani, Cahangiri və Haşimitəba), digər yarısı isə mühafizəkarlar (Rəis, Qalibaf və Mirsəlim) düşərgəni tənsil etməkdədir. Bu mənada Nəzarət Şurasının İranın siyasi həyatında əks güclər və balanslaşdırma (“checks and balances system“) siyasətini bu dəfə də davam etdirməklə, ənənəvi tarazlaşdırma siyasətinə sadiq qalmağa çalışdığı görünməkdədir.

    Təbii ki, bu namizədlərin hər biri seçkidə qələbə qazanacaqları ümidi ilə iştirak edəcək qədər sadəlövh də deyillər. Ona görə də, Cahangiri, Haşimitəba və Mirsəlimin bu seçkilərdə sırf texniki namizədlər olduğunu söyləmək olar. Faktiki olaraq, Cahangiri elə Ruhani deməkdir və bəlkə də o, forsmajor hadisə üçün islahatçıların ehtiyat namizədidir. Cahangirinin siyasi çəkisini və idarəetmədəki rolunu, həmçinin siyasi keçmişini nəzərə alsaq, onun bu rolu üzərinə götürə biləcəyi məntiqlidir. Bununla belə, seçki kampaniyasının gedişində onun Ruhaninin lehinə olaraq namizədliyini geri çəkməsi ehtimalı olduqca böyükdür və çox guman ki, belə də olacaq.

    İslahatçıların digər namizədi olan Mustafa Haşimitəbanın da sırf texniki namizəd kimi çıxış etdiyini qeyd etmək olar. Prezident Xatəminin islahatçı administrasiyasında vəzifə tutan Haşimitəba Karqozaran (İranın Qurucu İcraçıları) Partiyası tərəfindən müdafiə olunur. Maraqlıdır ki, Karqozaran Partiyası Haşimitəba ilə yanaşı, özünün həmtəsisçilərindən biri olan Cahangirinin də namizədliyini müdafiə edir, yəni faktiki olaraq bir partiya seçkidə iki namizdi ilə çıxış edir. İranın siyasi sistemi ilə tanış olmayanlar üçün nonsens sayılacaq bu fakt əslində olduqca qapalı və siyasi partiyaların bir qədər fərqli təşkilatlandığı İran cəmiyyəti və siyasəti üçün normal haldır.

    Yuxarıda sadaladığımız “texniki namizəd” fikrində şübhələr ondadır ki, Karqozaran Partiyası İslahatçı Qüvvələrin Koordinasiya Şurasına daxil olaraq, orda Həsən Ruhaninin Modernləşmə və İnkişaf Partiyası ilə eyni cəbhədə birləşirlər.

    Mühafizəkarlarda lider problemi

    İslahatçılardakı vəziyyət, demək olar ki, eyni ilə mühafizəkar düşərgəsində müşahidə olunmaqdadır. Lakin əgər islahatçılar düşərgəsində ikinci prezident müddətinə iddia edən Ruhaninin liderliyi bir aksiomdursa, eyni fikri mühafizəkarların lideri İbrahim Rəisi haqqında söyləmək qətiyyən düzgün olmazdı. Düzdür, mühafizəkarların namizədləri arasında texniki sayıla biləcək siyasətçi var, amma lider yoxdur. Texniki namizəd kimi bu dəfə Mustafa Mirsəlim çıxış edir. Mühafizəkar düşərgəsində ultra-sağ adlandıra biləcəyimiz  İslam Koalisiyası Partiyasının təmsilçisi olan Mustafa Mirsəlimin bu seçkilərdə mühafizəkarlara faydası olduqca şübhəlidir, əksinə onun 90-cı illərdəki mədəniyyət naziri olduğu zaman həyata keçirdiyi sərt siyasi xətt seçicini qorxudan amillər ola bilər. 

    Ölkə səviyyəsində son ciddi seçki uğurlarını 2012-ci ildə qazanan mühafizəkarların o zamandan bu günədək keçirilmiş bütün seçkilərdə məğlub olmaları bir sıra proseslərin, o cümlədən də cəmiyyət tərəfindən qəbul olunacaq liderlərinin olmaması problemiylə əlaqələndirilir.  2016-cı ildə  həm parlament, həm də Ekspertlər Assambleyasına (Məclis-e Xonbreqan) keçirilmiş seçkilərdə növbəti məğlubiyyətləri artıq onlar üçün bir həyəcan siqnalı oldu.

    Nə qədər qəribə olsa da, mühafizəkarlar əsasən onların islahatçı opponentlərinin yararlandıqları seçki metodlarından istifadə edərək növbəti prezident seçkilərinə hazırlığa bir neçə ay öncədən başladılar. Faktiki olaraq, bu müddət ərzində İran mühafizəkarları vahid namizədlərini müəyyən etmək üçün onlar üçün ənənəvi olmayan, əksinə, Qərb seçki modeli olaraq qəbul edilən praymerizdən yararlandılar. 25 dekabr 2016-cı ildə təsis edilən və İran siyasi arenasında, demək olar ki, bütün mühafizəkar partiyaları və digər qrupları özündə birləşdirən İslam İnqilabi Qüvvələrinin Xalq Cəbhəsi çətiri atlında yanvar-aprel aylarında keçirilmiş iki praymerizin nəticəsinə görə İbrahim Rəisi qalib gələrək, vahid namizəd kimi irəli sürülmüşdü.

    Maraqlı məqam isə mühafizəkarların mərkəzə doğru olan hissəsinin, mülayim konservatorlarının namizədi – həmin praymerizdə 3-4-cü yerlərdə qərarlaşmışTehran şəhər Bələdiyyə sədri Məhəmməd Baqir Qalibafın da prezident seçkilərinə namizəd kimi iştirak etməsidir. Burdakı bir fərq ondan ibarətdir ki, əgər İbrahim Rəisi formal olaraq mühafizəkarların vahid namizədi və dini dairələrdə nüfuzlu Mübariz Ruhanilər Assosiasiyasının namizədi kimi qarşılanırsa, Qalibaf da bir neçə seçki kampaniyasında uğurla istifadə etdiyi və ona siyasi cəhətdən bağlıİran Xalqının İnkişaf və Ədalət Cəmiyyəti adlanan partiya tərəfindən ciddi dəstək ala biləcək fiqur kimi qəbul edilir.

    İran siyasi həyatında təsadüflər yoxdur – Keçmiş Baş prokurorun debütü necə olacaq?

    İlk baxışdan mühafizəkarların iki eyni çəkili fiqurla seçkiyə qatılmaları onların zəifliyi kimi görünür. Həqiqətən də, qeyd olunduğu kimi, formal olaraq“İslahatçıların uğurlarına son qoyacaq vahid namizəd kimi irəli sürülən Rəisi üçün Qalibaf problemini yaratmaq nə qədər məntiqlidir?” – sualı təbii görünər. Nəzarət Şurasını kontrol edən, Ali dini rəhbərə yaxın olan dini-siyasi elitanın bir qayda olaraq mühafizəkarlara rəğbətini nəzərə alsaq, ““Rəisi-Qalibaf problemi”ni namizədlərin qeydiyyatı mərhələsində çözə biləcəyi halda nədən indiki vəziyyətin yaranmasına izin verildi?” – sualı da eyni məntiqdən irəli gəlir.

    İran siyasi həyatı təsadüfləri tanımır və incə gedişlərlə problemləri həlletmə bacarığını elə keçmiş prezident Əhmədinecadın yenidən namizədliyinin irəli sürülməsi zamanı necə neytrallaşdırıldığı misalı buna bir örnəkdir.

    Bütün konspiroloji ehtimalları bir tərəfə qoyaraq, Rəisi və Qalibafın üstün və zəif cəhətlərini müqaisə etdikdə, bu iki siyasətçinin bir-birini necə tamamladıqlarını görmək mümkündür.

    ““

    İbrahim Rəisi

    Sırf ruhani təhsil alan və seyid nəslindən olan Rəisi uzun müddət şəriətin hüquq sistemində mühüm yeri olan İranın prokururluq və məhkəmə orqanlarında fəaliyyət göstərərək, 2014-2016-cı illdərdə Baş prokuror olub.Rəisi Baş prokuror vəzifəsindən istefaya gedəndən sonra islam respublikasının sosial-iqtisadi və siyasi həyatında əhəmiyyətli yeri və xüsusi rolu olan ən iri fondlar siyahısında ikinci olan Astan-e Quds-e Rezavi Fonduna sədr olaraq təyin edilib. İran reallığında bu ciddi iqtisadi, siyasi, dini güc rıçaqlarına malik təşkilatlar – bonyadlar, eyni zamanda iyerarxiyada yüksək statusun göstəricisi kimi qəbul olunmaqdadır.

    Setad təşkilatından və Müstəzəfan fondundan sonra, İrandakı Astan fondu faktiki olaraq Xorasan kimi bölgədə mütləq, digərlərində isə əhəmiyyətli nüfuz deməkdir.İllik olaraq 200 mln. dolardan çox gəliri olan Astan fondu, eyni zamanda iqtisadi, sosial yatırımları ilə cəmiyyətdəki nüfuzunu artırır.

    Bu fondların rejimin əsas qoruyucusu olan Sepah və onunla bağlı qurumlara yaxın olması, dəstəklənməsi, dolayısı olaraq əlavə inzibati resurslara çıxış imkanı yaradır.

    Bununla belə, Rəisinin tam olaraq siyasi karyerası haqqında danışmaq düzgün olmazdı, o daha çox  bürokrat və ruhani kimi qəbul olunur. Onun ciddi seçki təcrübəsinin olmaması (Ekspertlər Məclisinə – Xobreğana seçilməsi istisna olmaqla) qarşıdakı seçki kampaniyasında zəif tərəfi olacaq. Əgər bütün bunlara Rəisinin konkret seçki proqramının olmamasını da əlavə etsək, o zaman onun iqstisadi platformasının populist fikirlərdən və ali dini rəhbər Əli Xameneinin “Mücadilə iqstisadiyyatı” çağırışının qarışığından ibarət olduğunu söyləmək olar. Bu isə faktiki olaraq liberallaşma və dövlətsizləşməyə qarşı olduğunun göstəricisidir. Hələ ki, Rəisinin korrupsiyaya qarşı mübarizə, iş yerlərinin yaradılması və aşağı gəlirli təbəqəyə dövlətin xəzinəsindən yardım haqqında fikirlər üzərində kampaniyasını apardığı müşahidə edilir.

    Məhəmməd Baqir Qalibaf kimdir?

    Rəsininin kölgəsində qalması görüntüsü, mühafizəkar düşərgənin digər təmsilçisi olan Qalibafın bu yarışda ciddi olaraq qəbul edilməməsi real vəziyyətlə deyil, əslində seçki stereotipləri və bəzi analitiklərin bəsitləşdirmə meyilləri ilə əlaqəlidir. Yuxarıda qeyd etdiyimiz kimi, Qalibaf texniki namizəd deyil. Ama bu, o demək deyil ki, o, taktiki namizəd kimi uzun bir prosesesin əsas fiquru olaraq çıxış etməyəcək. “Məhəmməd Baqir Qalibaf kimdir ?” – sualı, onun keçmişinə və siyasi karyerasına baxış, prezidentliyə bu namizədin ciddi potensialının olduğunu ortaya qoyur.

    ““

    Məhəmməd Baqir Qalibaf

    İslam inqilabından sonrakı ikinci nəsil İran siyasətçilərindən olan Qalibafın bu ölkə üçün, xüsusilə də dini-siyasi dairələrdə ideal sayıla biləcək siyasi keçmişi var. Gənclik dövründə İran-İraq müharibəsi zamanı İslam İnqilabının Mühafizə Korpusunun (Sepah) xüsusi təyinatlı hissələrində döyüş təcrübəsi keçən Qalibaf Sepaha yaxın olan “Hatəmi-Ənbiya“ şirkətində idarəedici direktor, sonra Sepahın Hərbi-Hava Qüvvələrinin komandanı və İranın Polis Qüvvələrinin rəhbəri kimi önəmli vəzifələr tutub. Göründüyü kimi, Qalibafın karyerasının bu mərhələsində mühafizəkarların ideoloji institutu və rejimin dayağı kimi qəbul olunan Sepahla əlaqəli olması və yüksək vəzifələrə çəkilməsi ona etibar və inamın bir göstəricisidir.

    2005-ci ildə Qalibaf bütün bu karyerasına son qoyaraq siyasətə qatıldığını bəyan etməsi təsadüfləri tanımayan İran siyasi həyatında hiss edilməyə bilməzdi. Onun 2005-ci ildə keçirilən prezident seçkilərinə qatılaraq, Əhmədinejad üçün mühafizəkar alternativ kimi qəbul olunması da, heç şübhəsiz ki, Ali dini liderə yaxınlığı ilə əlaqədardır. İlk seçkisi olmasına baxmayaraq, uğurlu kampaniya apararaq Qalibaf birinci turda 4 milyondan çox seçicinin səsini toplamış və 4-cü ola bilmişdi.

    Bu nəticənin əhəmiyyəti həm də ondan ibarət idi ki, Qalibaf Əli Laricani kimi İran siyasətinin, onun mühafizəkar qanadının nüfuzlu siyasətçisini bir neçə dəfə qabaqlamış, Xorasan əyalətlərində isə ümumiyyətlə,  birinci nəticə göstərmişdir. İstənilən siyasətçi üçün belə nəticə uğuruydu və gənc, siyasətə yenicə gəlmiş birisi üçünsə ikiqat uğur idi.

    Onu da qeyd etmək lazımdır ki, məhz Qalibafın səsləri ikinci turda mühafizəkarların namizədi olan Əhmədinejada olduqca yararlı oldu və Rəfsəncaninin yenməyə imkan yaratdı.

    2005-ci ildə Tehran bələdiyyəsinin sədri seçilməsi də Qalibafın prezident seçkilərində əldə etdiyi siyasi kapitalın nəticəsi sayıla bilər. Dünyanın ən iri meqapolislərindən olan Tehranın İranın siyasi, iqtisadi və sosial həyatındakı mühüm əhəmiyyətini nəzərə alanda, bu təyinatın Qalibafın sonrakı siyasi iddialarının təmin edilməsində necə bir tramplin olacağı diqqətdən qaçmamalıdır.

    Üstəlik, Əhmədinejadın prezidentliyinin də Tehrandakı bələdiyyə sədrliyi ilə başladığını xatırlasaq, İranın əhalisinin ⅕-nin, iqtisadiyyatının ¼-nin, sənayesinin ⅓-nin cəmləşdiyi meqapolisə rəhbərliyin nə kimi ciddi siyasi imkanlar yaratdığını göz önünə gətirir.

    Bu mənada Əhmədinejadın Tehrandakı uğuru hər zaman mühafizəkarlar üçün sürpriz yarda biləcək ölkənin ən modern toplumunun rəyinin dəyişməsində mühüm amil ola bilərdi. Ona görə də artıq prezident kürsüsünə keçmiş merin antikorrupsiya, minimalizm siyasətini Qalibaf davam etdirməli idi…

    Qeyd etmək lazımdır ki, yüksək siyasətə paytaxt bələdiyyəsinə rəhbərlik edərək gəlmək, bir növ, yerli özünüidarəetmənin “siyasi məktəb” rolu oynaması tək İranda özünü biruzə verməyib. Jak Şirakın Parisdə, Rəcəb Tayib Ərdoğanın İstanbulda, hətta keçmiş qonşu sovet respublikası olan Gürcüstanda Mixeil Saakaşvilinin Tiflisdəki bələdiyyə sədri karyerasındakı uğurlarının davamı olaraq ölkənin idarəetməsində göstərdikləri nəticə İranda da Əhmədinecatın timsalında reallaşmışdır…

    Bu ənənənin, həm də Tehran kimi strateji məntəqədə davam etdirilməsi 2005-ci ildən bəri Qalibafın adı ilə bağlıdır. Ədalət naminə deməliyik ki, onun bu sahədə müəyyən uğurları olub, sonrakı yerli seçkilərdə mühafizəkarlar tərəfindən Tehran Şəhər Məclisində üstünlük qazanması da məhz bunun bir göstəricisi sayıla bilər.

    2009-cu ildəki problemli prezident seçkilərinə qatılmayaraq, Qalibaf siyasi güc toplayaraq,  2013-cü ildə növbəti dəfə döyüşə atıldı. Bu dəfə o, populyarlığının pik nöqtəsində olan Həsən Ruhani ilə mübarizədə məğlub olsa da, 6 milyon səs toplayaraq ikinci yerdə qərarlaşdı. Tarix yenidən təkrarlandı: bu dəfə də Qalibaf Əli Əkbər Vilayəti (keçmiş XİN rəhbəri, Ali Dini Liderin müşaviri), Möhsin Rezayi(Sepahın keçmiş komandanı) və Səid Cəlili (İranın Ali Milli Təhlükəsizlik Şurasının keçmiş sədri) kimi mühafizəkarların ağır fiqurları olaraq tanınmış oponentlərini arxada buraxa bildi, Ruhanini Xorasan və bəzi digər məntəqələrdə üstələyərək islahatçıların total qələbəsinə imkan vermədi…

    İndi belə bir nəticə göstərən, eyni zamanda ciddi siyasi iddiası, mühüm administrativ resurslara malik və kifayət qədər elektoral bazası olan bir siyasətçinin texniki namizəd ola bilməsi məntiqli görünmür. Məhz bu kapitalla Qalibaf üçüncü dəfə prezident seçkilərinə qatılaraq qələbə qazanmağa çalışacaqdır.

    Qalibafın seçki kampaniyasının Rəisiyə görə daha canlı, məntiqli və ardıcıllığı ilə seçildiyi göz qabağındadır. Onu seçkidə müdafiə edəcək siyasi partıyası, ölkənin içtimai rəyinə təsir baxımından populyar “Həmşəhri“ qəzeti var, namizədin özü isə ciddi olaraq sosial şəbəkələrdə və internetdə seçki kampaniyasını aparmaqdadır. Qalibafın proqramının analizi isə həm keyfiyyətcə, həm də təqdim edilmə formasına görə birbaş Rəsinin analoji sənədlərindən yüksəkdə olduğunu göstərir. Rəisinin iqtisadi populizminə Qalibaf düşünülmüş vergi islahatı, əlavə mənbələrin tapılması ilə yoxsulluğun azaldılması və yeni iş yerlərinin açılması planları, bunun üçün isə strateji xətt kimi milli gəlirin kəskin artırılması, bir sözlə, modernləşmə kimi ciddi sosial-iqtisadi proqramla cavab verir. Təbii ki, bu modernləşmə münbit xarici fonda həyata keçirildikdə uğurlu olacağı gerçəyi dolayısı ilə mülayim xarici siyasətin davam etdirilməsini labüd edəcək.

    Ruhaninin puç olan planları

    Bütün bunlarla yanaşı, Qalibafın, ya da əksinə Rəisinin rəqibi tamamilə başqa düşərgədədir. 2017-ci ilə Ruhani heç də əlverişli mühitdə daxil olmasa da, qələbəyə əsas namizəd  statusunu itirməyibr. 2013-cü ildəki qələbənin eyforiyası, sonradan isə Barak Obama administrasiyası ilə razılığa gələrək nüvə razılaşmasının imzalanması ilə əlçatmaz olan Ruhani höküməti bu uğurları real dividentlərə transformasiya etməkdə çətinlik çəkdi. Əsas uğursuzluq isə sosial-iqtisadi sahədə müşahidə olunur və bunun seçkiqabağı dövrə təsadüf etməsi əlavə problemlər yaratmaqdadır.

    ““

    Həsən Ruhani

     

    Gözlənilənlərin əksinə olaraq, xarici siyasətdəki normallaşma sanksiyaları tam olaraq aradan qaldırmadı, bu isə ciddi maliyyə resurslarına çıxış imkanlarını məhdudlaşdırmaqla, seçkiqabağı vədlərin yerinə yetirilməməsi problemini gətirdi.Əhəmiyyətli dərəcədə neftdən asılı olan İran iqtisadiyyatı sanksiyalardan qurtulsa da, neftin aşağı qiymətləri iqstisadiyatda ciddi artıma imkan vermədi.

    Digər tərəfdən isə, Ruhani hökümətinin liberal addımları, xüsusən də monetar siyasəti yoxsulluğun və işsizliyin səviyyəsini daha da kritik səviyyə gətirdi.Opponentləri hökümətin real sektora deyil, ikinci dərəcəli məsələlərə resurs xərclədiyinə görə tənqidlərini kəskinləşdirdilər. Bütün bunlar içtimai rəydə Həsən Ruhanin administrasiyası üçün olduqca təhlükəli nəticələnə biləcək dəyişiklik etdi.Bir il bundan öncə 67 faizli etimad reytinqinə malik olan prezidentin seçkiqabağı reytinqinin iki dəfədən çox aşağı düşməsi islahatçılar üçün psixoloji diskomfortdan daha ağır fəsadlar yarada bilər.

    Mühafizəkarların minimum məqsədi

    İstər İranın, istərsə də xarici KİV-lərin, beyin mərkəzlərinin yekdil rəyinə 19 mayda keçiriləcək seçkilərin iqtisadi, sosial tərəfi daha əhəmiyyətli olacaq. İran seçicisini işsizlik, xüsusilə gənclərin işsizliyi, bahalaşma, cəmiyyətdəki gəlir bərabərsizliyinin dərinləşməsi, həyat səviyyəsinin aşağı düşməsi kimi müxtəlif iqtisadi problemlər narahat etdiyindən, xarici siyasət və s. bu kimi mövzular üzərindən səs almaq cəhdləri bu dəfə gözlənilən effekti verməyəcək.

    Faktiki olaraq, seçkiyə bir neçə həftə qalmış şərti lövhədə üç fiqur son gedişlərini edərək, keyfiyyət üstünlüyü qazanmağa cəhd edəcəklər.

    Əvvəlki seçkilərlə müqayisədə, favoritin olmamasının seçkilərə intriqa qatacağını indidən proqnozlaşdırmaq mümkündür. Əgər seçkilərə qalan müddətdə mühafizəkarlar bu vəziyyətdən istifadə edərək sosial-iqtisadi sahədəki problemləri son dörd ilə cavabdeh olan Ruhani administrasiyasının üzərinə yükləyə bilərlərsə, o zaman İranın növbəti prezidentinin seçkisi tək turda həll olunmayacaq. Bəlkə də bu, mühafizəkarların minimum məqsədidir.  

    Prezident Ruhani üçün isə seçkiləri qazanmaq və daha 4 il davam etmək şansı tükənmiş deyil. Lakin onun qələbəsi əvvəlkitək mütləq yox, nisbi olacaq və bir növ,“Pir qələbəsi”ni xatırladacaq. Bu isə mürəkkəb siyasi sitemdə prezidentin nüfuzunu balanslaşdıracaq, digər institutlarla (Ali dini rəhbər və onun dəftərxanası, parlament, Sepah, Bunyadlar) hər bir mövzuda kompromisi zəruri edəcək, Ruhani və onun timsalındakı islahatçıları nəzarət altında saxlamağa yardım göstərəcək…

    İrandakı tarazlaşdırma və çəkindirmə sisteminin mahiyyəti də elə bundadır…

    Strateq.az