Fazil Mustafa: “ABŞ-ın, Fransanın təklifləri bizim üçün daha təhlükəlidir”

    6

    “Beynəlxalq Avrasiya Hərəkatının lideri, rus filosofu Aleksandr Duqinin Bakıdakı açıqlamaları mənə kifayət qədər pozitiv gəlməkdədir” bildirən millət vəkili  Fazil Musatafa “feysbuk” səhifəsində yazıb.

    “Xüsusilə də 5 rayonun dərhal qaytarılması, digər iki rayonun və Dağlıq Qarabağın da ən azı gələcəkdə qaytarılmasının mümkünlüyü, Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü bütün hallarda tanımasının vacibliyi kimi fikirlərin Rusiya ictimai rəyinə təsir göstərən bu şəxs tərəfindən səsləndirilməsi hər halda düşüncələrində müsbət dəyişikliklər olduğunu göstərir. Ötən gün onun əvvəllər səsləndirdiyi “Qarabağın qaytarılması istisnadır“ kimi bir mövqeyə Azərbaycanın maraqlarından çıxış edərək sərt münasibət bildirmişdik”. 

    “Qarabağın taleyində istəsək də, istəməsək də aparıcı sözə Rusiya sahibdir”

    Millət vəkilinin fikrincə, Rusiyada Azərbaycanla bağlı pozitiv düşünən insanların çox olması ümumi işimizin ancaq faydasına olardı: “Çünki Qarabağın taleyində istəsək də, istəməsək də aparıcı sözə bu dövlət sahibdir. Bir çox hallarda ABŞ-ın, Fransanın təklifləri bizim üçün daha təhlükəlidir. Gör, vəziyyət hara gəlib çıxıb ki, Fransa prezidentliyinə namizədlər açıq mətnlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini vəd olaraq səsləndirirlər. Orada sırf erməni diasporasının mövqeyindən Azərbaycana qarşı siyasət formalaşdırılır. Rusiyanın siyasəti isə özünün böyük dövlət və imperiya maraqlarından formalaşır. Bu səbəbdən də Rusiyada Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi üçün bütün vasitələrdən istifadə etməmiz lazımdır. Söhbət arzuladığımız nəticəni əldə etməkdən getmir, mövcud reallıqları müsbət istiqamətdə dəyişməkdən gedir”.

    Şamo, Hurriyyet.org