Sosial şəbəkədə intihar anonsu verən şəxsi polis xilas etdi – FOTO

    6

    Bakıda polis əməkdaşının ayıq-sayıqlığı, xidməti vəzifəsinə vicdanla və məsuliyyətlə yanaşması bir insan həyatının xilas edilməsi ilə nəticələnib.

    Hurriyyet.org xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Sabunçu qəsəbə sakini 38 yaşlı Şaiq İsgəndərov bir neçə gün bundan əvvəl sosial şəbəkələrdə öz fikirlərini paylaşaraq intihar etmək istədiyini bildirib. O, bu statusu yazandan sonra otağında özünə kəsici alətlə xəsarətlər yetirməyə başlayıb.

    Ş.İsgəndərov intihara cəhd şəkillərini sosial şəbəkələrdə paylaşandan sonra huşunu itirir. Bu zaman sosial şəbəkədə Şaiqi izləyənlərdən biri Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə zəng edərək Sabunçu qəsəbəsində ünvanı dəqiq məlum olmayan şəxsin feysbukda status yazaraq intihar etmək istədiyi barədə verdiyi məlumat ərazi üzrə Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə ötürülür. Bölmə əməkdaşları həmin şəxsin həyatını xilas etmək üçün təcili axtarışlara başlayır.

    Bölmə əməkdaşları intihar etmək istəyən şəxslə əlaqə saxlayan zaman o, yaşadığı evin ünvanını bilərəkdən səhv deməklə yanaşı, mənzilin giriş qapısının rəngini də olduğu kimi deməyib. Bu səbəbdən polislər Ş.İsgəndərovun həyatını xilas etmək üçün həmin küçədəki bütün mənzillərin qapılarını döymək məcburiyyətində qalıblar. Hətta bəzi vətəndaşlar sosial şəbəkələrdə yazılan xəbərə bu cür operativ reaksiya göstərdiklərinə görə polisləri qınayıblar da. Amma ortada insan həyatı olduğundan bölmə əməkdaşları Ş.İsgəndərovun axtarışlarını sona qədər aparıblar. Ş.İsgəndərovla eyni mənzildə yaşayan qardaşı Vüqar İsgəndərov onun qonşu otaqda canına qəsd etdiyindən xəbərsiz olub. Hadisənin baş verdiyi evi ilk olaraq tapan və Ş.İsgəndərovun həyatını xilas edən şəxs isə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin təhqiqatçısı polis baş leytenantı Ələsgər Hüseynov olub.

    Hadisənin baş verdiyi mənzilin yerləşdiyi küçə darısqal olduğundan təcili yardım avtomobili həmin yerə daxil ola bilməyib. Bu səbəbdən polislər Ş.İsgəndərovun həyatını xilas etmək üçün onu təcili tibbi yardım avtomobilinə qədər əllərində aparmalı olublar.

    Ş.İsgəndərov paytaxt ərazisində yerləşən şirkətlərdən birinin əməkdaşıdır və o, kifayət qədər yüksək əmək haqqı alır. O, intihar etmək istəməsinin səbəbi kimi 90-cı illərin əvvəllərində Qarabağ müharibəsi zamanı şəhid olan qardaşının yoxluğu ilə hələ də barışa bilməməsini göstərib.

    ““““““