“Müavini Əli Abbasovun yerinə keçmək üçün 3 dəfə təxribat törətdi“ – Vidadi Zeynalovdan sensasion açıqlama

    6

    Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

    Hurriyyet.org xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov sərbəst ifadə verib. Qeyd edək ki, bütün təqsirləndirilən şəxslər ifadə versə də Vidadi Zeynalov sonda ifadə vermək istədiyini demişdi.

    54 səhifəlik sərbəst ifadə hazırlayan Vidadi Zeynalov əvvəlcə ifadə vermək istəmədiyini ancaq sonradan fikrini dəyişdiyini qeyd edib: “Ümimiyyətlə ifadə vermək istəmirdim. Çünki ifadə verənlərin dediklərindən, şahidlərin söylədiklərindən görünür ki, mən heç bir cinayət etməmişəm. İlkin ifadəmdə göstərdiyim kimi rəhbərliyin dediklərini etmişəm. Amma ictimaiyyətdə mən cinayətkar kimi göstərildim. Buna görə də ifadə verirəm ki, kimsə düşünməsin ki, mən qorxduğum üçün ifadə vermirəm. Səhhətimə görə ola bilsin ki, 50 səhifəlik çıxışı oxuya bilmədim. Çoxları mənim çıxışımı səbirsizıiklə gözləyirdi. Düşünürdülər ki, mən çox şey deyəcəm. Amma deməyəcəm. Qoy onlar bir ömür boyu vicdan əzabı çəksinlər“.

    V.Zeynalov məhkəmə istintaqı dövründə vəkillərinin vəsatətlərinin təmin edilməməsindən, Maliyyə Nazirliyinin işçilərinin dindirilməməsindən, ekspertlərə suallar verilməməsindən narazılığını bildirib:“Məhkəmədə bir az ədalət olsa 1+1-i 2 olaraq qeyd edəcək. Əgər etməyəcəksə, sağ olsunlar. Qoy əsl günahkarlar vicdan əzabı çəksinlər. Əsl günahkarların cəzalandırılmasına çox az qalıb. Mən və həbsxanda olan digər şəxslər də bu günü gözləyir“.

    İttihamı qəbul etmədiyini bildirən Zeynalov ifadəsinin davamına əlavə edib: “Nazirliyə tabe olan binalarda, ayrı-ayrı idarələrdə aparılan təmir tikinti işlərində iştirakım olmayıb. Həmçinin, materialların alınması işlərində iştirakım yoxdur. Məsul şəxs olmamışam, heç bir sənədin altında imzam yoxdur. Günahım odur ki, mənə əlavə tapşırıq veriləndə gərək qəbul etməyəydim“.

    V.Zeynalov çıxışında sabiq nazir Əli Abbasovun müavini olmuş İltimas Məmmədovun ünvanına sərt ittihamlar səsləndirib: “Sabiq nazir müavini İltimas Məmmədov bu işlərdə daha çox günahkardır. O, 3 dəfə beynəlxalq tədbirlərdə bilərəkdən təxribat törədərək Əli Abbasovun işdən çıxarılmasına nail olmaq istəyirdi. İltimas Məmmədov nazirin yerinə keçmək istəyirdi. O, niyə həbs edilmədi? Niyə ən azından obyektivlik naminə İltimas Məmmədov şahid kimi gətirilib dindirilmədi? Məhkəmə kimdən və niyə çəkinir? Mənə və qardaşıma vaxtilə deyilmişdi ki, bu ölkədən çıxıb gedək. Bizim ya çoban, ya da balıqçı olacağımızı, vaxt gələcək etdiklərimizə görə peşman olacağımızı deyirdilər. Amma biz bunlara əhəmiyyət vermədik. Mən əgər günahkar olsaydım əmlaklarımı ailə üzvlərimin, yaxınlarımın adına keçirməzdim. Başqaları kimi xaricə çıxarardım. İndi də imkan vermirlər ki, əmlaklarımı satıb dəymiş zərəri ödəyim. Məhkəmədən də xahiş edirik ki, ekspertlərin də müəyyən etdiyi məbləğlə əmlaklarımın satılmasına şərait yardılsın. Əgər buna da razı deyillərsə, indidən desinlər biz də müştəri axtarmayaq“.

    Vidadi Zeynalovun çıxışına müdaxilə edən vəkili Ceyhun Yusifov prosesin təxirə salınmasını məhkəmədən xahiş edib: “Hüquqlarını müdafiə etdiyim şəxsin vəziyyəti pisdir. Təzyiqi yüksəkdir. Xahiş edirik ki, proses təxirə salınsın. 54 səhifənin artıq 8-ni oxuyub“.

    Hakim isə bu etirazı qəbul etməyib və Vidadi Zeynalov çıxışına davam edib. Sabiq aparat rəhbəri məhkəmə istintaqının gedişatında çoxsaylı qayda pozuntularının olduğunu, vəsatətlərim təmin edilməməsinə narazılığını bir daha qeyd edib: “Ən azı ittihamda göstərilən qiymətlər dollarla olduğu halda manatla hesablandı. Bu da göstərilən məbləğin 25 faizə qədər şişməsinə səbəb oldu. Yoxlama aparanları yaxşı tanıyıram. İnanmıram ki, onlar bu ittiham aktında göstərilən məlumatları, məbləğləri, nöqsanları öz iradələri ilə yazıblar“.

    Vidadi Zeynalov ittihamda yazılan və mənimsənildiyi deyilən məbləğlərin dövlət əhəmiyyətli tədbirlən təşkilinə, nazirliyin səlahiyyətlərinə daxil olan işlərin görülməsinə xərcləndiyini deyib. Sabiq Aparat rəhbəri Maliyyə Nazirliyi və Vergilər Nazirliyi tərəfindən aparılan yoxlamaların qərəzli və tərtib edilən aktların əsassız olduğunu qeyd edib.

    Vidadi Zeynalov çıxışına davam edə bilmədiyini söyləyib: “Bu, mənə canımdan əziz deyil. Artıq yaxın məsafədən sizi belə, görə bilmirəm. Bədənim əsir. Bilmirəm, necə edək? Çıxışım hazırdı. Ya sizə verim, ya da başqası oxusun“.

    Hakim Əfqan Hacıyev bu səbəbdən məhkəməni mayın 10-dək təxirə salıb. /musavat.com/